sedanews.az
sedanews.az

Ömrü Vətənlə nəfəs alan Milli Qəhrəman – şəhid Natiq Qasımov

2-01-2026, 13:00




  Bu gün, 2 yanvar, Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidi Natiq Qasımovun doğum günüdür.
Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.
  O, Vətənin çətin və taleyüklü zamanında silaha sarılaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılan mərd və qorxmaz igidlərdən biri idi.
Natiq Qasımov Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. 1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədən əsir alınmışdır.
 
   Natiq Qasımovun  döyüş yolu gənclərimiz üçün vətənpərvərlik nümunəsidir. Natiq Qasımov müharibənin qızğın çağlarında silaha sarılıb torpaqlarımızın müdafiəsinə qalxan yüzlərlə igidlərimizdən biri idi. Onun Vətənə olan sonsuz sevgisi, mübariz ruhu və qorxmazlığı döyüş meydanında parlaq şəkildə özünü göstərdi.
  O, təkcə ailəsinin deyil, bütöv bir xalqın fəxrinə çevrildi. Çünki o, canı bahasına azadlıq, torpaq, namus anlayışını qorudu. Şəhidliyə ucaldığı gün onun özü üçün son, xalq üçün isə əbədi qəhrəmanlıq simvoluna çevrildi.
   Natiq Qasımovun ruhu bu gün də Azərbaycan gəncliyinə vətənpərvərlik dərsi keçir. Onun kimi igidlərin əməyi sayəsində Azərbaycan torpağı düşmən tapdağından azad olundu və bu yolun əsası o illərdə qoyuldu.
  Natiq Qasımov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
  2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.
  Şəhid qəhrəman Natiq Qasımov Bakı şəhəri, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun məzarı və adı bu gün də xalqımızın qəlbində yaşayır.
  Natiq Qasımovun əziz xatirəsi daim yad ediləcək, Vətən üçün etdiyi fədakarlıq heç vaxt unudulmayacaq.  

   Allah rəhmət eləsin. Məkanı cənnət olsun!
    Sedanews.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA