
İyulun 16-da Azərbaycanın dilbər guşələrindən olan Qusar şəhərində ölkənin media və dini mühiti üçün böyük əhəmiyyət kəsb edən mühüm tədbir işə başlayıb. Azərbaycan milli mətbuatının 151-ci ildönümünə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusundakı regional konfrans dövlət rəsmilərini, aparıcı media rəhbərlərini, tanınmış ilahiyyatçıları və din xadimlərini bir araya gətirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, "Global Media Group" və "APA Media Group"un tərəfdaşlığı ilə baş tutan tədbir müasir informasiya məkanında mənəvi təhlükəsizlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirib.
Konfransın açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizdə mövcud olan unikal tolerantlıq və multikulturalizm mühitindən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, qorunub saxlanılan bu sabitlik fonunda mətbuatın üzərinə böyük maarifləndirmə öhdəliyi düşür. Xüsusilə cəmiyyəti radikalizm, ekstremizm və dözümsüzlük kimi mənfi təzahürlərdən qorumaq üçün media subyektlərinin dini sahədə peşəkarlığı və həssaslığı artırılmalıdır.
Tədbirdə, həmçinin Dini Komitə tərəfindən informasiya resurslarının operativ, şəffaf və əlçatan idarə edilməsini təmin edən yeni “AMİN” İnformasiya Sistemi iştirakçılara təqdim olunub.
Panel müzakirələri: Dezinformasiya və peşəkar savadlılıq
Konfrans çərçivəsində rəqəmsal dövrün ən aktual problemlərini əhatə edən iki əsas panel iclası təşkil edilib: Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” – Bu paneldə sosial şəbəkələrdə dini mövzuların saxtalaşdırılması, dezinformasiyaların milli təhlükəsizliyə yaratdığı risklər və faktların yoxlanılması (fact-checking) mexanizmləri müzakirə olunub. “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” – Sessiyada jurnalistlərin dini sahədəki savadlılıq səviyyəsi, həssas mövzuların ictimaiyyətə düzgün terminlərlə çatdırılması və dövlət-media tərəfdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, din mövzusu, xüsusilə rəqəmsal mühitdə ən həssas sahədir. Bu səbəbdən konfransa təkcə mətbuat nümayəndələri deyil, bölgədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri də cəlb edilib. Məqsəd mətbuatda obyektivliyin sərhədlərini birgə müəyyən etməkdir.
Qusardakı nəzəri müzakirələrdən sonra konfrans iyulun 17-də praktiki hissə ilə davam edəcək. Jurnalistlər, ilahiyyatçılar və ekspertlər üçün regionun zəngin multikultural irsini əks etdirən geniş media-tur təşkil olunacaq.
Tur çərçivəsində mətbuat nümayəndələri Qubada yerləşən tarixi "Cümə" və "Səkinəxanım" məscidləri, həmçinin dünyada nadir məkanlardan sayılan "Dağ Yəhudiləri Muzeyi" və "Giləki" sinaqoqu ilə yaxından tanış olacaqlar. Bu praktiki səfər jurnalistlərə şimal bölgəsindəki əsrlər boyu qorunan dinc birgəyaşayış modelini media materiallarında daha canlı və dolğun işıqlandırmağa imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.