Daşınmaz əmlak bazarının gələcəyi Bakıda müzakirə olunacaq — AIREX Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə sayılı günlər qaldı!
Sedanews.Az TREND-ə istinadən əbər verir ki, Azərbaycanda ilk dəfə beynəlxalq səviyyəli daşınmaz əmlak sərgisi keçiriləcək.
4–6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (AIREX) qapılarını yalnız ziyarətçilər üçün deyil, ilk növbədə öz layihələrini beynəlxalq auditoriyaya çatdırmaq istəyən developerlər, investorlar, fondlar və sektor liderləri üçün açır. Təşkilatçılar vurğulayır ki, sərginin əsas uğur göstəricisi əldə olunan görüşlər, danışıqlar və reallaşan sövdələşmələrdir.
Sərgi PAŞA Property Management və Baku Expo Management-in təşkilatçılığı; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Qarabağ Dirçəliş Fondu, KOBİA, AZPROMO və ADRA-nın dövlət dəstəyi; PAŞA Real Estate, Sea Breeze, PMD Group və Bakı Ağ Şəhər-in baş sponsorluğu; Azərbaycan Beynəlxalq Bankı, AmCham Azərbaycan və Absheron Hotel Group (AHG)-un partnyorluğu, eləcə də Times Consulting-in strateji partnyorluğu ilə həyata keçiriləcək.
“AIREX daşınmaz əmlak sektorunun developerlərini, investorlarını və alıcılarını bir araya gətirən mühüm beynəlxalq platforma olacaq. Tədbirdə Azərbaycanın və eləcə də regionun ən maraqlı, perspektivli daşınmaz əmlak layihələri nümayiş etdiriləcək, iştirakçı şirkətlərə öz layihələrini geniş ictimaiyyətə təqdim etmək, investorlar və potensial müştərilərlə birbaşa əlaqələr qurmaq imkanı yaradılacaq. Əminik ki, AIREX yeni əməkdaşlıqların, investisiyaların və imkanların qovuşduğu aparıcı regional platformaya çevriləcək”, — deyə sərginin təşkilatçılarından biri olan PAŞA Property Management-in Baş İcraçı Direktoru Tural Əliyev bildirib.
2026-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq ili” elan edilməsi, Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirilərək dünyanın 170-dən çox ölkəsindən on minlərlə iştirakçını bir araya gətirməsi və illik tikinti sektorunun ümumi həcminin 10 milyard ABŞ dollarını ötməsi daşınmaz əmlak sektorunun ölkəmiz üçün nə dərəcədə aktual və əhəmiyyətli olduğunu bir daha sübut edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: