sedanews.az
sedanews.az

Ermənistan növbəti kapitulyasiya aktı imzalaya bilər

10-11-2021, 12:56 295 dəfə baxılıb

Ermənistan növbəti kapitulyasiya aktı imzalaya bilər


Hər şey bir göz qırpımında başladı. Azərbaycan uzun illər beynəlxalq hüququn bütün normalarını pozaraq ərazilərini işğal etməklə yanaşı 30 ilə yaxın bir müddətdə həmin torpaqları talayıb, vandalizm əməlləri törədən, bir daşını daş üstə belə qoymayan Ermənistanın növbəti cəbhə boyu irimiqyaslı təxribatına daha səbr edə bilmədi.
Keçən ilin 27 sentyabr səhəri başlayan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində heç kimin, xüsusən də ən pessimist düşmənin belə ağlına gətirməyəcəyini reallaşdırdı - 30 illik işğala son qoyuldu, torpaqlar düşmən tapdağından azad edildi. 

Müharibənin taleyini həll edən əsas döyüş isə heç şübhəsiz ki, Şuşa uğrunda baş verən əlbəyaxa savaş oldu. Belə ki, Azərbaycan əsgəri Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad edərək düşmənə ən böyük kabusu yaşatdı. Məhz "alınmaz qala" adlandırılan Şuşanın fəthi Ermənistanı dərhal Azərbaycanın şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmaqla nəticələndi. Beləcə, Şuşanın azad edilməsindən cəmi bir gün sonra - noyabrın 9-dan 10-a keçən gecə Ermənistan rəhbərliyi kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Bu üçtərəfli noyabr bəyanatı ilə müharibənin aktiv fazası başa çatdı, postkonflikt mərhələsi ön plana çıxdı ki, bu zaman kəsiyi də ən azı müharibə qədər vacib və əhəmiyyətli idi. Çünki savaş meydanındakı qələbənin ardını gətirmək, 44 günlük müharibədəki Zəfəri taclandırmaq, hədəfə çatmaq üçün bu mərhələ olduqca həyati önəm daşıyırdı. 
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanat nəticəsində Ermənistanın məğlubiyyəti rəsmən elan edildi. Bu bəyanatda yer alan müddəalar da Azərbaycanın qalib, güclü, üstün tərəf olduğunu deməyə əsas verirdi. Bu bəyanatda ən diqqətçəkən məqamlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı bəndin yer alması oldu. Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan rəhbərliyi düşməni məcburiyyət qarşısında qoyub, Zəngəzur dəhlizinin açılması məsələsini də qəbul etdirəcək. Rəsmi Bakı buna məhz Ordusunun qəhrəmanlığı sayəsində nail oldu, onların cəsarəti imkan yaratdı ki, Ermənistan rəsmi Bakının digər şərtləri kimi yuxu kimi görünən Zəngəzurla bağlı istəyini də düşmən üzərində diqtə etdirsin. 
Beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın kapitulyasi aktı kimi qəbul edilən bu sənəddə ən diqqətçəkən növbəti məqam isə Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan razılaşdırılmış müddətdə əsl sahibinə təhvil verilməsi (Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib - red) məsələsi idi. Bu rayonların qeyd edildiyi kimi müharibəsiz Azərbaycana təhvil verilməsi heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, iradəsi nəticəsində mümkün oldu. Belə ki, Azərbaycan Prezidenti düşmən qarşısında bu şərtlə çıxış etməklə artıq hava şəraitinin dözülməz həddə çatdığı, qarlı, şaxtalı hava şəraitində təbii istehkam adlandırılan Kəlbəcər, Laçın kimi rayonlar uğrunda müharibənin qarşısını almaqla yüzlərlə, minlərlə Azərbaycan əsgərinin, vətən oğlunun ölümünü, daha neçə-neçə ailənin başsız, övladsız, gözüyaşlı qalmasının qarşısını almış oldu. Nəzərə alsaq ki, 30 il ərzində düşmənin daşı-daş üstə qoymadığı, hər qarışında mina basdırdığı, Qafqazın Xirosiması adlandırılan Ağdam uğrunda döyüşlər də ən azı Kəlbəcər və Laçın qədər ölüm-itimli olacaqdı, o zaman Azərbaycanın hansı miqyasda böyük işin öhdəsindən gəldiyini təsəvvür etmək elə də çətin deyil. 
Bu gün artıq həmin sənədlərin - Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar dayandırılıb. Bəyanatda qeyd edildiyi kimi Azərbaycan və Ermənistan arasında əsirlərin və cəsədlərin mübadiləsi həyata keçirilsə də, rəsmi İrəvan tərəfindən sərhədlərin delimitasiya və demarkasiya prosesi, eləcə də nəqliyyat kommunikasiyalarının bərpası məsələsi keçən 1 il ərzində hələ də özünün həllini tapmaqda gecikir. Lakin Azərbaycan Qarabağ məsələsində olduğu kimi Ermənistanın vaxt qazanmaq üçün qurduğu oyunlarına daha bir neçə il gözyummaq, güzəştə getmək fikrində deyil. 44 günlük müharibə ilə regionda reallığı xeyrinə dəyişən rəsmi Bakı postkonflikt mərhələsində də qarşı tərəfdən bir neçə baş üstün olduğunu hər məqamda isbat edir. Bu gün Azərbaycan istər iqtisadi gücü, istər Ordusu, istərsə də xalq, ordu, dövlət həmrəyliyi hesabında öhdəsindən gəlməyəcək bir mümkünsüz hesab edilən məsələ yoxdur. Bunu Ermənistan rəhbərliyi də, onun havadarları da yaxşı bilirlər. Onu da bilirlər ki, rəsmi Bakının diqtəsindən kənara çıxmaq İrəvan üçün II Qarabağ savaşından da ağır nəticələr hesabına başa gələ bilər. 
Son hadisələr - Ermənistanın da üzvü olduğu KTMT hərbi blokunun iki üzvü Belarus və Qırğızıstanın Azərbaycan xalqını Ermənistan üzərində qələbə münasibətilə təbrik etməsi Azərbaycanın doğru yolda olduğunu, rəsmi İrəvanın əlini zəiflətməkdə davam etdiyi növbəti dəfə təsdiq edir. Ermənistanın üzvü olduğu blokdakı tərəfdaşlarının Azərbaycana təbrik ünvanlaması Bakının haqq savaşını dəstəkləmək, ona verilən dəstəkdir ki, belə bir vəziyyətdə İrəvan nəyə ümid edə bilər?! Zaman təbii ki, Ermənistanın əleyhinə işləyir. İrəvan manipulyasiyalarla zaman qazanmağa cəhd edərkən, çəmbərin daraldığının fərqində deyil. 
Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd etdiyi kimi "hazırda" münaqişə bitib, indi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik. Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb.
Dövlət başçısı Bakı Forumunda bir daha açıq şəkildə bəyan etdi ki, "Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır.  Demək olar ki, bir ildir susurlar. Hesab etmirəm ki, hazırda onlar Azərbaycanın konstruktiv təklifinə qarşı çıxmaq mövqeyində deyillər". 
Lakin Ali Baş Komandanın Zəfər Gününü məhz Şuşada Şuşa fatehləri ilə qarşılaşması düşmənə veriləcək ən böyük mesaj oldu. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya baş tutan səfərini hər mənada tarixi, strateji bir səfər adlandırmaq olar. İlham Əliyevin Vətən müharibəsində qələbəmizdə əvəzedilməz paya sahib olan Şuşa Zəfərinin ildönümü münasibətilə məhz o torpağa ayaq basması xalqının və dövlətinin nüfuzunu bir daha Şuşa zirvəsinə qaldırdı və yenidən düşmənə, revanşist qüvvələrə, eləcə də Ermənistanın havadarlarına Qarabağ müharibəsinin tarixdə qaldığı mesajını verdi. Onun Ordusu önündə çıxışı isə düşmənə "biz hər an yeni savaşa hazırıq" xəbərdarlığı idi. Hər şeyi Azərbaycan xalqının, dövlətinin ən böyük rəqibi olan zaman göstərəcək... O zamanı isə artıq Ordumuz hesabına ram etməyi bacarmışıq. Hədəflər isə daha bir az zaman tələb edir.
Təhməz Əsədov
Milli.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA