Son zamanlar yaşayış binalarında təhülkəsizlik standartlarına əməl olunmaması ciddi risklər yaradır. Bu cür halların artması isə sakinlərin həyat və sağlamlığını birbaşa təhlükə altına qoyur.Mövzu ilə bağlı
Teleqraf-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, son dövrlərdə yaşayış binalarında baş verən hadisələr yanğın təhlükəsizliyinə yalnız texniki standart kimi deyil, kompleks risk idarəetməsi çərçivəsində yanaşmağın vacibliyini göstərir:
“Təhlükəsizlik məsələləri təkcə layihələndirmə mərhələsində deyil, binanın gündəlik istismarı zamanı da formalaşmalıdır. Burada idarəetmə mexanizmləri, texniki sistemlər və sakinlərin davranışı vahid sistemin tərkib hissəsidir. Ən çox pozulan tələblərdən biri təxliyə yollarının açıq saxlanılmamasıdır. Təcrübədə tez-tez görürük ki, pilləkən qəfəslərində müxtəlif əşyalar saxlanılır. Halbuki qaydalara əsasən, təxliyə yolları daim açıq və maneəsiz olmalıdır. Bu yolların bağlanması fövqəladə vəziyyətdə insanların hərəkətini ləngidir və çıxışı təhlükəli edir”.
Ekspert bildirib ki, yanğın siqnalizasiya sistemlərinin quraşdırılmaması və ya işlək vəziyyətdə saxlanılmaması da ciddi problemdir:
“Tüstü detektorlarının olmaması və ya nasaz vəziyyətdə qalması yanğının gec aşkar edilməsinə səbəb olur. Bəzi binalarda tüstünün yayılmasının qarşısını alan texniki həllər də yoxdur. Nəticədə tüstü qısa müddətdə bütün binaya yayılır. Praktikada insanların çoxu alovdan deyil, məhz tüstüdən zəhərlənir. Bəzi yaşayış binalarında quraşdırılan xarici yanğın pilləkənləri əlavə təhlükəsizlik tədbiri kimi qiymətləndirilə bilər. Amma təkcə pilləkənlərin olması kifayət deyil. Təhlükəsizlik sistemi kompleks qurulmalıdır. Daxili yanğına davamlı pilləkənlər, tüstüdən qorunan zonalar, avtomatik siqnalizasiya və işlək su sistemləri təmin olunmalıdır”.
Ekspert köhnə və yeni tikililər arasındakı fərqlərə də toxunub:
“Əsas fərq layihələndirmə ilə bağlıdır. Yeni binalarda müasir yanğın siqnalizasiya sistemləri, davamlı materiallar və təxliyə planları nəzərdə tutulur. Ancaq bunlar yalnız kağız üzərində qalarsa və istismar zamanı nəzarət edilməzsə, yeni bina da riskli ola bilər. Köhnə tikililərdə isə əsas problem müasir sistemlərin olmaması və təxliyə infrastrukturunun məhdudluğudur. Hansının daha riskli olması konkret binanın texniki vəziyyəti və idarəetməsindən asılıdır”.
Orxan Musayev vəziyyətin yaxşılaşdırılması üçün mütəmadi real yoxlamaların aparılmasını vacib sayır:
“Təxliyə yolları daim açıq saxlanılmalı, texniki sistemlərin işlək vəziyyəti ciddi nəzarətdə olmalıdır. İnsanlar təxliyə istiqamətlərini əvvəlcədən bilməli, yanğın zamanı liftlərdən istifadə etməməli, tüstüdən qorunma qaydalarını mənimsəməlidirlər. İlkin yanğınsöndürmə vasitələri də əlçatan olmalı və sakinlər onlardan istifadə qaydasını bilməlidirlər. İlk dəqiqələrdə düzgün müdaxilə yanğının böyüməsinin qarşısını ala bilər”.
Məsələ ilə bağlı
Teleqraf-a açıqlama verən Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, tikintidə təhlükəsizlik standartlarının pozulmasına müxtəlif aspektlərdən yanaşmaq mümkündür:
“Rəsmi statistikada daha çox mülki və inzibati xarakterli pozuntular üstünlük təşkil edir. Ən çox rast gəlinən hallar digər şəxslərin, xüsusilə ətraf mülkiyyətçilərin hüquqlarının pozulması ilə bağlıdır. Bəzi hallarda sakin köçmək istəmədikdə əraziyə giriş-çıxış məhdudlaşdırılır, kommunal xətlərə zərər yetirilir və ya ağır texnikanın təsiri ilə əmlaka ziyan dəyir. Məhkəmə mübahisələrində də əsasən bu cür faktlar üstünlük təşkil edir”.
Ekspert əlavə edib ki, tikinti sahələrində əmək təhlükəsizliyi qaydalarının pozulması da ciddi problemdir. Onun sözlərinə görə, bəzən əməkdaşlar təhlükəsizlik qaydalarına əməl etmədən işləyir və bu, xəsarət və ya ölüm halları ilə nəticələnir. Yüksək mərtəbədən yıxılma faktlarına da rast gəlinir.
Ramil Osmanlı yaşayış binalarında yanğın çıxışları məsələsinə də aydınlıq gətirib:
“Tikinti norma və qaydalarına əsasən, bəzi qeyri-yaşayış binalarında əlavə xarici yanğın pilləkənləri və çıxışları məcburidir. Yaşayış binalarında isə bu tələb hər zaman tətbiq olunmur. Əgər norma pozuntusu nəticəsində ciddi xəsarət və ya insan tələfatı baş verərsə, qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür”.
Ekspert köhnə və yeni tikililər arasında yanğın təhlükəsizliyi baxımından ciddi fərq olmadığını bildirib:
“Köhnə binalar adətən azmərtəbəli və çoxbloklu olur. Bu isə təxliyəni asanlaşdırır. Məsələn, beş bloklu, beşmərtəbəli binada 100 ailəni təxliyə etmək bir bloklu, 16 mərtəbəli binadan daha asandır. Çıxışların sayı nə qədər çox olarsa, risk bir o qədər azalır”.
Ramil Osmanlı qeyd edib ki, vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atılır:
“Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə tədbirləri gücləndirilir, yeni texnika və avadanlıqlar alınır. Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi daha da artırılmalıdır. Zərurət yaranarsa, treninqlər və kurslar təşkil edilə bilər. İnsanlar fövqəladə vəziyyətdə necə davranmalı olduqlarını bilməlidirlər”.
Ekspert yanğın təhlükəsizlik qaydaları ilə bağlı vətəndaşlara da çağırış edib:
“Sakinlər binada yanğın təhlükəsizliyi standartlarına əməl olunub-olunmadığını diqqətdə saxlamalıdırlar. Yanğın su xətləri işlək vəziyyətdə olmalı, ehtiyat çıxışlar bağlanmamalıdır. Ümumi istifadə sahələrində tezalışan materialların saxlanılması yolverilməzdir. Bəzən sakinlər istifadə etmədikləri əşyaları bloklarda yığırlar. Bu isə həm giriş-çıxışı məhdudlaşdırır, həm də yanğın riskini artırır. Həm dövlət nəzarətinin gücləndirilməsi, həm də vətəndaş məsuliyyətinin artırılması yaşayış binalarında təhlükəsizliyin təmin olunmasında əsas şərtlərdəndir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.