sedanews.az
sedanews.az

"Ayrı-ayrı vəzifəli şəxsləri və ya peşə sahiblərini reklam etmək olmaz"

10-06-2020, 13:20 1 879 dəfə baxılıb

"Ayrı-ayrı vəzifəli şəxsləri və ya peşə sahiblərini reklam etmək olmaz"



 

Beynəlxalq Reklam Assossasiyasının üzvü və hal-hazırda “KEAN GROUP MMC”-nin direktoru Etibar Əbdülqasımovla həmsöhbət oldum.

- Etibar müəllim, 2 fevral 2015-ci il tarixdə Milli Məclisdə reklam haqqında qanunla bağlı müzakirəyə çıxarılan məsələlər üzrə sizin də müstəqil fikirləriniz olmuşdur. Məhz bu müzakirədən sonra 14 iyul 2015-ci il tarixdə reklam haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minmiş, daha sonra isə 20 iyun 2017-ci il tarixdə Azərbaycan Dövlət Reklam Agentliyi publik hüquqi şəxs olaraq yaradılmışdır. Həmin vaxtdan hazırki dövrə qədər xeyli vaxt keçmişdir. Siz bir reklam mütəxəssisi kimi reklamda olan yeniliklər və çatışmazlıqlar barədə nə deyə bilərsiniz?
Məlumdur ki, reklamın tarixi çox qədimdir. Deyərdim ki, insan özünü dərk edib, qəbilələr şəklində yaşadıqları zamandan insanlar arasında reklamın ilk xüsusiyyətləri öz təzahürünü tapmağa başlamışdır. Sadəcə olaraq, kor-təbii şəkildə insanlar özləri də bilmədən hər hansı əşyanı və ya bəzək şeylərini öz üzərilərində gəzdirməklə, digərlərinə göstərməklə, ondan qürur duyur, yaxud, özünün digərlərindən üstünlüyünü nümayiş etdirirdilər. Yəni, ilkin insanlar özləri də bilmədən müəyyən əşyalarını nümayiş etdirirdilər. Bax budur reklamın tarixi! Məhz bunun sayəsində insanlar ilkin dövrlərdə qiymətli hesab etdikləri ayrı-ayrı əşyaları bir-birinə göstərməklə, həmin əşyaların digərləri tərəfindən də əldə olunmasına nail olurdular. Nəhayət, zaman inkişaf etdikcə insanların düşüncələri daha da kamilləşmiş, onların qürur və öyünmək hisləri artmış,daha geniş şəbəkədə əşya və əmtəələri reklam etməyə başlamışlar. Göründüyü kimi, reklam ibtidai dövrlərdə insanın qüruru ilə bağlı olmuşdur. Demək reklam insanla bağlıdır. İnsan yoxdursa, reklam da yoxdur. Mən reklamın tarixinə çox sirayət etmək istəmirəm. Bu barədə həm Azərbaycan, həm də dünya ədəbiyyatında dəfələrlə yazılmışdır. O ki qaldı hazırkı dövrə, sivil dünyanın müasir reklamına primitiv yanaşma mümkün deyildir.

Yer kürəsində olan dövlətlər bir-birindən çox uzaq məsafələrdə olsa da, ayrı-ayrı materiklərdə yerləşsə də, həmin dövlətlərin bir-biriylə ünsiyyəti gündəlikdir. Bu isə inteqrasiya anlamıdır. Elmin və texnikanın sürətli inkişafı artıq imkan yaratmışdır ki, dünyanın əksər dövlətləri reklam işini yüksək səviyyədə əlaqəli şəkildə qursunlar. Beynəlxalq Reklam Assosasiyasının yaradılması bunun bariz nümunəsdir. Azərbaycan Respublikasında reklam işinin inkişafı xüsusilə 1993-cü ildən sürətli vüsət almışdır. Bu, Azərbaycan Respublikasının müstəqilliyi ilə bağlı olmaqla yanaşı, həmçinin, 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə yenidən rəhbərlik etməsi ilə üzvi şəkildə bağlıdır. Dünya şöhrətli siyasətçi tərəfindən dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində sosial-iqtisadi proqramların ardıcıl qəbul edilməsi və həyata keçirilməsi bütün sahələrdə olduğu kimi Azərbaycanda reklam sahəsini də müasir dövrün tələblərinə uyğun şəkildə, davamlı inkişafını təmin etmişdir. Nəhayət Azərbaycan xalqının ümumilli lideri ulu öndər Heydər Əliyevin dövlətçilik kursunun layiqli davamçısı prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs olaraq Azərbaycan Dövlət Reklam Agentliyi yaradılmışdır.Dövlət Reklam Agentliyinin yaradılması mən deyərdim ki, dünyada innovativ sistemlərin tərkib hissəsi olaraq yeni tipli bir layihənin başlanğıcıdır. Mahiyyətcə isə reklama dövlət qayğısının təzahürüdür. Bəziləri reklamda dövlət sözünün olmasına bir mənalı yanaşmırlar. Əksinə, hesab edirəm ki, bu daha vacibdir. Belə ki, dövlət və reklamın qarşılıqlı əlaqəsi həm ölkədaxili, həm də beynəlxalq səviyyədə reklamın inkişafını daha da gücləndirir. Siz ümumiyyətlə reklama necə baxırsınız? Bu barədə şəxsi düşüncələriniz nədir?

Mən reklam haqqında şəxsi fikirlərimin bir hissəsini hələ 2015-ci ildə verdiyim məqalələrimdə və müsahibələrimdə demişəm. Əlavə olaraq  bildirirəm ki, reklam yalnız reklam daşıyıcıları ilə yayılan informasiya deyil, bugünkü reallıqda ölkənin bütün ictimai-siyasi və iqtisadi həyatında yer tutan önəmli bir xidmət növüdür. Reklam insanlarda böyük inam yaratmaq, əminlik hissini, xüsusilə görmə üsulu vasitəsi ilə insanların bilik və düşüncələrini artırmaq, daxili və beynəlxalq bazarın səviyyəsini göstərmək, yeni üsul və vasitələrlə inkişafa təkanı gücləndirmək qabiliyyətinə malik olan real mexanizmdir. Reklam ölkənin dinamik inkişafını və bütün dünyəvi yenilikləri daimi olaraq əhalinin nəzərinə çatdırmaq üçün bir vasitədir. Mən gənc yaşlarımdan reklam dünyasının içərisində olmuşam. 24 illik reklamla bağlı əmək fəaliyyətim məni bir peşəkar olaraq bu sahəyə ruhən bağlamışdır. Reklam yeniliyi tərənnüm edir. Yenilik isə inkişaf deməkdir. Düşünürəm ki, reklamsız cəmiyyət tənəzzülə meyillidir. Məlumdur ki, reklam özü-özünü maliyyələndirir. Azərbaycanda Dövlət Reklam Agentliyinin yaradılması, reklam sahəsində mövcud olan hər cür ölkədaxili xaos və özbaşınalıqlara son qoymalıdır. Hər bir açıq və qapalı məkanda yerləşdirilən reklam agentliyin nəzarətindən kənarda qalmamalıdır. 

Etibar müəllim bugün televiziyalarda və sosial şəbəkələrdə gedən reklamlarla razısınızmı?
Maraqlı bir fakt deyim, bu gün ayrı-ayrı televiziya kanallarında hər gün müxtəlif saatlarda reklamlar verilir. Bu reklamların məzmun və mahiyyətinə fikir verirsinizmi? Son vaxtlar televiziya reklamlarında ayrı-ayrı həkimlik fəaliyyəti ilə məşğul olan şəxslərin reklamı verilir. Hansısa bir həkimə xüsusi tərif vurulur ki, peşəkardır, gözəl mütəxəssisdir və s. Mən bu məsələ ilə bağlı hələ 2015-ci ildə verdiyim müsahibəmdə bu haqda ətraflı danışmışdım. Bir daha mən bu faktın üzərində dayanıram ki, ayrı-ayrı vəzifəli şəxsləri və ya peşə sahiblərini reklam etmək olmaz. Reklam bir qayda olaraq, bütün sahələr üzrə əşya və əmtəələrə, eləcə də, insanlarda nikbinlik və yüksək əhval-ruhiyyə yaradan faktorlara aid olmalıdır. 

Hər hansı həkimin peşəkarlığına qiymət yalnız onun xidmət göstərdiyi insanlar və ya Səhiyyə Nazirliyi tərəfindən verilə bilər. Hesab edirəm ki, fərdi şəxslərin fərdi ambisiyalar əsasında reklam edilməsi yolverilməzdir. Bundan əlavə, qeyd etmək istərdim ki, “Reklam haqqında Azərbaycan Respublikası Qanunu”-nun 4.7 maddəsində nəzərdə tutulmuşdur ki, Reklamda “Dövlət dili haqqında Azərbaycan Respublikası Qanunu”-nun müddəalarına riayət edilməlidir. Reklam vericinin tələbinə əsasən Reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Təəssüflər olsun ki, reklam haqqında qanunun bu tələbi demək olar ki, yerinə yetirilmir. Gözəl Bakımızın, xüsusilə mərkəzi hissələrində bir çox ofislər, agentliklər, marketinqlər və qurumlar qarşısında vurulan reklam lövhələrində ümumiyyətlə dövlət dilindən istifadə olunmamışdır. Yalnız əcnəbi dillərdən istifadə olunmuşdur. Hesab edirəm ki, bu eyni zamanda milli dəyərlərimizə, dövlətimizə və mədəniyyətimizə qarşı laqeydlikdir.

Etibar müəllim, bugün Azərbaycanda sosial reklam hansı səviyyədədir?
Reklam haqqında qanunun 10-cu maddəsində sosial reklamdan bəhs olunur.

Sosial reklam-insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətini cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa yönəlmiş maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyrikommersiya xarakterli məlumatdır. Qanun tələbinə görə, sosial reklam ümumi reklam işinin ən azı 8%-ni təşkil etməlidir. Sosial reklam tam şəkildə anlaşılan və başa düşülən olmalıdır. Hər hansı bir xəstəliyə qarşı olan tədbirləri reklam etmək sosial reklam ola bilməz. Çünki, bunun üçün Səhiyyə Nazirliyi mövcuddur. Bu kimi tədbirləri şüarlamaq, yaxud  reklam etmək birbaşa Səhiyyə Nazirliyinin funksiyasıdır və bu məsələ onların üzərinə düşür. Həkim məsləhəti reklam kimi qiymətləndirilə bilməz.

Bundan əlavə, bugün ən ağrılı sahələrdən biri radio və televiziya yayımlarında aparılan reklamlardır. Efir reklamlarının bir hissəsi çoxsaylı tamaşaçıların gözü qarşısında qüsurla həyata keçirilir. Bu onun nəticəsidir ki, efir reklamları demək olar ki, tam şəkildə Dövlət Reklam Agentliyinin nəzarətindən kənardadır. O cümlədən, Azərbaycan Respublikasında mövcud olan böyük həcmli ticarət şəbəkələri və bazarlarda aparılan reklam işləri də Dövlət Reklam Agentliyinin nəzarətində deyil. Dövlət Reklam Agentliyi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmirsə bunun səbəbləri mütəmadi olaraq təhlil edilməlidir. Əgər ayrı-ayrı qurumlar reklam sahəsində öz fəaliyyətini tənzimləyirsə o halda, Azərbaycan Dövlət Reklam Agentliyinin yaradılmasına zərurət vardırmı? Ona görə də,bu sahədə olan xaos və özbaşınalıqlara son qoyulmalıdır. Dövlət Reklam Agentliyi qanunla nəzərdə tutulan funksiyasını yerinə yetirməyə qadir olmalıdır.  Düşünürəm ki, Azərbaycanda reklam işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu xidmət sahəsində çevik və intibah xarakterli addımlar atılmaqla xidmətin hüquqi-normativ sahəsində də mütəmadi olaraq yenilikçi qərarlar üzərində düşünülməli, Dövlət Reklam Agentliyinin yaradılması kimi innovativ addımın inkişaf etdirilməsi məsuliyyəti daimi olaraq diqqət mərkəzində saxlanılmalıdır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA