sedanews.az
sedanews.az

Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir

30-04-2021, 14:52 637 dəfə baxılıb

Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir

Məlum olduğu kimi, COVİD-19 pandemiyasının yayıldığı ilk vaxtlardan etibarən Azərbaycan xəstəliyin yayılmasına qarşı və onun sosial-iqtisadi təsirlərinin aradan qaldırılması yönündə milli zəmində fəal tədbirlər görməyə başladı. Aydındır ki, qlobal miqyasa malik olan bu bəla ilə mübarizədə dövlətlərin və beynəlxalq təşkilatların birgə əməkdaşlığı, əlaqələndirilmiş fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 

Məhz bu amili nəzərə alaraq Prezident İlham Əliyev qlobal səviyyədə liderlik nümayiş etdirərək COVİD-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın təşviqi yönündə real addımlar atdı. Belə ki, dövlət başçısının təşəbbüsü ilə hazırda Azərbaycanın sədrlik etdiyi iki qurumun Türk Şurasının və Qoşulmama Hərəkatının ötən il onlayn formatda zirvə toplantıları keçirildi. Dekabr ayında isə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyası keçirildi. Bütün bu görüşlərdə, eləcə də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının aprelin 26-da keçirilən 77-ci sessiyasındakı çıxışında Prezident İlham Əliyev diqqəti pandemiyaya qarşı mübarizədə, eləcə də vaksinlərin dünya ölkələri arasında bölgüsündə ədalət prinsipinin qorunmasına yönəldib.

 Dövlət başçısı sözügedən tədbirdəki çıxışında COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın dövlət olaraq bütün potensialının səfərbər olunması, əhalinin vaksinasiyasının davamlı şəkildə təşkil edilməsi və pandemiyaya qarşı qlobal mübarizə məsələlərinə toxunub. Belə ki, Azərbaycan hökuməti COVID-19 pandemiyası başlanan ilk günlərdən əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərlə yanaşı, pandemiyanın iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket tətbiq etməyə başlayıb.

Dövlət başçısının qeyd etdiyi kimi, yanvar ayından etibarən əhalinin bu xəstəliyə qarşı peyvənd edilməsinə başlanıb və bu günədək əhalinin 14 faizi artıq peyvənd olunub. Vaksinlərin dünya ölkələri arasında ədalətsiz bölgüsü məsələsinə toxunan Prezident İlham Əliyev bunun dünyada qlobal təhdid yaradan xoşagəlməz bir tendensiya olmasını xüsusi qeyd edib. Belə ki, Azərbaycan dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini əməli şəkildə göstərərək koronavirusla bağlı əksəriyyətinin zəif inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu yaxınlarda isə BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. 

Göründüyü kimi, özünü qlobal güc, dünya lideri hesab edən bir sıra iri dövlətlər əvvəlcə pandemiya ilə mübarizədə istifadə olunan tibbi ləvazimatları, avadanlıqları, daha sonra isə vaksinləri lazım olandan da artıq miqdarda öz əllərində cəmləşdirərək süni qıtlıq və kasıb ölkələrə çətinlik yaratdılar. Azərbaycan isə Prezident İlham Əliyevin şəxsində əsl qlobal liderlik, humanizm və ədalət nümunəsi göstərərək pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasının yalnız birgə əməkdaşlıqla mümkün ola biləcəyini nümayiş etdirir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan dünyada vaksinlərin ədalətli bölgüsü və bütün ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini bundan sonra da davam etdirəcəkdir.

Elmir Mehdiyev

İqtisadçı







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA