Zəngilanın işğaldan azad edilməsi
Zəngilanın işğaldan azad edilməsi
Ötən ilin 27 sentyabrından başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizə neçə Zəfər günləri yazdı. 30 ilə yaxın həsrətində olduğumuz yurd yerlərimizin düşmən tapdağından azad olunması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurdu. Belə tarixi Zəfər günlərindən biri də 20 Oktyabr 2021- ci ildə Zəngilan şəhərinin azad edilməsi idi.
Unikal bir coğrafiyada, Aran Qarabağla qədim Zəngəzur mahalının qovşağında yerləşən Zəngilan rayonunun ərazisi həm İranla, həm də Ermənistanla həmsərhəddir. Bu baxımdan Zəngilan rayonunun ərazisi ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyır. Zəngilan həm də doğma Azərbaycanımızın adını daima ucaldan oğullar vətənidir. XIX əsrdə Məhəmməd bəy Aşiq Zəngilani klassik poeziyamızı öz lirik şeirləri ilə bəzəmişdir. 1929-cu ilə qədər Zəngilanın ərazisinə daxil olan, sonradan isə Ermənistanın Mehri rayonuna zorla birləşdirilən Nüvədi kəndi Azərbaycanımızda ən çox alimlər yetişdirən, onlarla akademik və professorun doğulduğu kəndlərdən biridir. Dünyada ikinci, Avropada birinci olan Bəsitçay çinar meşəsinə, Vejnəli qızıl yataqlarına, Qotur su kimi min bir dərdin dərmanı olan mineral sulara, qədim yaşayış məskənləri olan mağaralara, qızıl balıqları ilə məşhur olan büllur kimi saf sulu Həkəri çayına sahib olan bir torpaqdır Zəngilan.
Belə bir tarixi torpağımızın işğaldan azad olunması xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifə oldu. Bir daha şahidi olduq ki, torpağa sonsuz sevgisi olan, vətən uğrunda canından keçməyə hər an hazır olan gənc nəsil yetişir. Şəhid generalımız Polad Həşimovun qisasını alan, bir erməni generalını və iki erməni polkovnikini yalın əlləri ilə boğub məhv edən, onlarla döyüşçü dostunun həyatını xilas edən şəhid əsgərimiz Cəbrayıl Dövlətzadə Zəngilan torpağının yetirməsidir. Bu müqəddəs Vətən müharibəsində Azərbaycanımızın hər bir bölgəsindən olan oğullarımız hərb sənətinin tarixinə qızıl hərflərlə düşən qəhrəmanlıq nümunəsi, cəngavərlik rəşadəti göstərdilər. Bu müqəddəs missiyalı Vətən müharibəsində sağlamlığını itirən hər bir əsgərimizə Ulu Tanrıdan şəfa diləyirəm. Bu Vətən müharibəsində döyüşən hər bir əsgərimiz milli qəhrəmanımızdır, qürur mənbəyimizdir.
Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın qəhrəmanlıq tarixinə yeni bir zəfər salnaməsi yazıldı. Şəhidlərimizin ruhu sevindi. Dövlət və xalq birliyinin sarsılmaz üzvi vəhdəti müzəffər ordumuzu böyük tarixi qələbəyə doğru apardı.
Qüdrətli dövlətimizin hərbi gücü sayəsində azğın, mənfur və rəhmsiz düşmən məhv edildi, məğlubiyyətə düçar edildi. Millətimizin milli ruhu sanki yenidən özünə qayıtdı, qürur mənbəyimiz olan igid oğullarımız böyük vətənpərvərliklə müqəddəs torpağımızdan rəzil düşməni təmizlədi. 44 günlük Vətən savaşında hər birimizin qəlbi Qarabağla döyündü. Millətimiz, bütün azərbaycanlılar bir dəmir yumruq kimi birləşdi və müzəffər ordumuz, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza şanlı qəhrəmanlıq tarixi bəxş etdi.
İkinci Vətən Müharibəsindən sonra müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə azad olunan Zəngilan torpağına getmiş və yeni salınacaq şəhər, qəsəbə, kəndlərin yenidən bərpa olması barədə qərarlar vermişdir.
Suraxanı rayonu, Q.Qəhrəmanov adına 65 №-li
tam orta məktəbin direktoru:Arzu Miriyev