sedanews.az
sedanews.az

“İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır”- İlham Əliyev

23-07-2021, 11:05 373 dəfə baxılıb

“İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır”

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 iyul tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının Azərbaycana yaxın tərəfdaş olduğunu bildirib.

Azərbaycanın “təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etməsi”, 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsi həm ölkəmizin, həm də onun müzəffər Ali Baş Komandanının nüfuzunu dünya miqyasında artırmaqla yanaşı, etibarlı tərəfdaş kimi postkonflikt dövründə də dünya liderlərinin ölkəmizə olan hörmətini, marağını daha da artırdı. Keçmişdən lazımi nəticələri çıxararaq daim irəliyə baxan, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa işləri aparan, müasir texnologiyalara, yeni əməkdaşlıqlara, ticarət əlaqələrinin inkişafına hər zaman açıq olan ölkəmizə bu maraq təbiidir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, biznes mühitinə görə dünyada 28-ci yerdə olan Azərbaycanda xarici sərmayələrin müvafiq qaydada qorunması eyni zamanda ölkəmizi güvənilən tərəfdaş kimi də maraqlı edir. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri də istisna deyil.

Bildiyimiz kimi, Avropa İttifaqına bir sıra üzv ölkələrlə Azərbaycanın müxtəlif sferalarda, əsasən də ticarət, enerji sahələrində etibarlı tərəfdaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin vurğuladığı kimi hətta 9 Aİ üzvü ilə ölkəmiz arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, bu isə İttifaqın üçdə birini əhatə edir. 

Şarl Mişelin bölgənin hər üç dövlətinə - Azərbaycana, Gürcüstana və Ermənistana səfəri regionda gedən proseslərin Avropa İttifaqı ölkələrinin diqqət məkəzində olduğundan xəbər verir. Bu həm də, Şarl Mişelin özünün dediyi kimi, “bir işarə, bir mesajdır”... 

Sözügedən mətbuat konfransında BTƏ, TANAP və TAP kəmərlərini əhatə edən Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyət hesab edən ölkə başçımız bu ilin əvvəlindən günümüzə qədər ölkəmizdən Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə də İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunduğunu və bunun həcminin artacağını da xüsusi vurğuladı. Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədrləri Azərbaycan və Avropa İttifaqıdır. 

Avropa İttifaqı ilə bərabərhüquqlu dövlət kimi artıq uzun illərdir ki, əməkdaşlıq edən Azərbaycan 15 ildir Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Nəhəng nəqliyyat infrastruktur layihələri, rabitə və yüksək texnologiyalar sektorunda əlaqələrin daha da inkişaf etdirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Eləcə də Avropa İttifaqının bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli, etibarlı, “sözü ilə əməli arasında heç bir fərq olmayan” dövlət olmasından xəbər verir. Sərhədlərin delimitasiyası məsələsində də İttifaq ölkələri yaxından iştirak etmək, regional əməkdaşlıq səylərində fəal olmaq, həvəsləndirmək arzusundadırlar. 

Bununla yanaşı, bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. 

Dövlət başçımızın söylədiyi kimi, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşdur. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, gələcəkdə istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Bu da nəqliyyat sektoruna Avropada çox böyük marağın olması ilə bağlıdır.

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür, üç beynəlxalq hava limanı inşa edilir. Birincisi - Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi - Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

Əgər indiyə qədər Avropanın 1700-dən çox şirkəti ölkəmizdə çalışırdısa, indi xarici investisiyalar üçün açıq olan, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunan ərazilərimizdə daha çox şirkət çalışacaq, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, turizm kimi cəlbedici sahələrdə fəaliyyət göstərəcək və bununla da bölgədə geniş regional əməkdaşlığın təməli qoyulacaq. 

Qarabağ və Şərqi Zəngəzur regionun ən önəmli nəqliyyat, ticarət marştutlarına çevrilə bilər.  Xəzər regionunda ən böyük dəniz donanmasına malik olan Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artıra bilər. Yükaşırma qabiliyyəti 10 milyon ton olan və bunun 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanı Azərbaycanın logistik və nəqliyyat şəbəkəsinin ən mühüm elementlərindən biridir. 

Əlbəttə ki, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı da verəcək. Eyni zamanda, Ermənistan sərhəddinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Ermənistan ərazisində qurulacaq magistral və dəmir yollarının uzunluğu təxminən 40 kilometr olacaq. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmanı dəstəkləyir.

Digər məsələ bütün regionda dayanıqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına mane olan amillərin ortadan birgə qaldırılmasıdır. Bu maneələrin başında ermənilər tərəfindən basdırılmış minaların ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirməsidir. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan şəhər və kəndlərimizi qadağan olunmuş silahlarla hədəfə alaraq digər müharibə cinayətləri də törədib, 100-dən artıq dinc sakini qətlə yetirib.

Şarl Mişel Ermənistanda bəyan etmişdi ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstanda isə bəyan etmişdi ki, Avropa İttifaqı Gürcüstana 2,3 milyard avro vəsait ayıracaq. Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirilməsini Prezident İlham Əliyev “ədalətsiz mövqe” adlandıraraq müharibədən daha çox əziyyət çəkən, dağımış ərazilərin bərpasının böyük maliyyə vəsaiti tələb etdiyini vurğulayaraq “bu məsələyə aydınlıq gətiriləcəyinə və Ermənistana verilən qədər eyni şərtlərlə bizə də təklif olunacağına” ümid eydiyini vurğuladı. 

Bununla belə, Şarl Mişelin Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətməməsini Prezident İlham Əliyev “çox müdrik addım, dövlət xadiminin addımı” adlandıraraq bunu qiymətləndirdiyini vurğulayıb. 

Mətbuat konfransından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim etməsi də yaxın günlərdə ölkəmizə ilk dəfə səfər edən fransız əsilli Prezidentə bir mesaj idi. 


                                                                    Güllü Yoloğlu

                                                                     tarix elmnləri doktoru,

                                      AzTV-nin Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin rəhbəri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA