Jurnalistlər Milli Məclisin növbəti iclasına çağırılmayacaq
Milli Məclisin iyunun 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, iclasda yeddi məsələ müzakirə ediləcək.
“2019-cu il dövlət büdcəsinin icrası haqqında” sənəd, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik də ikinci oxunuşa təqdim olunacaq.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında layihə parlamentin iclasının gündəliyinə salınıb.
Deputatlar “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara dəyişikliklərə də münasibət bildirəcəklər.
Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələrin səsə qoyulması gözlənilir.
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Parlamentin iclasına koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı KİV nümayəndələri dəvət edilməyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.