Azərbaycan idmanının uğurlu inkişafı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan öz tarixinin sürətli inkişaf dövrünü yaşayır. Hər bir sahədə olan tərəqqi bədən tərbiyəsi və idmandan da yan keçmir.
Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi buna əyani sübutdur.
Hazırda Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri, Paytaxtımızda isə ən müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir.
İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutmuşdur. Həm böyüklər, həm də gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Təsadüfi deyildir ki, bu ilin mart ayında 23 yaşadək güləşçilərin Bolqarıstanda keçirilmiş 7 – ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal (7-si qızıl, 2 gümüş, 7 bürünc) qazandı. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U – 23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir.
Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında birinci olmaq böyük nailiyyətdir. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladı. Ölkənin dövlət himni bu yarışlarda yeddi dəfə səsləndirildi. Bu çox sevindirici haldır. Çünki, bu günün idmançıları beynəlxalq yarışlarda düşmən üzərində qalib gəlmiş müzəffər xalqı təmsil edir. İkinci Qarabağ müharibəsində qazandığımız uğurlara görə təkcə Azərbaycan vətəndaşları yox, artıq bütün dünya azərbaycanlılar haqqında qürur hissi ilə danışır.
İdmanın bütün sahələrində əldə etdiyimiz bu nəticələr Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səy və qəbul etdiyi qərarları sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin
fiziki tərbiyə müəllimi Əmirli Müşfiq