2022-ci ilin 31 avqust – 8 sentyabr tarixlərində Ümumdünya Kilsələr Şurasının Almaniyanın Karlsruhe şəhərində keçirilmiş 11-ci Assambleyası tərəfindən “2020-ci il Dağlıq Qarabağ müharibəsinin nəticələri haqqında Protokol” adlı sənəd yayılıb.
QMİ-dən REAL-a bildirilib ki, bununla əlaqədar Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi və alban-udi konfessiyalarının rəhbərləri təmsil etdikləri icmaların ümumi rəyini ifadə edərək müraciət yayıblar.
Müraciətdə deyilir:
“Sözügedən sənəddə bütün dini icmaların əsrlər boyu sülh və əmin-amanlıq içində yaşadığı vətənimiz Azərbaycana qarşı qərəzli, əsassız və ədalətsiz ittihamlar yer alır.
Sənədin təşəbbüskarları Ümumdünya Kilsələr Şurasının təqdim etdiyi platformadan öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edir, məqsədyönlü şəkildə bu mötəbər qurumun üzvləri olan xristian icmalar arasında 30 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Azərbaycana münasibətdə yanlış fikir formalaşdırmaq cəhdlərini davam etdirir. Onların məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfindən kobudcasına pozulması, on minlərlə dinc Azərbaycan vətəndaşlarının soyqırıma məruz qalaraq qəddarcasına qətlə yetirilməsi, bir milyona yaxın insanın məcburi köçkün vəziyyətə salınması, işğal olunmuş ərazilərdə misli görünməmiş səviyyədə dağıntı və talan faktlarını gizlətmək, bölgəmizdə hazırda həyata keçirilən sülh səylərinə mane olmaq və Ermənistandakı revanşist qüvvələrə dəstək verməkdir.
Sənəddə dili və ruhu həqiqəti əks etdirməməklə yanaşı açıq-aşkar riyakar ruhda təqdim olunur və real vəziyyətin şahidlərində ikrah hissi oyadır. Ümumdünya Kilsələr Şurası kimi mötəbər qurumun işğal və etnik təmizləmə tərəfdarlarının narrativinin təbliği, manipulyasıya və təxribat xarakterli əməlləri üçün platforma kimi sui-istifadə olunması onun məqsəd və prinsiplərinə ziddir, dinlər və mədəniyyətlərarası dialoq və regional sülh səylərinə xələl yetirir.
Daha öncə Qafqaz Müsəlmanları İdarəsi adından 11-ci Assambleyanın başlaması münasibətilə Ümumdünya Kilsələr Şurasının Baş katibi vəzifəsini icra edən cənab İonn Saukaya məktub göndərilərək tədbirin bütün iştirakçılarına təbriklər çatdırılıb. Təəssüf doğuran haldır ki, işğal və etnik təmizləmə tərəfdarları növbəti dəfə dini platformada özünün revanşizm və nifrət təbliğatını işə salaraq ölkəmiz əleyhinə belə sənədinin yayılmasına nail olub.
1993-cü ilin fevralında Ümumdünya Kilsələr Şurası və Avropa Kilsələr Konfransının təşəbbüsü ilə Möntre şəhərində erməni kilsəsinin o vaxtkı rəhbəri I Vazgen ilə görüşdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini motiv daşımadığı bəyan edilib və erməni katolikosu ilə imzalanmış birgə bəyanatda münaqişənin sülh yolu ilə həllinə dəstək bildirilib. Təəssüf ki, o vaxt əldə olunmuş bu ümumi mövqeyimizdən fərqli olaraq, Ümumdünya Kilsələr Şurasının bir sıra üzvləri artıq həllini tapmış münaqişə ilə bağlı hazırda xristian təəssübkeşliyi və müəyyən mənada “səlibçi” düşüncəsini təbliğ etməyi davam edir.
Bizim qənaətimizə görə milli və dini təəssübkeşlik mənfi anlam daşımır, lakin beynəlxalq hüquqa, haqqa və ədalətə söykənməyən təəssübkeşlik heç bir dinin və mənəviyyatın təməl prinsiplərinə uyğun gələ bilməz.
Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra o bölgələrə çoxsaylı səfərlər edən beynəlxalq hökumətlərarası təsisatlar, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Ermənistan tərəfindən törədilən urbisid, ekosid, mədəni və dini abidələr, müsəlman, alban-udi və pravoslav ibadətgahlarına qarşı vandalizm əməllərinin həqiqi miqyasının canlı şahidi olur, bu cinayətləri sənədləşdirir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalı nəticəsində 700-dən çox tarixi və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və sənət məktəbi, 100 mindən çox əsərlə 22 muzey, 4 sənət qalereyası, 4 teatr və 2 konsert salonu məhv olunub və talan edilib, yandırılmış torpaq siyasəti tətbiq edilib. Bu ərazilərdə qalan və qeydiyyatda olan 67 məsciddən 65-i tam dağıdılıb, digər 2-si isə acınacaqlı vəziyyətə salınıb. Bir vaxtlar inkişaf etmiş Azərbaycanın inzibati mərkəzləri xarabalıqlara çevrilib. Hazırda işğaldan azad olunmuş ərazilərimizə səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri bu məntəqələri “ruhlar şəhəri” və “Azərbaycanın Xirosiması” adlandırıblar.
Hər kəsə məlumdur ki, Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və bölgələrində müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində dinc yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən qorunur. Bununla belə, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, məscidlər tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub.
Ermənistan öz ərazisindəki azərbaycanlıların dini abidələrini, İrəvanın “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” məscidlərini və digər dini tarixi abidələri tamamilə dağıdıb, yeganə İrəvanda qalan Göy məscidinin orada qəsdən törədilən yanğından sonra memarlıq xüsusiyyətləri dəyişdirib. Müsəlman məscidlərinin dağıdılması ilə kifayətlənməyən Ermənistan Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim Qafqaz Albaniyasına məxsus kilsələri qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini isə tamamilə məhv edib.
Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin çoxsaylı tələblərinə məhəl qoymayaraq Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat vermir. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, işğalçı ordu tərəfindən bu ərazilərdə basdırılan minalar nəticəsində bu günədək dinc sakinlər əlil olur və həyatlarını itirirlər. Müharibə başa çatsa da vətəndaşlarımıza qarşı Ermənistanın mina terroru davam edir ki, onun qurbanlarının sayı hazırda 242 nəfərə çatıb.
Dini icma rəhbərləri və din xadimləri işğalçı müharibəyə və qarşıdurmaya xidmət edən amallara deyil, humanizm ideyalarına – dinlərarası harmoniya və dialoqa, razılaşma və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər.
Multikultural ənənələrə sadiq qalan Azərbaycan hökuməti mədəni-mənəvi dəyərlərin qorunması siyasətini öz fəaliyyətinin prioritet istiqaməti kimi həyata keçirir və nəinki ölkə daxilində, eləcə də dünyanın müxtəlif regionlarında – o cümlədən Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpası işinə əvəzsiz töhfələr verir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqu təbliğ edən bir sıra nüfuzlu beynəlxalq tədbirlərə, o cümlədən dünya dini liderlərinin 2010-cu ildə I Sammiti və 2019-cu ilin noyabrında keçirilmiş II Sammitinə ev sahibliyi edib. Burada xatırlatmaq lazımdır ki, I Sammitdə erməni katolikosu II Qaregin də iştirak etmişdir və səfəri zamanı o, Bakıda yerləşən vaxtilə çalışdığı erməni kilsəsini ziyarət edib. 2016-cı ilin oktyabrında Azərbaycana səfər edən Roma Papası Fransisk ölkəmizdə müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlığı və dialoqu yüksək dəyərləndirib.
Birmənalı şəkildə bildiririk ki, Azərbaycan ərazilərindəki müqəddəs yerlər və burada yaşayan millətlərin mədəni və mənəvi irsi ilə bağlı təxribatçı təbliğata uymağa əsas yoxdur. Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş mənsubiyyətindən asılı olmayaraq mədəni və dini abidələri bərpa edir, burada yerləşdirilmiş minalardan təmizləyərək yenidənqurma işləri aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “...bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir və onlar dövlət qayğısı ilə əhatə olunur” bəyanatı Azərbaycan dövlətinin bu sahədə həqiqi siyasətinin ən bariz nümunəsidir.
Bir daha Ümumdünya Kilsələr Şurasının 11-ci Assambleyasında yayılmış “2020-ci il Dağlıq Qarabağ müharibəsinin nəticələri haqqında Protokol” adlı qərəzli sənədlə bağlı Azərbaycandakı konfessiya nümayəndələri adından dərin narahatlığımızı və etirazımızı bildiririk. Nüfuzlu Təşkilat olan Ümumdünya Kilsələr Şurasının belə təxribatlar üçün istifadə olunması qəbuledilməzdir, bu mötəbər qurumun məqsəd və prinsiplərinə xidmət etmir.
Biz Ümumdünya Kilsələr Şurasının rəhbərliyini və təşkilatda təmsil olunan xristian icmalarını bu və əvvəllər də yer almış təxribatçı təşəbbüsləri ən sərt formada inkar etməyə, gələcəkdə belə hallara qəti şəkildə yol verməməyə çağırırıq. Ümid edirik ki, bundan sonra qurumun meyarlarına uyğun olan obyektivlik və ədalət prinsiplərinə əsaslanan konstruktiv mövqe nümayiş etdiriləcək, dinlərarası dialoq, sülh və əmin-amanlığa xidmət edən səylərə dəstək göstəriləcək”.
Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.