"Grand Kartal" hotelinin mətbəxindəki qrilin alovlanması qonaqların ölümünə səbəb olub.
Türkiyənin Bolu vilayətində yerləşən "Grand Kartal" hotelində 78 nəfərin həyatını itirməsinə səbəb olan yanğının, ehtimal ki, mətbəxdə unudulmuş qrilin üzündən başladığı bildirilib.
Bu barədə "Sabah" qəzeti yazıb.
"Müstəntiqlərin əldə etdiyi məlumata görə, yanğın saat 03.21-də başlayıb. Bundan əvvəl hotelin dördüncü mərtəbəsindəki mətbəx işçiləri səhər yeməyi hazırlamaq üçün qrili işə salıblar. Üzərinə qaynar yağ düşdüyündən yanğın başlayıb", nəşr qeyd edib.
Qeyd olunur ki, baş verən yanğını aşpaz Faysal Yavər və bir neçə işçi yanğınsöndürənlə deyil, su ilə söndürməyə başlayıblar. Nəticədə yanğın daha da güclənib. Uzun müddət təmizlənməyən havalandırma borusu vasitəsilə bacaya daxil olan tüstü sürətlə hotelin damına yayılıb.
Nəşrin məlumatına görə, bundan sonra mətbəx işçiləri panikaya düşərək hoteldən qaçıblar, siqnalizasiya isə işləməyib. Nəticədə qonaqlar yanğından vaxtında xəbər tuta bilməyiblər. Aşpaz Yavər və bir neçə işçi həbs edilib.
Xatırladaq ki, "Grand Kartal" hotelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı 238 qonaq olub, əsasən evli və uşaqlı cütlüklər. Hotelin sahibi Halit Ergül baş verən faciəyə görə bütün məsuliyyəti personalın üzərinə, xüsusilə aşpaz, elektrik və təhlükəsizlik işçilərin üzərinə qoyub. Məhkəmə istintaqı davam edir. Hazırda 18 nəfər həbs edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.