sedanews.az
sedanews.az

Ağdamın yenidən qurulması –Böyük Qayıdışa gedən yol

16-02-2022, 16:21 277 dəfə baxılıb

Tarix şəhərlərin, hətta bir çox hallarda kəndlərin belə təməlini qoyan şəxsiyyətləri unutmur, onlar əsrlər boyunca xalq yaddaşında qorunub saxlanır, hörmətlə yad olunur...
Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Azərbaycan torpaqlarında Ermənistan 30 ilə yaxın müddətdə misli görünməmiş vandalizm törədərək onlarla şəhər və qəsəbələrimizi, yüzlərlə kəndi tamamilə məhv edib. Ağdam şəhəri, demək olar ki, yalnız adı qalan belə yaşayış məntəqələrimizin bariz nümunəsidir. Azərbaycanın Qarabağ zəfərindən sonra bütün dünya Ermənistanın əsl çirkin üzünün şahidi oldu.
Öz dəhşətli mənzərəsi ilə xarici media tərəfindən “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhəri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Qarabağın dirçəlişi strategiyası çərçivəsində bərpa olunan, daha doğrusu, yenidən qurulmaqda olan yaşayış məntəqələrindən biridir.
Artıq Ağdam şəhəri və bütövlükdə Ağdam rayonu böyük bir tikinti-quruculuq meydanına çevrilməkdədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Ağdam rayonuna səfəri bölgədə görülən işlərin miqyasına bir daha işıq saldı.
Belə ki, səfər çərçivəsində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu. Sözügedən obyektlərin fəaliyyətə başlaması Ağdam rayonunun ölkənin ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində atılmış olduqca mühüm addımdır. Elektrik enerjisi ilə bərabər, Ağdama ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti də gətirilib. Bu xətlərin çəkilişi böyük təhlükəyə və çətinliklərə baxmayaraq, minalanmış ərazilərdə cığırlar açmaqla həyata keçirilib.
Həmçinin, dövlət başçısı Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan bir sıra qurğuların və Xalça istehsalı müəssisələrinin də təməlini qoyub. Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkının fəaliyyəti Azərbaycanda gedən sənayeləşmə prosesinə, xüsusən də qeyri-neft sənayesinin inkişafına böyük töhfə verəcəkdir.
Ağdamın yenidən qurulması və bölgədə insan yaşayışının təmin edilməsi istiqamətində digər çox vacib işlər də görülür. Belə ki, dövlət başçısı tərəfindən 209 mənzildən ibarət yeni yaşayış kompleksinin,“Park Forest Otel Ağdam” mehmanxanasının və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməllərini qoyub. Xatırladaq ki, ötən il mayın 28-də ölkə başçısı Ağdam şəhər 1 saylı orta məktəbin də əsasını qoyub. Bununla yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Beləliklə, yaxın 1-2 il ərzində Ağdama qayıdışın təmin edilməsi məqsədilə ən zəruri infrastruktur layihələrinin icrası başa çatdırılacaqdır.
Eyni zamanda, Azərbaycan xalqının dini-mənəvi və mədəni dəyərlərinin qorunmasında, yaşadılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin aparılması işğal dövründə Ermənistan tərəfinin hərbi məqsədləri üçün istifadə olunan bu qədim tikilinin yenidən dini ibadət və mənəvi rahatlıq məkanına çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Prezident İlham Əliyev Qarabağı düşmən tapdağından xilas edən Müzəffər Ali Baş Komandan olmaqla yanaşı, həm də onun qurucusu kimi tarix yazmaqdadır. Bu gün Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ağdam, Füzuli və digər şəhərlərin, qəsəbə və kəndlərin yenidən qurulması Azərbaycan xalqının Qarabağa qayıdışına uzun illər əngəl olmağa çalışan məkrli erməni planlarının birdəfəlik iflas olmasının, Azərbaycan xalqının bu torpaqların əbədi sahibi olduğunun bariz sübutudur.
Bu fonda Ağdamda gedən bərpa-quruculuq işləri Qarabağın dirçəlişinin nümunəsi, Azərbaycan xalqının yaradıcı mahiyyətinin təntənəsidir.
                                                                                               Hülya Məmmədli
                                                                                                    Politoloq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA