Türkiyə kritik qanunu qəbul etdi

Türkiyə Böyük Millət Məclisi “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsini qəbul edib.
sedanevs.az xəbər verir ki, “Milli birliyin möhkəmləndirilməsi və sosial inteqrasiya haqqında” qanun layihəsi Türkiyə parlamentinin plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilərək qüvvəyə minib.
Qanun layihəsinin plenar iclasda müzakirəsi təxminən 12 saat davam edib.
Səsvermənin nəticələrinə görə, qanun layihəsinin lehinə 468 deputat səs verib, 88 deputat əleyhinə çıxıb, 6 deputat isə bitərəf qalıb.
Beləliklə, qanun qəbul edilərək qüvvəyə minib.
Qeyd edək ki, ictimaiyyətdə “Terrorsuz Türkiyə Qanunu” və ya “çərçivə qanun” adlandırılan sənəd PKK/KCK-nın fəaliyyətinə son qoyulması və silahların təhvil verilməsi prosesinin hüquqi mexanizmlərini müəyyənləşdirir. Qanunun tətbiqi təşkilatın faktiki fəaliyyətini dayandırmasının və silahlarını təhvil verməsinin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməsi, daha sonra isə bu qərarın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunması şərtinə bağlanır.
Sənəddə müəyyən cinayət işləri üzrə istintaq və məhkəmə proseslərinin təxirə salınması, silah-sursatın qeydiyyata alınması və prosesə nəzarət üçün xüsusi Şura və Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulur. Qanun daimi xarakter daşımır və onun imkanlarından yararlanmaq istəyən şəxslərin Milli Təhlükəsizlik Şurasının qərarının “Rəsmi Qəzet”də dərcindən sonra 6 ay ərzində müraciət etməsi tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: