sedanews.az
sedanews.az

Regionların iqtisadi inkişafı daim dövlət siyasətinin mərkəzindədir

26-07-2021, 16:05 366 dəfə baxılıb

Regionların iqtisadi inkişafı daim dövlət siyasətinin mərkəzindədir






Məlum olduğu kimi, Prezident İlham Əliyev 2021-ci il iyul ayının 22-də Naftalan şəhərində və Daşkəsən rayonunda səfəri zamanı bir sıra mühüm obyektlərin açılışında iştirak edib. Belə ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Naftalan şəhərində və Daşkəsən rayonunda sənaye, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülmüş və bir sıra mühüm infrastruktur layihələri (yolların salınması, içməli su xətlərinin çəkilməsi, xəstəxanalar, idman kompleksləri və digər sosial obyektlər tikilib istifadəyə verilməsi) yerinə yetirilmişdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafında dağ-mədən sənayesi aparıcı sahəyə çevrilir. Bu baxımdan, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Belə ki, mürəkkəb və çoxmərhələli emal prosesin yekunu kimi mədəndən çıxarılan süxurlardan qızıl qarışıqlı xəlitələr istehsal edilir. İstehsal olunan xəlitələr saflaşdırılma üçün İsveçrəyə göndərilir. Saflaşdırıldıqdan sonra istehsal edilən qızıl külçələr beynəlxalq birjalarda satışa çıxarılır və bu da ölkəyə xarici valyuta axınının artması deməkdir.

Daşkəsən rayonunun ənənəvi sahəsi olan və ölkə üçün mühüm əhəmiyyət kəsb edən dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar mövcuddur. Vaxtilə “Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı təqribən 92 milyon ton təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb. Bir müddət əvvəl bu sahənin inkişafı ilə bağlı xüsusi proqram tərtib edilmiş, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahəyə yatırılan investisiyaların böyük gəlir gətirəcəyi gözlənilir. Eyni zamanda, minlərlə iş yerinin yaradılacağı nəzərdə tutulur. Nəticədə, Azərbaycanda bu sahə üzrə xammaldan son məhsula qədər dəyər zənciri formalaşacaq və bu məhsullar üzrə nəinki idxaldan asılılıq kəskin şəkildə azalacaq və eyni zamanda, ixrac imkanları da yaranacaqdır.

Regionda kənd təsərrüfatının vəziyyətinə gəldikdə, bu sektorun inkişafı üçün bir çox işlər görülmüşdür. Belə ki, uzunluğu təqribən 30 km olan Şəmkir su kanalı çəkilmişdir. Bu kanal vasitəsilə 30 min hektardan çox torpağın suvarılması yaxşılaşdırılır və nəticədə regionun kənd təsərrüfatının inkişafına böyük töhfə verir.

Regionun turizm sektorunun inkişafı da aktual məsələdir. Belə ki, Naftalan şəhəri Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilməkdədir. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunmuş və artıq 13 mehmanxana və sanatoriya fəaliyyət göstərir. Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonalarından həm yerli, həm də xarici turistlərin istifadə etməsi nəzərdə tutulur. Sovetlər dönəmində Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm mərkəzinə çevriləcək. Naftalana gələn xarici qonaqların ölkəmizlə daha yaxından tanış olması məqsədilə həm Gəncəyə, həm də digər şəhərlərə gedə bilməkləri üçün imkanlar yaradılmalıdır. 

Beləliklə, yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, regionların iqtisadi inkişafı daim dövlət siyasətinin mərkəzindədir.


Elmir Mehdiyev

İqtisadçı










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA