Ermənistan-Azərbaycan danışıqları vasitəçilərsiz daha uğurlu olub - Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı iqtidar 2026-cı ildə keçiriləcək növbəti parlament seçkisində də qləbə qazanacaq.
sedanevs.az xəbər verir ki, A.Mirzoyan bu barədə Türkiyə mətbuatına müsahibəsində bildirib.
O, Türkiyə-Ermənistan normallaşmasından danışarkən deyib:
“Mənə elə gəlir ki, Türkiyənin ictimai mövqeyi ondan ibarətdir ki, həll prosesimiz yaxşı gedir. Bu mənim şəxsi şərhimdir. Mən heç bir türk rəsmisinin bəyanatını sözbəsöz sitat gətirmirəm, amma ümumi təəssüratım belədir: Türkiyə deyir ki, bəli, bizim ikitərəfli prosesimiz yaxşı gedir, bizim bu proqramımız var, Ermənistan-Türkiyə münasibətlərini tamamilə normallaşdırmaq niyyətimiz var, amma Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması tam həyata keçirilməyənə qədər bunu tam başa çatdıra bilmərik”.
A.Mirzoyanın sözlərinə görə, Ermənistanın hazırkı hökuməti və baş nazir Paşinyanın sülh proqramı Ermənistan cəmiyyətinin tam dəstəyinə malikdir:
“Əlbəttə, tənqid edənlər də var. Demokratiya belə işləyir. Demək istədiyim odur ki, bizdə fərqli fikirlər ifadə edən müxalifət olmasa, hansısa məsələdə cəmiyyətin inkişafını necə təmin edə bilərik? Amma bütövlükdə biz çoxluğun dəstəyinə sahibik. Parlamentə gəlincə, orada da bizim çoxluq var”.
A.Mirzoyan Türkiyə-Ermənistan sərhədlərinin açılacağına nikbin yanaşdıqlarını deyib:
“Biz artıq bir neçə birgə addımlar atmışıq. Sərhədi açsaq, birgə enerji layihələrinin icrasına başlasaq, birbaşa ticarətin həcmi artarsa, bu, əhval-ruhiyyəni dəyişəcək. Və inanıram ki, bu, təkcə cəmiyyətlərin deyil, bütün regionun əhval-ruhiyyəsini dəyişəcək. Həqiqətən belə bir fürsət pəncərəmiz var.
Əslində, bu gün ictimai rəy əvvəlkindən daha çox bu ehtimalı dəstəkləyir. Deməli, bizim seçimimiz var. Biz bu günə diqqət yetirib birlikdə daha yaxşı gələcək qura bilərik. Biz bu qərarı birgə təqdim etməliyik”.
Ermənistan-Azərbaycan normallaşmasına toxunan nazir deyib:
“Bilirsiniz, düzünü desəm, bəzi yaralar hələ çox təzədir. Və bu asan deyil. Məsələlər hər iki cəmiyyət üçün çox həssasdır... Əminliklə deyə bilərəm ki, Ermənistan cəmiyyətində, dediyim kimi, sülh gündəminə dəstək var. Yaraların hələ çox təzə olmasına baxmayaraq, bu həll prosesi dəstək alır.
Ancaq eyni zamanda, nəticə əldə etmək lazımdır, əsas məsələ budur. Biz ümidləri doğrultmalıyıq, əks halda əhval-ruhiyyə yenidən dəyişə bilər. Mən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı təsəvvürlərdə ciddi fərq görmürəm, bir şərtlə ki, artıq qeyd etdiyim kimi, Ermənistan-Azərbaycan mövzusunda yaralar çox təzədir. Hələ də həll olunmamış humanitar məsələlər var. Amma məncə, hər iki halda istək var”.
A.Mirzoyanın sözlərinə görə, Ermənistan-Azərbaycan danışıqlarının qısa tarixi göstərir ki, proses vasitəçilərsiz daha uğurlu olub.