Xalqın ürəyində heç vaxt sönməyəcək ocaq: Milli Qəhrəman İlqar Mirzəyev
İyulun 14-ü Azərbaycanın hərb tarixinə ən şərəfli və eyni zamanda ən kədərli günlərdən biri kimi yazılıb. Bu gün təkcə general Polad Həşimovun deyil, onunla eyni saniyələrdə, eyni səngərdə, düşmənin xain hücumuna qarşı sinəsini sipər edən Azərbaycan artilleriyasının böyük ustadı, 3-cü Ordu Korpusunun artilleriya rəisi, polkovnik İlqar Mirzəyevin də şəhadət zirvəsinə ucaldığı gündür. İki qəhrəman zabitin eyni gündə, eyni döyüşdə canlarını vətənə fəda etməsi Azərbaycan xalqının qəlbində heç vaxt sönməyəcək bir intiqam və vətənpərvərlik ocağı alovlandırdı.
Polkovnik İlqar Mirzəyev hərbçi peşəsinə ürəkdən bağlı, ömrünün hər anını ordunun güclənməsinə həsr etmiş əsl peşəkar idi. Artilleriya sahəsində onun qurduğu taktiki planlar, hədəfləri nöqtəbənöqtə məhv etmə qabiliyyəti ordu sıralarında əfsanəyə çevrilmişdi.
O, tabeliyində olan hər bir əsgərə bir ata, bir böyük qardaş qayğısı ilə yanaşardı. Lakin döyüş meydanında düşmən üçün əsl kabus idi. 2016-cı ilin Aprel döyüşlərində İlqar Mirzəyevin rəhbərliyi altında fəaliyyət göstərən artilleriya batareyaları düşmənin müdafiə xəttini darmadağın etmiş, onlarla hərbi texnika və canlı qüvvəsini sıradan çıxarmışdı. Onun hərbi dühası, sarsılmaz iradəsi ordumuzun hər bir uğurunda öz sözünü deyirdi.
2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən amansız döyüşlərdə polkovnik İlqar Mirzəyev bir an belə arxa cəbhədə qalmağı özünə rəva bilmədi. O, general Polad Həşimovla birlikdə ön xətdə, əsgərlərin yanında, ən təhlükəli nöqtədə idi.
Xain düşmənin artilleriya zərbəsi nəticəsində şəhid olan polkovnik öz peşəsinə, öz silahdaşlarına sadiq qalaraq məhz döyüş meydanında, odun-alovun içində əbədiyyətə qovuşdu. General ilə polkovnikin çiyin-çiyinə şəhadət şərbətini içməsi onların ruhən necə bir-birinə bağlı olduğunun və vətən sevgisinin hansı uca zirvəsində dayandıqlarının sübutu idi.
"Bizim yolumuz Vətən yoludur. Əgər bu torpaq uğrunda can vermək lazımdırsa, hamımız hazır olmalıyıq. Əsgərim haradadırsa, mən də oradayam."— Polkovnik İlqar Mirzəyev.
İlqar Mirzəyevin şəhadət xəbəri bütün ölkəni sarsıtdı. Lakin bu sarsıntı bir məğlubiyyət ruhu yox, düşmənə qarşı sarsılmaz bir nifrət və qisas hissi doğurdu. Onun və Polad Həşimovun tabutları paytaxt küçələrində çiyinlərdə daşınarkən xalq bir daha sübut etdi ki, öz qəhrəmanlarını heç vaxt unutmayacaq.
Məhz polkovnik İlqar Mirzəyevin Vətənə əmanət qoyduğu övladları və onun silahdaşları 44 günlük Vətən Müharibəsində artilleriyamızın hər bir atəşi ilə düşməndən qisas aldılar. Onun qurduğu artilleriya məktəbi Şuşanın, Füzulinin, Cəbrayılın azad olunmasında düşmənin başına od ələdi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş polkovnik İlqar Mirzəyevin adı hər bir vətəndaşımız üçün müqəddəsdir. Onun adı küçələrə verilib, xatirəsi dərsliklərdə, filmlərdə və ən əsası gələcək nəsillərin yaddaşında yaşayır.
O, xalqımızın ürəyində daima yanan, gənclərimizin yolunu işıqlandıran bir vətənpərvərlik ocağıdır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, polkovnik İlqar Mirzəyevin və onun kimi canını vətənə fəda edən oğulların xatirəsi hər an uca tutulacaq.
Ruhun qarşısında baş əyirik, cənab Polkovnik! Şəhadətin mübarək!
Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: