sedanews.az
sedanews.az

Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq

31-05-2021, 11:58 87 dəfə baxılıb

Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq


Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 28-də Ağdam şəhərinə səfəri zamanı bir sıra mühüm istehsal və sosial infrastruktur obyektlərinin açılışında iştirak edib. Belə ki, Ağdam rayonunun və bütövlükdə Qarabağ regionunun iqisadiyyatının dirçəlməsində mühüm rol oynayacaq Ağdam Sənaye Parkının təməli qoyulub. Bu sənaye parkının yaradılmasının əsas məqsədi - yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının təşkili və bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həm regionun, həm də ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması və əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Ağdam rayonu əsasən inşaat materialları istehsalı üçün əhəmiyyətli olan mişar daşı, üzlük daşı, sement xammalı, kərpic gili və qum-çınqıl ehtiyatları ilə zəngindir. Həmçinin, Ağdamda tarixən pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq üzrə böyük potensial vardır ki, bu da kənd təsərrüfatının və kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişafına güclü təkan verəcəkdir. 

İşğaldan əvvəl vaxtilə Ağdamda ağır, yüngül və qida sənayesi sahələri üzrə dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, tikinti materialları istehsalı, xalça fabriki, mebel istehsalı, taxıl məhsulları istehsalı, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, ət kombinatları, traktor və avtomobil təmiri, avtomobillərə texniki xidmət stansiyaları və digər iri, orta və kiçik istehsal və xidmət müəssisələri fəaliyyət göstərirdi. Qeyd olunanlar regionun iqtisadiyyatının dirçəldilməsi üçün potensial bazanın mövcud olmasını sübut edir.

Beləliklə, Ağdam rayonunun əlverişli iqtisadi-coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük daşımaları üçün zəruri olan dəmir yolu və avtomobil yollarının kəsişmə nöqtəsinin mövcudluğu, yüksək gərginlikli elektrik verilişi xətlərinə, magistral qaz xətlərinə yaxınlıq, yeraltı şirin su ehtiyatlarına malik olma, sənaye əhəmiyyətli təbii resurslar, özünün və ətraf rayonlarının kənd təsərrüfatı potensialı və Ağdam rayonuna xas keyfiyyətli ət, konserv, şərab və süd məhsullarına olan ənənəvi yerli və xarici tələbatı nəzərə almaqla Ağdam rayonunda müxtəlif sənaye müəssisələrinin fəaliyyət göstərəcəyi Ağdam Sənaye Parkının yaradılması məqsədəuyğun hesab edilir.

Ağdam Sənaye Parkında tikinti materialları, metal konstruksiyalar istehsalı, yem istehsalı, məişət kimyası, aqrokimya və gübrə istehsalı üzrə iri sənaye müəssisələri, meyvə-tərəvəz emalı, şərab istehsalı, ət və ət məhsulları, süd emalı, soyuducu anbar komplekslərinin təşkili, un və qənnadı məhsulları istehsalı, qablaşdırma üzrə qida sənayesi müəssisələri, mebel istehsalı, poliqrafiya, təmir xidmətləri, məişət xidmətləri üzrə kiçik istehsalat və xidmət müəssisələrinin yaradılması, eləcə də logistika və digər xidmətlərin təşkili nəzərdə tutulur.

Ağdam rayonunun iqtisadiyyatının bərpası və sözügedən Sənaye Parkının yaradılması üçün istehsal və sosial infrastrukturun yaradılması çox mühüm bir məsələdir. Belə ki, dövlət başçısının sonuncu səfərində Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulur. 

Ağdam rayonunun iqtisadiyyatının dirçəldilməsi təkcə sənaye və kənd təsərrüfatının bərpa edilməsi ilə deyil, həmçinin, turizm potensialının gerçəkləşdirilməsi istiqamətində də həyata keçirilməkdədir. Belə ki, İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. 

Regionda ekoloji tarazlığın bərpası istiqamətində də işlər görülür. Ağdam şəhərinin içərisində 125 hektarlıq böyük meşə sahəsinin təməli qoyuldu. Bundan əlavə, süni göl yaradılacaq, kanallar, körpülər inşa olunacaq. Bütün Qarabağ bölgəsi kimi, Ağdam da “yaşıl enerji” zonası olacaq, bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan dağıdılmış 1 saylı məktəbin yeni binasının təməlinin qoyulması sosial infrastrukturun bərpasında önəmli addımlardandır. 

Beləliklə, bütün Qarabağ bölgəsi kimi, Ağdam rayonu da geniş iqtisadi potensiala malikdir. İşğalçı Ermənistanın talan edərək viran qoyduğu rayon tezliklə bərpa olunacaq, böyük qayıdışın tərkib hissəsi olaraq burada yenidən azərbaycanlılar yaşayacaq və bu bölgə istər respublikamızın, istərsə də regionumuzun iqtisadi həyatında önəmli yer tutacaqdır.



Elmir Mehdiyev

İqtisadçı







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA