İrəvan Bakının şərtinə "HƏ" deyib - Ermənilərin taleyini Azərbaycan həll edəcək
Bir neçə həftə öncəyə kimi sərhədlərin delimitasiya, demarkasiya işlərinin başlanılması, Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı mövzudan söhbət düşəndə ağız büzən, qarşı çıxan Ermənistan hakimiyyəti və bir çox müstəqil erməni siyasətçilər, politoloqlar artıq ritorikalarında müəyyən dəyişiklərlə diqqət çəkirlər.Əvvəlcədən də məlum idi ki, Azərbaycan Ordusunun 30 illik "erməni mifi"ni darmadağın etməsi Ermənistan siyasi elitasında və cəmiyyətində uzun müddət öz fəsadlarını nümayiş etdirəcək. O da aydın idi ki, ermənilər "məğlubedilməz orduları" barədə uydurmaların təsirindən belə tezliklə ayılıb, reallığı qəbul etməkdə çətinlik çəkə bilərlər. Lakin proseslər göstərir ki, Azərbaycan postkonflik dövrünün şərtlərini çox yaxşı mənimsəyib və bölgədə yaratdığı yeni reallığa uyğun olaraq siyasi manevrləri hesabına ermənilər üzərində Qarabağla bağlı, sərhədlərlə bağlı, bölgənin və erməni xalqının gələcəyi il bağlı müəyyən fikir və düşüncələrinə təsir etməyi bacardı.
İranın son zamanlar aktiv şəkildə Azərbaycana qarşı aqressiv çıxışlarını da uğurla dəf edən rəsmi Bakı, Ermənistan rəhbərliyinə başa saldı ki, bu gün ABŞ-ın illərdir üstünlük qazana bilmədiyi İran üzərində Bakı istəklərini diqtə etdirə bilirsə və heç bir təhdiddən qorxmadan, çəkinmədən bu istiqamətdə israrlı, qətiyyətli mövqe sərgiləyə bilirsə, Ermənistanla bağlı məsələləri də çox asanlıqla icra edə bilər, necə ki, bunu 44 günlük müharibədə sübut etdi.
Aprel ayından etibarən rəsmi İrəvanın imtina etdiyi Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin üçtərəfli görüşlərinin baş tutması da ermənilərin 10 noyabr və 11 yanvar bəyanatında nəzərdə tutulan bəndlərin icrası ilə bağlı razılığa gəlməyə məcbur qaldıqlarından xəbər verir. Nəzərə alsaq ki, Rusiyanın da son zamanlar Azərbaycanın mövqeyinə sərgilədiyi müsbət münasibət göz önündədir, bu amil rəsmi İrəvana Bakının tələbindən qaçmağın mümkün olmayacağına inanmağa kömək edib.
Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair üçtərəfli görüşləri başa çatdı. Gözlənildiyi kimi hələlik konkret nəticə bəyan edilmədi. Tərəflər mövqelərini və təklifləri öz hökümətləri ilə müzakirə edərək yenidən yaxın vaxtlarda görüşəcəklər. Bakının istəyi konkretdir: Zəngəzur dəhlizinin (Kommunikasiyanın bərpası) açılması baş tutmalıdır. Gedişat ondan xəbər verir ki, hazırda vəziyyət lehimizədir. Vaxtın uzadılması sözsüz Ermənistanın ziyanınadır. Çox güman, bunu artıq İrəvan da dərk etməyə başlayıb.
Biz bunu Qarabağdakı proseslərlə manipulyasiyalar edərək vaxt qazanmaq istəyən Paşinyanın birdən-birə MDB iclasında çıxışı zamanı Zəngəzur dəhlizinin (Naxçıvanla kommunikasiya əlaqəsinin yaradılması) açılmasına razı olduqlarını açıq şəkildə dilə gətirməsi zamanı da gördük. Xüsusilə son bir neçə gündə Ermənistanın hakim partiyasının deputatlarının Qarabağa dair fikirləri diqqət çəkməyə başlayıb. Onlardan Viqen Xaçatryan bildirdi ki, "Ermənistanın Qarabağsız gələcəyi yoxdur" fikrini irəli sürmək təhlükəlidir, əsas məqsəd Ermənistan olmalıdır, Qarabağ yox. Bu ərazilərin Ermənistan ərazisi olduğunu ilə bağlı heç bir söhbət gedə bilməz, məsələ "Qarabağdakı ermənilərin həyatı Azərbaycanın tərkibində təhlükəlidirmi" şəklində qoyulmalıdır". "Ən böyük rəqibimiz zamandır" deyən İlham Əliyev görünür bu zamanı artıq xeyirimizə istifadə etməyi bacardı. Erməni deputat Qarabağ məsələsinin onlar üçün də artıq bitdiyini "Qarabağdakı ermənilərin həyatı Azərbaycanın tərkibində təhlükəlidirmi" fikirləri ilə təsdiqləməklə yanaşı, bu sözlərlə həmin insanların Azərbaycan vətəndaşı sayıldıqlarını etiraf etmiş oldu.
Paşinyanın komandasından olan digər bir deputat Qaqik Melkonyan isə açıqlamasında "Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı Ermənistan yox, Rusiyadır. Orada nə baş verir sualının cavabı da "Rusiya səfirliyindədir" deməklə, rəsmi İrəvanın Qarabağa dair real mövqeyini ortaya qoyur. Lakin açıq şıkildə sezilir ki, rəsmi İrəvan bu cür mesajları hələ də açıq şəkildə bildirməyə ehtiyyat edirlər. Erməni cəmiyyətinin aqressiv reaksiyası ilə qarşılaşmaq ehtimalını nəzərə aldıqları üçün bu tip bəyanatları ehtiyatla ictimaiyyətləşdirməyi daha məqbul sayırlar. Çünki bilirlər ki, cəmiyyət hakimiyyətin qarşısında haqlı sual qoya bilər: Əgər sonda Azərbaycanın şərtlərini qəbul edəcəkdinizsə, niyə müharibə etdiniz, niyə bu qədər gənci qırğına verdiniz?
Məhz ötən gün qondarma rejimin qalıqlarından olan Arayik Arutyunyanın "Azərbaycanın tələbi ilə Qarabağdakı qondarma rejimin ordusu ləğv edilir" açıqlamasından sonrakı reaksiya da deyilənlərin həqiqətə uyğun olduğunu təsdiq edir. Bundan sonra müxalifət nümayəndələri və hakimiyyətdən narazı bir sıra vətəndaşlar arasında sözügedən məsələ etiraz səslərinin artdığını görən separatçı rejim mənsubları "Arayikin fikirləri yanlış anlaşılıb, onlar ordunu dağıtmaq yox, daha da modernləşdirmək, silahlandırmaq və gücləndirmək istəyirlər" sözləri ilə öncəki açıqlamanı təkzib etməyə çalışıblar. Bunu eyni zamanda hakimiyyətin nəbz yoxlaması kimi də dəyərləndirmək olar.
Hadisələr Paşinyan hakimiyyətinin Qarabağ məsələsindən yaxa qurtarmaq istədiyini və məsuliyyəti Rusiyanın üzərinə yükləməklə erməni cəmiyyətində hələ də qalan hakimiyyətə qarşı etirazları neytrallaşdırmağa çalışdığından xəbər verir. Ermənistanın artıq üçtərəfli bəyanatdan imtinası mümkünsüzdür. Çünki bunu ötən gün Valday forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin də qeyd etdi: "Azərbaycan Naxçıvanla normal əlaqə qurulmasında, kommunikasiya əlaqələrinin bərpasında maraqlıdır. Bu, Ermənistanın qarşısında duran ilkin vəzifələrdən biridir - regionda səmərəli iqtisadi həyat qurmaq, səmərəli qarşılıqlı fəaliyyət, o cümlədən, gələcək üçün Azərbaycanla belə".
Nikol Paşinyan (Ermənistan tərəfindən üçtərəfli bəyanata imza atan rəhbər kimi) sui-qəsd yolu ilə, hətta çevriliş ehtimalı olmasa belə, bu baş versə və hakimiyyətdən getsə belə rəsmi Bakı heç narahat deyil. Ermənistanın bəyanata qarşı çıxmaq üçün Azərbaycanın qarşısına nə çıxaracaq ordusu var, nə də o siyasi iradə ki, Kremlə də meydan oxuya bilsin. Paşinyanı devirib, bu bəyanatların (10 noyabr 2020, 11 yanvar 2021) icrasından imtina etmək, onu əvəz edə biləcək rejimin özünün öz başına silah sıxmasına bənzəyəcək.
Təhməz ƏsədovMilli.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.