sedanews.az
sedanews.az

“Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər.”

18-10-2021, 14:33 309 dəfə baxılıb

“Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər.”
1 il öncə Vətən müharibəsinin 44 günü ərzində, 27 sentyabrdan 9 noyabra qədər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz 30 il erməni əsirliyində qalan torpaqlarımızı azad etdi, əzəli-əbədi sakinlərinin üzərindən “məcburi köçkün” adı götürüldü və bütün xalqımıza qürur, fəxarət hissi yaşatdı. Millətimiz bütün dünyada həm siyası, həm də hərbi meydanda mübariz, qalib xalq kimi tanındı.
Artıq “Böyük Qayıdış” mərhələsindəyik. Erməni vandallarının xarabazara çevirdikləri tarixi yurdlarımızın bərpası, öz yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın azad edilmiş ərazilərə qaytarılması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək hazırda dövlətimizin qarşısında çox çətin, illərlə davam etməsi gərəkən bir vəzifədir və Azərbaycan dövləti bunun öhdəsindən mütləq gələcək. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 700 kilometrdən çoxdur. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə daşımalar da həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək.
Dövlət başçısı qələbənin 1-ci ildönümündə bir daha eyni coşqu və həyəcanla işğaldan azad olunmuş əraziləri ziyarət etməklə, aparılan bərpa-quruculuq işlərinin gedişatına bilavasitə nəzarət və rəhbərlik edir. Bununla da xalqının, millətinin, ordusunun yanında olduğunu fəxr və qürurla nümayiş etdirir. Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Əlaqələndirmə Qərargahının yaradılması barədə sərəncam imzalamışdır. Həmin qərargah səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Ölkə rəhbərinin tapşırığı ilə hazırda işğaldan azad edilən ərazilərdə infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır. Qarabağın bərpası, dirçəldilməsi istiqamətində Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılır.
09.10.2021-ci tarixdə Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmiş, Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymuş, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olmuş, 35 kilovoltluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoymuşdur. Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və Hadrutun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı xocavəndliləri təbrik etmişdir.
Xocavənd ictimaiyyəti ilə görüşdə dövlət başçısı Hadrut əməliyyatının strateji cəhətdən vacib və əhəmiyyətli olduğunu vurğulayaraq bildirdi ki, Ermənistan ordusunun hərbi qüvvələrinin çox hissəsinin burada yerləşməsinə baxmayaraq, yenilməz və rəşadətli Azərbaycan əsgərlərinin Hadrut istiqamətində irəliləyəcəyi onlar üçün gözlənilməz idi.
Erməni vandalları Ağdam, Füzuli və başqa rayonlarda olduğu kimi, Xocavənddə də, keçmiş Hadrut rayonunda da, onun kəndlərində də böyük dağıntılar törədiblər, qədim yaşayış məskəni olan Tuğ kəndində azərbaycanlılara aid bütün evləri yerlə-yeksan ediblər. Qədim yaşayış məskəni kimi tanınan Azıx kəndini də, Azıx mağarasını da dağıtmağa cəhd etmiş və orada qanunsuz olaraq işlər aparmış və bununla da tarixi saxtalaşdırmağa çalışmışlar. Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir...”.
Guya özününküləşdirdiyi ərazilərdə hal-hazırdakı vəziyyət onu deməyə əsas verir ki, erməni vandalları əslində bu torpaqların onlara məxsus olmadığını dərk edərək, gücü yetdiyi qədər istər ekoloji, istərsə də mənəvi dəyərlərimizə qarşı terror törətməkdə israrlı olmuşlar. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada infrastrukturun necə acınacaqlı vəziyyətdə olduğu nəinki yerli, hətta beynəlxalq ictimaiyyətin də diqqətindədir. Bunu etməklə azərbaycanlıların tarixi köklərini silməyə və “Böyük Ermənistan” hülyasını reallaşdırmağa çalışmışlar.
Prezident İlham Əliyev hələ 44 günlük müharibə zamanı işğal faktına, habelə işğal zamanı törədilən barbarlığa, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərə görə cinayətkarların lazımi formada cəzasını alacaqlarını, Ermənistan dövlətinin vurulan ziyanın əvəzinin ödənilməsinə məcbur ediləcəyini bildirib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu günə qədər bütün vədlərini yerinə yetirdiyi kimi, “Qarabağı cənnətə çevirəcəyik” vədini də tezliklə reallaşdırmaq üçün siyasi iradə və qətiyyət nümayiş etdirir. Dövlət səviyyəsində ən mühüm vəzifə bundan ibarətdir ki, əzəli-əbədi yurdlarımızın bərpası inkişaf axarına qovuşsun. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra kritik yol xətlərinin bərpasına başlanacaq. Bu, yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq.
Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə
“Böyük Qayıdış” planı reallaşdırılacaq. Əzm və mübarizliyini nümayiş etdirərək “Dəmir yumruğa” çevrilən xalqımız bərpa-quruculuq dövründə də rəhbərinin yanında duraraq daha yeni zəfərlərə inamla addımlayacaq.
“Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək”
Suraxanı rayonu, Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA