ABŞ-dan Türkiyəyə zərbə: Ankaranın cavabı olacaq?
ABŞ Suriyada PKK/YPG birləşmələrini silahlandıraraq, Türkiyəni təxribata çəkmək istəyir.Bu sözləri
Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın Suriyada PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratmasını şərh edərkən deyib. O vurğulayıb ki, ABŞ regionda yeni bir bölücü terror qruplaşması yaradır:
“ABŞ başda olmaqla, bir sıra Qərbi Avropa ölkəsi Yaxın Şərqdə, xüsusilə də Suriyada öz maraqlarına xidmət edəcək hərbi qruplaşmalardan istifadə edir. Bu mənada ABŞ-ın PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratması yenilik deyil. Yəni ad dəyişsə də, mahiyyət dəyişmir”.
Ekspert bildirib ki, ABŞ-ın bu addımı Türkiyənin milli maraqlarına ziddir:
“Düşünürəm ki, ABŞ-ın regionda yeni bir silahlı qruplaşma yaratması ilk növbədə Türkiyəni narahat edəcək. Çünki bu dəstələr PKK/YPG silahlılarından ibarət olacaq. Türkiyənin regionda hərbi əməliyyatlar aparmasının başlıca səbəbi sərhədlərində bu terror birləşmələrinin aktivləşməsinin qarşısını almaqdır. Yəni bu mənada düşünürəm ki, Türkiyə ABŞ-ın bu təşəbbüsünə yaxın zamanda sərt reaksiya verəcək”.
V.Zifəroğlu ABŞ-ın PKK/YPG qruplaşmalarını silahlandırmasının pərdəarxası məqamlarından danışıb:
“ABŞ Suriya və İraqda manevr imkanlarını maksimum artırmağa çalışır. Bunun üçün də ənənəvi olaraq kürd kartından istifadə edir. Bu, istər ABŞ-ın, istərsə də ondan öncə regionda fəaliyyət göstərən İngiltərənin köhnə siyasətidir”.
Ekspert deyib ki, ABŞ regionda sabitlik istəmir:
“Heç kəsə sirr deyil ki, ABŞ-ın regionda ciddi maraqları var. Hazırda Suriyada davam edən nisbi sakitlik Vaşinqtonu narahat edir. Son günlər Liviyada yaşanan fəallığın yaxın günlərdə Suriyada da müşahidə ediləcəyi gözlənilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.