Adını tarixə yazan igid– Milli Qəhrəman Niyazi Aslanov

25 dekabr 1960-cı ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində dünyaya gələn Niyazi Aslanov kiçik yaşlarından zəhmətkeş, vətənpərvər ruhda tərbiyə olunmuşdu. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vurmuş və ömrünü Vətəninə həsr etməyə qərar vermişdi.
1990-cı illərdə torpaqlarımızın işğala məruz qaldığı çətin zamanlarda Niyazi Aslanov silaha sarılıb ön cəbhəyə yollanır. Onun cəsarəti, liderlik keyfiyyətləri və qorxmazlığı döyüş yoldaşları arasında böyük nüfuz qazanmasına səbəb olur. Goranboy və Ağdərə istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq isə onu əbədi qəhrəmanlar sırasında ucaltdı.
1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərin birində Niyazi Aslanov şəhidlik zirvəsinə ucaldı. Onun qəhrəmanlığı və fədakarlığı dövlət tərəfindən yüksək qiymətləndirildi.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Niyazi Aslanova ölümündən sonra "Milli Qəhrəman” fəxri adı verildi.
O, doğulduğu kənddə — Qarasüleymanlıda dəfn olunub. Bu gün də onun adı və qəhrəmanlıq ruhu gənclərə nümunə kimi təqdim edilir. Məktəblər, küçələr və təhsil ocaqlarında adı yaşadılır, xatirəsi ehtiramla yad olunur.
Niyazi Aslanovun həyat yolu hər bir azərbaycanlı üçün əsl vətənpərvərlik məktəbidir. Onun kimi qəhrəmanlarımız olduğu üçün bu torpaq bizimdir, bu millət daim yaşayacaq! O, yalnız ailəsinin deyil, bütün Azərbaycanın fəxrinə çevrilmiş bir igiddir. Onun ruhu bu gün azad və müstəqil Azərbaycanın göylərində dolaşır, hər bir Vətən övladına güc, ruh verir.
Ruhun şad olsun!
Allah Rəhmət eləsin cəmi şəhidlərimizə.
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: