sedanews.az
sedanews.az

Əliyev və Ərdoğan İrəvana xəbərdarlıq etdi - General

19-02-2024, 22:16 104 dəfə baxılıb



   Cənab İlham Əliyev seçkidən sonra keçirilən andiçmə mərasimində bizim bir ailə olduğumuzu vurğuladı. Türkiyədə mətbuat konfransında prezidentlərimizin yan-yana, çiyin-çiyinə bütün dünyaya verdiyi mesajlar da bu sözləri bir daha təsdiqlədi. Ölkə başçılarının dilə gətirdiyi məsələlər yalnız mesaj deyil, eyni zamanda bizim üçün yol xəritəsidir.
  Bu sözləri İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən ortaq mətbuat konfransında səsləndirilən fikirləri şərh edən qardaş ölkənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.
Onun sözlərinə görə, TDT-nin növbəti Zirvə Toplantısının Şuşada keçirilməsi və ortaq universitetin qurulması haqqında qərar mühüm tarixi əhəmiyyət daşıyır:
  “4 ay sonra Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Toplantısına müşahidəçi statusunda Şimali Kipr Türk Respublikası Prezidentinin də dəvət olunması çox böyük tarixi hadisədir. Naxçıvan müqaviləsinin imzalanmasının 15-ci ildönümü ərəfəsində Ərsin Tatarın da Zirvədə iştirakı həm bir ailə olduğumuzu, həm də maneələrə baxmayaraq, qətiyyətlə gələcəyə doğru irəlilədiyimizi bütün dünyaya göstərəcək. Belə uğurlar çox böyük zəhmətlə və riskə getməklə qazanılır. Fikrimcə, burada cənab İlham Əliyevin əməyini xüsusi qeyd etmək lazımdır.
Təbii ki, qarşıya qoyulan hədəflərə çatmaq və birliyimizi gücləndirmək üçün milli ruhda böyüyən, adət-ənənələrimizə yiyələn, bunu həyat tərzinə çevirən gənclər yetişdirilməlidir. Türkiyə-Azərbaycan Universitetinin qurulması üçün anlaşma memorandumunun imzalanması da sözügedən istiqamətdə atılan çox ciddi addımdır. Bu təhsil ocağı bütün qardaş ölkələrimizin gənclərini bağrına basacaq. Yetişən gənclər üzərlərinə düşən missiyanı şərəflə daşıyacaq və gələcək nəsillərə ötürəcəklər”.
   Yücel Karauz AŞPA-nın ölkəmizə qarşı haqsız addımlarından danışıb:
“Əlbəttə, qazandığımız uğurlar dostlarımızı məmnun etdiyi kimi, bizi istəməyənləri də qıcıqlandırır. Ona görə də min bir bəhanə ilə qarşımızı kəsməyə çalışırlar. AŞPA-da Azərbaycana qarşı hüquq tanımayan, qərəzli davranış və atılan son addımlar da bunun bariz örnəyidir. Əlbəttə, bunu heç bir halda qəbul etmək mümkün deyil. Cənab Ərdoğan da bu məsələdə Türkiyənin sonadək Azərbaycanın yanında olacağını, dəstəyini əsirgəməyəcəyini bildirdi. Çünki biz qardaşıq və hər zaman bir-birimizin yanında olmaq yalnız strateji müttəfiqlikdən irəli gələn məsələ deyil. Bu bizim bir-birimizə qarşı qardaşlıq vəzifəmizdir”.
General qazanılan qələbələrin Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət və tək Ordu” olduğunu sübut etdiyini vurğulayıb və Ermənistana xəbərdarlıq edib:
   “Ölkə başçılarımız dövlətlərimizin eyni zamanda ordu quruculuğu, müdafiə sənayesi sahəsində ortaq hədəflərə doğru qətiyyətlə irəliləməyə davam edəcəyini bildirdilər. İlham Əliyev Azərbaycan Ordusunun həm 44 günlük Vətən müharibəsində, həm də 24 saatlıq antiterror əməliyyatı zamanı öz gücünü göstərdiyini, Türkiyə ordu modelinə keçidin uğurla nəticələndiyini vurğuladı. Gücümüz dosta güvən, düşmənə isə qorxu salır”.
Karauz Ermənistanın mövcud vəziyyətdə yaxşı düşünüb sonra addım atmalı olduğunu qeyd edib:
   “Mətbuat konfransında eyni zamanda Ermənistana xəbərdarlıq edildi. Ermənistan sülh əldə olunması üçün meydana çıxan tarixi fürsəti yaxşı dəyərləndirməlidir. Çünki sonra gec olacaq və əgər başqalarının fitnəsi ilə özünü oda atsa, kimisə köməyə çağırmağa belə imkan tapmayacaq, meydanda tək qalacaq.
   Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çatan əlaqələri daha da inkişaf etdirməkdə qətiyyətlidir. Birliyimiz yalnız ölkələrimiz üçün deyil, qardaş ölkələrimizdə və bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün təminatdır”.
  Axar.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA