Türkiyə 2030-cu ilədək müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağı hədəfləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin plenar iclasının açılışında bildirib.
"Türkiyə 2030-cu ilədək müdafiə xərclərinin payını 3,5 faizə çatdırmaq istiqamətdin tədbirlər görüb. Təhlükəsizlik sahəsinə ayrılan vəsait üzrə artıq 1,5 faizlik hədəfə nail olmuşuq. Biz 5 faizlik hədəfə planlaşdırılandan beş il əvvəl çatmağı qarşıya məqsəd qoymuşuq", - deyə Ərdoğan bildirib.
Türkiyə daha əvvəl NATO-nun uzunmüddətli strategiyasına uyğun olaraq hərbi xərcləri 2035-ci ilədək ÜDM-in 5 faizinə çatdırmağı planlaşdırdığını açıqlamışdı.
"Biz hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri üçün əlavə 24 milyard dollar büdcə ayırmışıq. Məhz bu sahədə alyans daxilində ən böyük qıtlıq hiss olunur. Ən böyük quru qoşunlarına malik ölkə kimi alyansın hərbi potensialına töhfə verməyə çalışırıq. NATO-nun əməliyyat və missiyalarına ən çox töhfə verən ölkələrdən biriyik", - deyə Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, Ankara şəhərində NATO lidelrərinin növbəti zirvə toplantısı keçirilir. Bu gün 32 ölkənin dövlət və hökümət başçıları bir araya gələrək müdafiə xərcləri, İran böhranı, Avropanın təhlükəsizliyi və alyansın gələcəyi ilə bağlı mühüm məsələləri müzakirə edəcək.
Bakı. Trend
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.