Qundaqda yatan müharibə
Tətikdə bir neçə siyasi barmaq olsa da, atəş əmri verilməyib
Rusiya-Ukrayna arasında gərginlik səngimək bilmir. Tərəflər bir-birinə zidd açıqılamalar verir. Hər iki tərəfin səhəddə qoşun cəmləməsi, NATO-nun Balkan və Baltikyanı ölkələri yeni silahlarla təmin etməsi, o cümlədən Ukraynanın silah arsenalını genişləndirməsi, yaxın gələcəkdə iki ölkə arasındakı buzların əriməyəcəyindən xəbər verir. Həm Avropa ölkələri, həm də Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında eskolasiya riskini azaltmaq üçün diplomatik aktivliyi artırırlar. Tərəflərin ziddiyətli fikirləri isə yaranmış böhranı aradan qaldırmağa, məsələnin sülh yolu ilə həllinə kömək etmir. Elə, Amerika hökumətinin tələbi ilə BMT Təhlükəsizlik Şurasının, Ukraynanın təhlükəsizliyinə dair keçirdiyi iclası misal gətirək. İclas Rusiya və Amerika nümayəndələri arasında gərgin debatla yadda qalıb.
Amerika təmsilçisi Linda Tomas-Qrinfild Rusiyanın Ukrayna sərhədlərində topladığı hərbi gücü son onilliklər ərzində müşahidə olunan ən böyük səfərbərlik adlandırıb və Rusiyanı kiberhücumların sayını artırmaqda, dezinformasiya yaymaqda ittiham edib. “Həmkarlar, Avropada qarşılaşdığımız bu vəziyyət çox ciddi və təhlükəlidir. Ukrayna və BMT-nin hər bir üzvü üçün maraqlar bu qədər böyük olmamışdı. Rusiyanın hərəkətləri BMT nizamnaməsinin düz ürəyindən vurur” – deyə Tomas-Qrinfild bildirib. Rusiyanın TŞ-dəki nümayəndəsi Vasili Nebenziya müharibə təhlükəsi ilə bağlı müzakirələrin özünün təxribat olduğunu deyib. “Siz, demək olar ki, məhz buna çağırış edirsiniz. Bunun baş verməsini istəyirsiniz. Gözləyirsiniz ki, bu baş versin və sizin sözünüz gerçək olsun” deyə Nebenziya bildirib.
Amma Avropanın Almaniya, Fransa, İtaliya kimi söz sahibi olan ölkələri müharibə ssenarisini arzuolunmaz hesab edirlər. Yəni Birləşmiş Ştatlar Rusiyaya qarşı mövqeyində Avropadakı müttəfiqlərinə arxalana bilmir.
Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə gəlincə isə, bunun həm daxili, həm də xarici səbəbləri var. Rəsmi Kiyevin Donbası hərbi yolla azad edəcəyi ilə bağlı ehtimallar Moskva tərəfindən çox mənfi qarşılanır. Belə olacağı təqdirdə, Rusiya Donbasda olan hərbi qruplara hər cür yardım edəcəyini bəyan edir. Bu isə iki ölkə arasında olan müharibə ehtimalını artırır. Xarici səbəblərə gəlincə bu, NATO-nun genişlənmə planları ilə bağlıdır. NATO-nun Ukraynanı təşkilata qəbul etmək istəyi, Rusiyanı aqressiv davranmağa vadar edir. Ağ ev isə Rusiyanın bütün tələblərini rədd edir, amma bununla yanaşı, gərginliyi yatırmaq üçün diplomatiyanı davam etdirəcəyini bildirir. Bununla belə, Prezident Co Bayden Amerikanın baş verə biləcək istənilən ssenariyə hazır olduğunu da deyir.
Bu arada, Amerika hərbi qüvvələri Ukrayna hərbçilərinə Qara dənizdə təlimlər keçməyə başlayıb. Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının tağımları təlimlərə ölkənin cənubunda kompleks plana uyğun olaraq qatılıb. Təlimlərə Hərbi Hava Qüvvələri də cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.