sedanews.az
sedanews.az

Prezidentin müharibə öncəsi hazırlıqları: Nələr demişdi?

12-07-2021, 15:33 345 dəfə baxılıb

Prezidentin müharibə öncəsi hazırlıqları: Nələr demişdi?

Axar.az politoloq Elxan Şahinoğlunun Tovuz döyüşlərinin 1 ilinin tamamlanması ilə bağlı müsahibəsini təqdim edir:
- Elxan bəy, Ermənistanın Azərbaycan sərhədinin Tovuz istiqamətindəki təxribatından 1 il keçdi. Sizcə, Ermənistan Baş naziri Nikol Paşinyan niyə bu təxribata əl atdı?
- Məsələ burasındadır ki, Paşinyanla müdafiə naziri Tonoyan Tovuz təxribatına qədər də “qırmızı xətti” keçmişdilər. Paşinyan Şuşaya tez-tez gələndə, Şuşadan “Qarabağ Ermənistandır” deyəndə, separatçıların “parlamentinin” Şuşada yerləşəcəyinə qərar verəndə, Tonoyan isə “biz yeni ərazilər ələ keçirəcəyik” açıqlamasını verəndə artıq müharibə düyməsinə basılmışdı və Azərbaycan qərarını vermişdi. Tovuz təxribatı sadəcə, rəsmi Bakının qərar gününü yaxınlaşdırdı. Ötən ilin bu günlərində sərhəddə gərginliklə yanaşı, maraqlı geosiyasi hadisələr də cərəyan edirdi. Sərhəddəki gərginliyə qədər Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə onlayn konfrans keçirdilər. Onlayn konfrans bir saat çəkdi. Həmsədrlərin konfransla bağlı yaydığı bəyanatda bir neçə məqam diqqəti çəkirdi.
Birincisi, həmsədrlər bölgədəki nisbi sabitliyi müsbət qiymətləndirdilər. Həmsədrlər tərəflərin gərginliyinin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə etdilər.
İkincisi, həmsədrlər təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd edirdilər.
Üçüncüsü, həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildirirdilər. Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırırdılar.
Dördüncüsü, həmsədrlər şərtlər imkan verən kimi ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin yenidən bərpasının vacibliyini vurğuladılar.
Beşincisi, həmsədrlər və xarici işlər nazirlərinin iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəldilər.
- Sizcə, həmsədrlər səhv etdilər?
- Həmsədrlər həmişəki kimi iki fikrin üzərində xüsusi dayandılar: “Münaqişənin hərbi həlli yoxdur” və “xalqları sülhə hazırlamaq lazımdır”. Həmsədrlər yenə səhv etdilər.
Azərbaycanla Ermənistan arasındakı sərhəddə 4 günlük müharibədən sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ortaq bəyanat yaydı. Bəyanatda belə bir cümlə var idi: “Həmsədr hesab edir ki, ölkələrin birgə səylərini tənqid etmək və ya birtərəfli qaydada yeni "şərtlər" yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər etmək konstruktiv dialoqun başlamasına imkan vermir”.
Cümlənin birinci hissəsindəki “şərtlər” ifadəsi Ermənistanın Baş naziri Nikol Paşinyana aid idi. Çünki məhz Ermənistanın Baş naziri sərhədəki döyüşlərdən sonra hökumətin iclasında münaqişənin həlli ilə bağlı təxribatçı “şərtlər” irəli sürmüşdü. Göründüyü kimi, vasitəçilər Paşinyanın “şərtlər” irəli sürməsini danışıqlara zərər kimi qiymətləndirmişdilər.
Həmsədrlərin bəyanatındakı cümlənin əvvəli və ikinci hissəsi isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə aid idi. Hikmət Hacıyev sərhəddəki döyüşlərdən sonra demişdi ki, rəsmi Bakı Minsk Qrupunun 11 üzvünün toplanmasını vacib hesab edir. Bundan başqa Hikmət Hacıyev vasitəçilərin fəaliyyətindən narazılığını bildirmişdi. Həmsədrlər isə bəyanatlarında buna cavab olaraq mövcud formatın dəyişilməsinin dialoqa zidd olduğunu vurğuladılar.
- Tovuz hadisələri zamanı ən aktual suallardan biri də bu idi: Rusiya münaqişəyə müdaxilə edəcəkmi? Sizcə, Kreml o zaman nə üçün prosesə müdaxilə etmədi?
- Rusiyanın keçmiş Dağlıq Qarabağ məsələsində fəallığı və vasitəçiliyi hər zaman Azərbaycanın əleyhinə olub. Vaxtilə erməniləri kütləvi surətdə Dağlıq Qarabağda yerləşdirən Rusiya imperiyası sonrakı onilliklərdə də əlindən gələni edib ki, bölgədəki erməniləri qorusun.
Rusiya 2016-cı ilin Aprelində də Azərbaycana mane olaraq savaşın davam etdirilməsinə imkan verməyərək, daha çox ərazinin işğaldan azad olunmasını əngəllədi.
Tovuz hadisələri Azərbaycana torpaqları işğaldan azad etmək üçün növbəti şans yaradırdı. Kremlin prosesə müdaxiləyə hazırlaşdığına dair xəbərlərə rast gəlinirdi.
Vladimir Putin Cənub və Qərb hərbi dairələrinin qoşunlarının qəfil yoxlanışını elan etdi. Rusiya qoşunlarının cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək "Qafqaz-2020" təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılırdı. Bundan başqa, Vladimir Putin iyulun 17-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə etdi. Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Təlhükəsizlik Şurasının iclasında Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyacın olması vurğulanıb”.
Atəşkəs Azərbaycanın maraqlarına cavab vermirdi. Ona görə də rəsmi Bakı Moskvanın səyləri diplomatik tərzdə müsbət qiymətləndirilməklə yanaşı, Rusiyanın istənilən vasitəçiliyindən yayınmağa çalışmalıydı. Çünki Rusiyanın təkbaşına vasitəçiliyi işğalın davamına xidmət edəcəkdi.
Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyana simpatiyası yoxdur. Ancaq bu o demək deyildi ki, Kreml sahibi Ermənistandan imtina etməyə hazır idi. Rusiya döyüşlərin hansısa mərhələsində Azərbaycana və Ermənistana qəti şəkildə dayanmaq tələbini irəli sürə bilərdi. Bundan necə qurtula bilərdik?
Rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırması Rusiyanın təzyiqlərini neytrallaşdırmağa xidmət edəcəkdi. Kreml sahibinin Azərbaycan və Türkiyə prezidentləri ilə tərəfdaşlıq münasibətləri var. Bu mənada Kreml sahibinin sözçüsü Peksovun son açıqlaması da maraqlı idi: “Putin və Ərdoğan bir-birinə bənzəyirlər. Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar. Bu, Suriya probleminə də aiddir”.
Suriya probleminə aid olan Ermənistan-Azərbaycan münaqişəsinə niyə aid olmasın? Ərdoğanın son hadisələr fonunda Azərbaycana verdiyi qətiyyətli dəstək Putini düşünməyə vadar etməliydi. Kiçik və işğalçı Ermənistana görə Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirməyə dəyərdimi?
- Bu gün bir sual hələ də aktual olaraq qalır. Tovuz hadisələri olmasaydı, 44 günlük müharibə yenə də baş verərdi?
- Məncə, baş verərdi. Çünki Prezident İlham Əliyev qərarını vermişdi. İlham Əliyev 2020-ci ilin iyulun 21-də Bakıda şəhid ailələri ilə görüşdəki çıxışında Türkiyə ilə strateji tərəfdaşlığa önəm verdiyini bir daha vurğuladı. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı: “Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Biz sona qədər bir yerdəyik”. İlham Əliyevin bu sözlərindən aydın oldu ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmağa hazırdır. Elə sərhəddəki insident zamanı müdafiə nazirinin Ankaraya göndərilməsi prezidentlərin telefon söhbətindən sonra reallaşmışdı.
Prezident İlham Əliyevin daha sonra işğal altındakı torpaqlarla bağlı yanaşmasında diqqət çəkən cümlələri oldu: “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.
Dövlət başçısının sözlərindən bu qənaətə gəlmək olar ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazırlıq gedir. Ancaq budəfəki hərbi əməliyyat 2016-cı ilin əməliyyatına bənzəməməlidir, yəni kiçik ərazinin azad olunması ilə kifayətlənə bilmərik, Prezidentin də dediyi kimi, “yarımçıq həll” Azərbaycanın maraqlarına cavab vermir. Bu mənada Prezidentin Şuşanı xatırlaması təsadüfi deyildi.
Prezidendin çıxışının bu hissəsi ona görə vacib idi ki, Azərbaycan ictimaiyyəti Tovuz döyüşlərdən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edirdi. Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaq üçün Azərbaycan üçün münbit zəmin yaradırdı. Prezident də Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını bildirirdi. Ancaq Prezident son qərarı vermək üçün başqa amilləri də nəzərə almaq məcburiyyətində idi. Bu amillər içərisində Azərbaycanda qarışıqlıq yaratmaq istəyən güclərdən tutmuş xarici mərkəzlərin işğalçıya dəstəyinə qədər amillər var idi. Müharibə başlayacağı təqdirdə bu risklər ortadan qaldırılmalı idi.
Buna baxmayaraq, Azərbaycan Prezidentinin fikri qəti idi: Müharibə qaçılmazdır. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesaj idi ki, onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA