sedanews.az
sedanews.az

Hər il təkrarlanan faciələr: Dəm qazı və dəniz nə vaxta qədər can alacaq?

Bugün, 12:48


  Azərbaycanda hər ilin qış və yay ayları ilə birlikdə dəyişməyən bir mənzərə də təkrarlanır. Qış gələndə dəm qazından zəhərlənənlərin, yay gələndə isə dənizdə boğulanların sayı artır. Təəssüf ki, bu hadisələr artıq adi statistik rəqəmlərə çevrilmək üzrədir. Halbuki hər bir rəqəmin arxasında bir insan həyatı, bir ailənin faciəsi, bir nəslin davamçısı dayanır.
  Ən düşündürücü məqam isə budur ki, hər il eyni səbəblərdən insanlar həyatını itirsə də, bu faciələrin qarşısını almaq istiqamətində ciddi dönüş yaratmaq mümkün olmur.

  Vaxtilə də insanlar təbii qazdan istifadə edirdilər. Lakin dəm qazından kütləvi zəhərlənmə halları bu qədər geniş yayılmamışdı. Bunun əsas səbəblərindən biri insanların daha diqqətli olması, yaşayış evlərinin tikinti normalarına uyğun inşa edilməsi və qaz avadanlıqlarına nəzarətin daha ciddi aparılması idi. Bu gün isə bəzi mənzillərdə ventilyasiya sistemləri bağlanır, standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə edilir, təhlükəsizlik qaydalarına əməl olunmur. Nəticədə isə hər qış onlarla insan həyatını itirir.
 Eyni vəziyyət yay aylarında dənizlərdə də müşahidə olunur. Bir neçə onillik əvvəl dənizdə boğulma hadisələri nadir hallarda baş verirdisə, indi hər yay bu xəbərləri eşidirik. Bunun səbəbləri arasında nəzarətsiz çimərliklər, xəbərdaredici nişanlara məhəl qoyulmaması, üzgüçülük bacarıqlarının zəif olması və bəzi hallarda məsuliyyətsizlik dayanır.
   Həyatını itirənlərin böyük əksəriyyəti gənclərdir. Onlar gələcəyin alimləri, müəllimləri, mühəndisləri, hərbçiləri, valideynləri ola bilərdilər. Bu baxımdan məsələ təkcə bir ailənin faciəsi deyil, həm də ölkənin insan potensialına, milli genofonduna vurulan zərbədir.
  Bu hadisələri miniuma endirmək üçün lk növbədə maarifləndirmə işləri gücləndirilməlidir. Məktəblərdə, ali təhsil müəssisələrində və kütləvi informasiya vasitələrində təhlükəsizlik qaydaları mütəmadi şəkildə təbliğ edilməlidir. Qaz təsərrüfatına nəzarət sərtləşdirilməli, standartlara cavab verməyən avadanlıqların istifadəsinə yol verilməməlidir. Çimərliklərdə xilasedici xidmətlərin sayı artırılmalı, təhlükəli ərazilərə giriş məhdudlaşdırılmalıdır.
  Unutmamalıyıq ki, insan həyatı hər şeydən qiymətlidir. Hər il təkrarlanan faciələrə sadəcə kədərlənməklə kifayətlənmək olmaz. Cəmiyyət, dövlət qurumları və hər bir vətəndaş bu məsələdə öz məsuliyyətini dərk etməlidir. Əks halda, qışda dəm qazı, yayda isə dəniz yenə də can almaqda davam edəcək.
  Çünki faciələrin səbəbi çox vaxt təbiət deyil, səhlənkarlıqdır.

  Sedanews.Az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA