sedanews.az
sedanews.az

"Uşağın Günahı Nədir?" – Azərbaycanda uşaq puluna ehtiyacın acı həqiqəti

6-01-2026, 15:18

   Uşaq, bir millətin sabahıdır. Onun sağlam böyüməsi, təhsilli və təhlükəsiz gələcəyə sahib olması cəmiyyətin əsas vəzifəsidir. Ancaq təəssüf ki, bu gün Azərbaycanda minlərlə uşaq sosial ədalətsizliyin və bürokratik manelərin kölgəsində böyüyür. Ən ciddi problemlərdən biri isə — uşaq pulunun verilməməsidir.
  Hazırda ölkəmizdə uşaq pulu yalnız müəyyən şərtlər daxilində verilir. Məsələn, ünvanlı sosial yardım alan ailələr və ya xüsusi qayğıya ehtiyacı olan uşaqlar bu imkandan yararlana bilir. Amma bəs digərləri? Gündəlik fəhləliklə ailəsini dolandıran, qeyri-rəsmi işləyən, yaxud ümumiyyətlə işləməyən valideynlərin övladları niyə bu hüquqdan məhrum olmalıdır?
   Bir çox ölkədə, o cümlədən Avropada, hətta inkişaf etməkdə olan dövlətlərdə belə uşaq pulu universal hüquq kimi verilir. Azərbaycanda da bu tətbiq olunmalıdır. Uşağın ailəsinin gəliri, valideyninin iş statusu yox, onun sadəcə uşaq olması kifayət etməlidir.
Uşaq pulunun universal verilməsi niyə vacibdir?
Uşaq pulu insanın yox, uşağın hüququdur.
Bu, uşağın təhsilinə, sağlamlığına, qidalanmasına, psixoloji rifahına birbaşa təsir edir.
Ailə büdcəsində az da olsa bir sabitlik yaradır.
Uşaqlar arasında sosial fərqlərin dərinləşməsinin qarşısını alır.
   Təəssüf ki, bu gün ölkəmizdə ÜNVANLI SOSİAL YARDIM (uşaq pulu əvəzi) yalnız müəyyən kriteriyalara cavab verən ailələrə təqdim olunur. Bu isə minlərlə uşağın hüququnun pozulması, bəzən isə açıq ayrı-seçkilik deməkdir. Axı bir uşaq digərindən nə ilə fərqlənir? Niyə dövlət birinə “yardım edim” deyir, digərinə isə “sən uyğun deyilsən” deyə üz çevirir?
  Bu gün sosial yardım almaq üçün ailələr rəsmi gəlir göstərməlidirlər. Amma ölkədə rəsmi əmək müqaviləsi olmadan, gündəlik qazancla dolanan   minlərlə ailə var. Onlar da yaşayır, övladlarını böyüdür, oxudur, əziyyət çəkir...
Nəticədə isə bir ailə ünvanlı sosial yardım alır, digər ailə fəhləliklə dolanır, amma heç nə ala bilmir. Hansı ədalətə sığır bu?
   Regionlarda vəziyyət daha acınacaqlıdır/, çünki kəndlərdə yaşayan, ata-anası rəsmi işləməyən, amma gündəlik zəhmətlə çörək qazanan onlarla ailə var. Onların övladları şəhər uşaqları ilə eyni təhsili, eyni imkanları görmür. Uşaq pulu bu ailələr üçün həyati dəstək ola bilərdi.
 Unudmayaq ki, bu günün oğlan uşağı -sabah Vətənimizin keşiyində duran əsgərimizdi, bu günün qız uşağı- sabah əsgər anasıdır. Gözəl bir deyim var: "Sağlam bədəndə-sağlam ruh". Sağlamlıq isə ilk növbədə maddiyatla və ailədəki abu-hava ilə bağlıdır.


Sedanews.az
Arzu Tofiqqızı

 









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA