sedanews.az
sedanews.az

Prezidentə yazırlar: "Sizin rəhbərliyinizlə qazanılan zəfərlərdən sonra Azərbaycan üçün yeni dövr başlayır"

22-12-2020, 10:45 430 dəfə baxılıb

Prezidentə yazırlar: "Sizin rəhbərliyinizlə qazanılan zəfərlərdən sonra Azərbaycan üçün yeni dövr başlayır"


Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.
"Report" məktublardan bəzilərini təqdim edir:
"Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq onun nəsihətlərini, vəsiyyətini yerinə yetirdiniz"
İkram Kərimovdan, Gəncə, Azərbaycan: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən hər zaman Sizin siyasətinizi dəstəkləmişəm. Siz 27 il həsrətində qaldığımız dədə-baba torpaqlarımızı özümüzə qaytardınız. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq onun nəsihətlərini, vəsiyyətini yerinə yetirdiniz. Cənab Prezident, Sizə və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana çox minnətdaram. İndi çox rahatam, öz ata-baba yurdum olan Kəlbəcər rayonunun Ağyataq kəndinə qayıdacağam, atamın məzarını ziyarət edəcəyəm. Bir arzum da var, doğma kəndimə qayıdaraq Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ayaqları altında qurban kəsim. Allah hər ikinizi qorusun. İnşallah, 100 illik yubileylərinizi Şuşada, Kəlbəcərdə qeyd edəsiniz. Cənab Prezident, istərdim ki, kəndimizdə yerləşən civə zavodunun fəaliyyəti tezliklə bərpa edilsin. Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, torpaqlarımızın azad olunması münasibətilə Zati—alinizi səmimi-qəlbdən təbrik edirəm. Daha bir arzum isə Sizə "Marşal" hərbi rütbəsinin verilməsidir".
"Mən xoşbəxtəm ki, Sizin kimi bir müdrik Lideri olan ölkədə yaşayıram"
Bəhrəm Hüseynlidən, Bakı, Azərbaycan: "Cənab Ali Baş Komandan. Sizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevincli günləri yaşatdınız. Mən xoşbəxtəm ki, Sizin kimi bir müdrik Lideri olan ölkədə yaşayıram. Sizinlə qürur duyuram. Allah Sizə uzun ömür, cansağlığı versin.
Qarabağ Azərbaycandır!".
"Cənab Prezident, bu Qələbənin qazanılmasında Sizin cəsarətiniz, uzaqgörənliyiniz, vətənpərvərliyiniz, liderə xas olan bütün keyfiyyətlərimiz əsas rol oynadı"
Fərid Babayevdən, Qusar, Azərbaycan: "Hörmətli cənab Prezident. Sentyabrın 27-dən sonra yaşadığımız günlər tariximizin unudulmaz və parlaq səhifəsidir. 30 il ərzində gözlədiyimiz, arzuladığımız nəticəni cəmi 44 gündə əldə etdik. Bu Qələbənin qazanılmasında Sizin cəsarətiniz, uzaqgörənliyiniz, vətənpərvərliyiniz, liderə xas olan bütün keyfiyyətlərimiz əsas rol oynadı. Lider-xalq birliyi, hərtərəfli hazırlıqlı yenilməz Azərbaycan Ordusu Qələbəmizin əsasını təşkil etdi. Siz bu Qələbə ilə bütün dünyaya sübut etdiniz ki, torpaqlarının işğalı ilə barışmayan mübariz Azərbaycan xalqı var. Düşməni məğlub etməklə, həm də bölgədə qara ləkə olan erməni faşizmini məhv etdiniz. Yenilməz Azərbaycan Ordusuna eşq olsun! Tanrı Sizi qorusun! Qarabağ Azərbaycandır!".
"Cənab Prezident, torpaqlarımız Sizin qətiyyətli addımlarınız, ordu quruculuğu sahəsində apardığınız uğurlu siyasət nəticəsində 44 gün ərzində işğaldan azad olundu"
Rahib Abdullayevdən, Abşeron, Azərbaycan: "Cənab Müzəffər Ali Baş Komandan.
Sizin yürütdüyünüz uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan xalqı bayram edir. Möhtəşəm Qələbə münasibətilə Sizi şəxsən öz adımdan, ailəmin adından ürəkdən təbrik edir, Sizə və müzəffər Ordumuza təşəkkürlərimizi bildiririk. Otuz ilə yaxın müddətdə düşmən tapdağı altında qalan torpaqlarımız Sizin qətiyyətli addımlarınız, ordu quruculuğu sahəsində apardığınız uğurlu siyasət nəticəsində 44 gün ərzində işğaldan azad olundu. Bu sevincli günləri xalqımıza yaratdığınız üçün Allah Sizi, cəsur hərbçilərimizi qorusun. Uca Yaradan Sizin kölgənizi Azərbaycan xalqının üzərindən əskik etməsin. Qarabağ Azərbaycandır!".
"Ulu Öndərimiz bizə azərbaycanlı olmağımızın fəxrini yaşatdı, Siz isə azərbaycanlı olmağımızın qürurunu"
Aqşin Nəzərovdan, Bakı, Azərbaycan: "Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Mən 1997-ci ildən televiziya sahəsində çalışıram. O vaxtdan bu günədək ölkədə baş verən bütün ictimai-siyasi hadisələrin canlı şahidiyəm - ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğalının qarşısını almasından Sizin kimi Fatehin ərazilərimizi azad etməsinə qədər. Cənab Prezident, sağ olun ki, bizə bu duyğuları yaşatdınız. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Çox heyif ki, o zaman Sizin kimi Komandanımız olmadı. On mindən artıq hərbçi şəhid oldu, ərazilərimiz qəsb edildi, mülki əhaliyə divan tutuldu, insanlar evlərindən didərgin düşdülər. Bir televiziya işçisi kimi bundan sonra Sizin sayənizdə ağrılı-acılı işğal günləri, soyqırımları haqqında deyil, Zəfər, qürurlu Qələbə dolu proqramlar hazırlayacağıq. Ulu Öndərimiz bizə azərbaycanlı olmağımızın fəxrini yaşatdı, Siz isə azərbaycanlı olmağımızın qürurunu.
Dəmir yumruq İlhamdır, Qarabağ Azərbaycandır!".
"Cənab Ali Baş Komandan, Sizin hərbçilərə verdiyiniz dəyər hamımızı daha böyük qələbələrə ruhlandırır"
Nurlan Vəlişovdan, Beyləqan, Azərbaycan: "Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Sizin hərbçilərə verdiyiniz dəyər hamımızı daha böyük qələbələrə ruhlandırır. Adımın "Cəsur döyüşçü" medalı ilə təltif olunanların siyahısında olması məni və ailə üzvlərimi çox sevindirdi.
Şəxsən öz adımdan və ailəmin adından Sizə möhkəm cansağlığı, uğurlar, daim ailənizin və dövlətimizin başında olmağınızı arzu edirəm. Var olun, Allah Sizi qorusun!"
"Sizin rəhbərliyinizlə qazanılan zəfərlərdən sonra Azərbaycan üçün yeni dövr başlayır"
Mikayıl İsmayılovdan, Şamaxı, Azərbaycan: "Hörmətli cənab Ali Baş Komandan.
Sizi Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə qazanılan zəfərlərdən sonra Azərbaycan üçün yeni dövr başlayır. Yeni dövrdə biz artıq qalib xalq kimi çıxış edəcəyik. Biz bu şərəfli adı Sizin uzun illər yorulmadan göstərdiyiniz səylərin, gərgin fəaliyyətinizin, xalqımızın birliyinin, şəhidlərimizin canı, qanı sayəsində əldə etdik. Sizin uzaqgörən siyasətiniz sayəsində şanlı Ordumuz Azərbaycanın adını ucaltmağa nail oldu. Biz artıq öz gücümüzə inanan, gələcəyə nikbin baxan xalqıq. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi xalqımızın üstündən əskik etməsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA