BOŞALAN KƏNDLƏR, DOLAN ŞƏHƏRLƏR: AZƏRBAYCAN SƏSSİZ İQTİSADİ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ
![]()
Son illər Azərbaycanda səssiz, amma dərin nəticələr doğuran bir proses gedir: kəndlər boşalır, şəhərlər isə nəzarətsiz şəkildə böyüyür. İşsizlik, sosial şəraitsizlik və gəlir imkanlarının məhdudluğu minlərlə insanı doğma torpağını tərk etməyə məcbur edir. İnsanlar illərlə becərdikləri torpaqları dəyər-dəyməzinə sataraq, böyük şəhərlərdə kiçik də olsa bir ev almağa çalışırlar. Bu köç fərdi çıxış yolu kimi görünsə də, əslində ölkə iqtisadiyyatına ciddi zərbədir.
STATİSTİKA NƏ DEYİR? KƏNDLƏR NİYƏ BOŞALIR?
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən: Azərbaycanda əhali artımı əsasən şəhərlərin payına düşür, kənd əhalisinin payı isə ildən-ilə azalır. Son 10–15 il ərzində ölkədə daxili miqrasiyanın əsas istiqaməti kənddən şəhərə doğrudur.
Rəsmi rəqəmlərə görə, hər il on minlərlə insan daimi yaşayış yerini dəyişərək kəndlərdən Bakı, Sumqayıt, Gəncə və Abşeron ətrafı ərazilərə köçür.
2010-cu illərin əvvəlində əhalinin təxminən 47–48 faizi kənd yerlərində yaşayırdısa, bu göstərici son illərdə 40 faizdən də aşağı düşüb.
Bu azalma təkcə demoqrafik dəyişiklik deyil — bu, istehsalın, kənd təsərrüfatının və regional iqtisadiyyatın zəifləməsi deməkdir.
TORPAQLAR NİYƏ SATILIR?
Kənddən köç edən insanların əksəriyyəti torpağı investisiya yox, çıxış yolu kimi satır.
Səbəblər bəllidi: kənd yerlərində davamlı iş yerlərinin azlığı, məhsul istehsalında satış bazarlarının zəifliyi, suvarma, texnika və subsidiyalara çıxışın məhdudluğu, gənclər üçün təhsil və inkişaf imkanlarının az olması.
Nəticədə torpaq real dəyərindən dəfələrlə ucuz satılır. Bu isə ilk növbədə kənd təsərrüfatı torpaqlarının parçalanmasına, istehsalın azalmasına, ərzaq təhlükəsizliyinin zəifləməsinə səbəb olur.
ŞƏHƏRLƏR DOLUR, PROBLEMLƏR ARTIR
Kənddən şəhərə köç təkcə kəndi yox, şəhəri də çətin vəziyyətə salır.
Statistik müşahidələr göstərir ki, böyük şəhərlərdə işsizlik və qeyri-formal məşğulluq artır, mənzil problemi dərinləşir, sosial infrastruktur (məktəb, xəstəxana, nəqliyyat) yüklənir, şəhər ətrafında plansız yaşayış massivləri yaranır.
Yəni kənddən "qaçış" şəhərdə rifah yox, yeni sosial problemlər doğurur.
GÖRÜNMƏYƏN, AMMA REAL- İQTİSADİYYATA ZƏRBƏ:
Kəndlərin boşalması: daxili istehsalı zəiflədir, idxaldan asılılığı artırır, milli iqtisadiyyatda balansı pozur.
Əslində torpağını satan insan təkcə öz gələcəyini yox, ölkənin istehsal potensialını da zəiflədir.
ÇIXIŞ YOLU VARMI?
Mütəxəssislərin fikrincə, vəziyyəti dəyişmək mümkündür, amma vaxtında kəndlərdə real və davamlı iş yerlərinin yaradılması, fermerlər üçün satış bazarlarının təşkili, kənd gənclərinə təhsil və texniki dəstək, kənd infrastrukturlarının (yol, su, mavi yanacaq, internet) yaxşılaşdırılması, torpağın satışa çıxarılmasını yox, istifadəsini stimullaşdıran siyasət.
Bu gün kənddən şəhərə köç fərdi xilas yolu kimi görünə bilər. Amma sabah bu proses ərzaq qıtlığına, iqtisadi asılılığa və sosial gərginliyə çevrilə bilər. Boşalan kəndlər – zəifləyən dövlət deməkdir. Əgər bu gün kəndi yaşatmasaq, sabah şəhər də bizi xilas etməyəcək.
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: