sedanews.az
sedanews.az

Mühüm dialoq platforması

Bugün, 15:14


      Məlumdur ki, ölkəmiz dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan ölkəmizdə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu dünyəvi müzakirə platforması hesab oluna bilər. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) önəmli beynəlxalq platformadır və Qlobal Bakı Forumu mərkəz tərəfindən ənənəvi olaraq hər il keçirilir.
     Yeri gəlmişkən, qeyd edək ki, indiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Budəfəki tədbirin də qonaqları arasında dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.
      Azərbaycan Prezidenti cənab İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki dərin məzmunlu çıxışında dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan əzəli yurd yerlərimizi azad etdi. İşğal müddətində Ermənistan tərəfindən bəşəri dəyərlər, beynəlxalq konvensiyalar heçə sayılaraq xalqımızın çoxəsrlik maddi-mədəni mirasına qarşı vandalizm, talançılıq siyasəti həyata keçirilib. Haylar işğal dövründə ərazilərimizdə Azərbaycan xalqının irsini, İslam mədəniyyətinin izlərini silməyə çalışıblar, bütün tarixi, mədəni və dini abidələrimizi tamamilə məhv ediblər. İşğaldan azad olunmuş ərazilərimizdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər ermənilər tərəfindən dağıdılıb, xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib. Dövlətimizin başçısının dediyi kimi, biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir.
         Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərin bərpası və "Böyük Qayıdış" proqramının təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet vəzifələrdən biridir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçımız postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərlər edib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərində özünün dəyərli tövsiyələrini verib. Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimizin öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsinin, əzminin, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Qərb dairələrinin, onların riyakar siyasətçilərinin apardıqları qarayaxma kampaniyalarına baxmayaraq, 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanda yüksək səviyyədə keçirildi. Dövlətimizin başçısı XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu məsələyə toxunub. Prezident İlham Əliyev bunlar arasında ABŞ-ın Dövlət Departamentinin saxta xəbərlər yayan "Washington Post", "New York Times", "News Week", "Politico", "Associated Press"in, Fransanın prezident ofisinin, "Le Figaro" və "Le Monde" qəzetlərinin olduğunu vurğuladı. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirdilər ki, paytaxtımızda baş tutan COP29-a qarşı qarayaxma kampaniyası həyata keçirilsin. Ancaq hər dəfə olduğu kimi, bu dəfə də onların arzuları ürəklərində qaldı. 
       Ən əsası, COP29 Azərbaycanda yüksək səviyyədə baş tutdu. Bunu BMT əməkdaşlarının, ayrı-ayrı ölkə və dövlət rəhbərlərinin, rəsmilərinin səsləndirdikləri fikirlərdən də aydın görmək olar.
      
 Anar Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA