sedanews.az
sedanews.az

Ermənistanın yeni Qarabağ PLANI - Bakıda SON QƏRAR hazırlığı

11-11-2021, 16:15 310 dəfə baxılıb

Ermənistanın yeni Qarabağ PLANI - Bakıda SON QƏRAR hazırlığı



Keçən ilin bu günləri Ermənistan tarixinin ən böyük məğlubiyyətini elan edən kapitulyasiya aktını imzaladı. Bu bəyanatla Ermənistan daha ağır məğlubiyyətdən yaxa qurtardı. Geridə qalan bir il ərzində yeni reallıqların yarandığı bölgədə gözlənilən və gözlənilməyən hadisələrin şahidi olduq.
Ermənistanda olduqca ağır olan iqtisadi, sosial durum 44 günlük müharibədən sonra daha da acınacaqlı həddə çatdı. Ağır məğlubiyyətin ağrı-acısından qurtulmaq üçün Nikol Paşinyan hakimiyyəti gözlənilənlərin əksinə olaraq 2020-ci ilin 10 noyabr gecəsində imzalanan üçtərəfli bəyanatın müddəalarını icra etmək əvəzinə bölgədə, Qarabağda baş verən proseslər ətrafında müxtəlif manipulyativ gedişlərlə vaxt udaraq Azərbaycandan revanş almaq arzusunu gerçəkləşdirmək tamahına heç cürə qalib gələ bilmir.
Ordusunun böyük əksəriyyəti II Qarabağ savaşı zamanı məhv edilən, hərbi texnikası darmadağın edilən Ermənistan rəhbərliyi yenidən, destruktiv, ikili oyunları ilə Bakını təxribata çəkmək yolunda cəhdlərini artırmağa başlayıb. Paşinyanın müharibədə ağır məğlubiyyətdə əsas günahkarlardan biri olmasına baxmayaraq parlament seçkilərində yenidən qalib gələrək ölkənin idarəçiliyini növbəti dəfə ələ keçirməsi keçmiş Qarabağ-klanının ümidlərinin üstündən xətt çəkməklə paralel, Paşinyanın manevr imkanlarını artırdı.
Son bir ayda Paşinyan və komandasından olan deputatların, siyasi şərhçilərin müxtəlif platformalar vasitəsilə etdikləri açıqlamalar Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılması və sərhədlərin delimitasiya, demarkasiya məsələsində maraqlı olduğunu göstərsə də, bunun fonunda atılan növbəti addımlar rəsmi İrəvanın növbəti dəfə Bakını təxribata çəkmək planından xəbər verir. Heç şübhəsiz ki, bu cür bəyanatlarla özünü dünya ictimiyyətinə kosntruktiv danışıqlara hazır, sülhpərvər göstərməyə çalışan Ermənistan rəhbərliyi Azərbaycanın səbrini daşıracağı halda alacağı cavabı özünə qarşı təcavüz, zorakılıq kimi nümayiş etdirmək məqsədi güdür. Bunu İrəvanın Bakıya qarşı növbəti təxribatı adlandırmaq olar.
Elə bu səbəbdən də Ermənistan tərəfi üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümü ərəfəsində Soçidə gözlənilən Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü ərəfəsində Kəlbəcər istiqamətində mülki texnikanın atəşə tutulması, Qaragöl ətrafında 60 nəfərlik hərbiçisi ilə Azərbaycan əsgərinə qarşı təxribat cəhdi azmış kimi bir də müdafiə nazirləri Arşak Karapetyan rus sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərinə qanunsuz səfər etdi. Bu təxribat Bakının səbrini daşıran son damla ola bilər. Karapetyanın sülhməramlı kontingentin blok-postlarından keçərək Qarabağa gəlişi adi, ani bir səfər deyil. Buradan da aydın olur ki, bu məsələdə Rusiya tərəfinin də öncədən məlumatı olub. Şübhəsiz ki, bu, Azərbaycanın müharibədə əldə etdiyi qələbənin ildönümünə kölgə salmaq üçün həyata keçirilmiş bir təxribatdan başqa bir şey deyil. Bu, açıq-aşkar Azərbaycana meydan oxumaq istəyi, bölgədə sülhə, sabitliyə qarşı çıxmaq, revanş hissindən əl çəkməməyi bəyan etmək deməkdir.
Üçtərəfli bəyanatda yazılır ki, Qarabağdakı qanunsuz erməni silahlıları çıxarılmalıdır: 1 il keçməsinə baxmayaraq bu bənd hələ də icra edilməyərək qalır. Hələ bu azmış kimi Ermənistan müdafiə nazirinin Rusiya sülhməramlılarının səlahiyyətindəki ərazilərə səfər edərək keçmiş qondarma rejimin əski parçası altında revanşist çıxışı, qanunsuz silahlı birləşmələrin fəaliyyəti, hazırlığı ilə tanış olması, onlara tapşırıqlar verməsi Bakının Moskvaya olan etimadını ciddi şəkildə zədələyə biləcək növbəti addım oldu.
Azərbaycan XİN-dən və Müdafiə Nazirliyindən səsləndirilən bəyanatlarda Arşak Karapetyanın qanunsuz Qarabağ səfəri ilə bağlı sülhməramlıların fəaliyyətinə hər hansı bir ünvanlanmış ifadənin yer almaması Bakının Rusiya tərəfinin qanunsuz davranışına göz yumması yox, Moskvaya mediaya məlum olmayan kanallar vasitəsilə xəbərdarlıqdan dolayı da ola bilər. Rəsmi Bakı bununla Azərbaycan ictimiyyətində Rusiyaya qarşı qıcığı daha da artıracaq hər hansı bir fikir səsləndirməməklə Moskvaya tez bir zamanda səhvini düzəltmək üçün bir fürsət verib. Çox güman ki, bu fürsətə məhz 10 noyabr bəyanatında nəzərdə tutulan kimi sərhədlərin delimitasiya və demarkasiyası məsələsi, eləcə də Zəngəzur dəhlizinin yaxın zamanda açılması üçün İrəvana təzyiqini artırmaqdan ibarət ola bilər.
Əks təqdirdə rəsmi Bakının artıq bəyanatlardan real əməllərə keçəcəyi istisna edilmir. Belə görünür ki, bıçaq sümüyə dirənməyə doğru gedir. Çünki artıq bu cür qanunsuz səfərlər, Bakıya qarşı təxribatlar neçənci dəfədir təkrarlanır. Azərbaycanın da səbri bir yerə qədərdir. Azərbaycan xalqı 44 günlük müharibədə olduğu kimi indi də dövlətinin, Ordusunun ətrafında bir yumruq kimi birləşib, real nəticəni gözləyir. Əks təqdirdə söz demək növbəsi növbəti dəfə Azərbaycan Ordusuna keçəcək ki, biz bunun ən bariz nümunəsini, Ermənistan üçün aqibətini cəmi 1 il əvvəl gördük, hələ də fəsadları göz önündədir.
Arşakın Qarabağ səfəri zamanı özünü qəhrəman kimi göstərməsi təbii ki, güc balansını, reallıqları dəyişməz. Amma Ermənistan tərəfi bilməlidir ki, üçtərəfli bəyanatı tanımayan, onun şərtlərinə əməl etməyən, Qarabağın Azərbaycana aid olduğunu qəbul etmək istəməyən, ərazi bütövlüyümüzə qarşı təhdidləri davam etdirən istənilən tərəf mütləq cəzlandırılacaq, layiq olduğu yer növbəti dəfə göstəriləcək. Azərbaycanın bunun üçün həm iqtisadi gücü, həmrəyliyi, həm də qüdrətli Ordusu var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA