Sənədsiz evlər, dəyişməyən təyinatlar və cavabsız suallar: Aidiyyatı qurumlar niyə büdcəyə qazanc gətirən yolu bağlayır?
Ölkənin Bakıətrafı qəsəbələrində, regionlarda on minlərlə yaşayış evi mövcuddur. Bu evlərdə insanlar illərdir yaşayır, kommunal xərclərini ödəyir, övlad böyüdür, vergi verir. Amma bütün bunlara baxmayaraq, həmin evlər rəsmi sənədlərdə mövcud deyil.
Səbəb isə eynidir: Torpaq təyinatı dəyişdirilmir.
Torpaq kənd təsərrüfatı, ehtiyat fondu, xüsusi mülkiyyətə verilməyən kateqoriya kimi qalır. Nəticədə vətəndaşın tikdiyi ev faktiki olaraq “qanunsuz” sayılır, baxmayaraq ki, bu evlər illərdir mövcuddur və artıq yaşayış massivinə çevrilib.
Bununla bağlı media qurumları dəfələrlə araşdırmalar yayımlayıb, jurnalistlər problemli ərazilərdən reportajlar hazırlayıb, vətəndaşlar müvafiq qurumlara saysız-hesabsız müraciətlər edib.
Amma nəticə dəyişmir. Torpaq təyinatları kütləvi şəkildə dəyişdirilmir, problem sistemli həllini tapmır.
Halbu ki, torpaqların təyinatının dəyişdirilməsi vətəndaşa evini sənədləşdirmək imkanı verər,
dövlət büdcəsinə rüsum, vergi və ödənişlər qazandırar, daşınmaz əmlak bazarında şəffaflıq yaradardı və sosial gərginliyi azaldardı.
Bəs o zaman sual yaranır: Əgər bu proses həm dövlətə, həm vətəndaşa xeyirdirsə, niyə həyata keçirilmir?
Sənədi olmayan ev satıla bilmir, ipoteka ilə təmin edilmir, miras kimi rəsmiləşdirilə bilmir, vətəndaşı hər an söküntü qorxusu ilə yaşadır.
Bu isə insanları illərlə psixoloji təzyiq altında saxlayır. Halbuki həmin evlər artıq reallıqdır, faktiki yaşayış məntəqələridir.
Bu sual cavabsız qaldıqca, dövlətə olan etimad da "zərbə" alır.
Ekspertlər dəfələrlə bildiriblər ki, faktiki yaşayış olan ərazilər üzrə inventarlaşma aparılmalı,
uyğun gələn torpaqların təyinatı dəyişdirilməli, mərhələli və şəffaf sənədləşmə mexanizmi tətbiq olunmalıdır.
Bu, nə ilk, nə də son belə problem olar. Amma həlli mümkün olan bir problemin illərlə həll edilməməsi artıq idarəetmə sualı yaradır.
Sənədsiz ev problemi sadəcə bir vətəndaşın şəxsi dərdi deyil. Bu, dövlətin iqtisadi marağına, sosial sabitliyə və hüquqi sistemə birbaşa təsir edən məsələdir.
Torpaq təyinatını dəyişməkdən imtina etməklə dövlət nə qazanır?
Amma dəyişməklə həm büdcə, həm vətəndaş, həm də hüquqi sistem qazanır.
Bu sual hələ də cavabını gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: