Suriyada baş verənləri müxtəlif cür qəbul etmək olar. Bunun Moskvanın xüsusi hərbi əməliyyatdan diqqətini yayındırmaq fonunda baş verməsi müəyyən qüvvələrin Rusiya qoşunlarına dəstəyin bir hissəsini Ukrayna cəbhəsindən Yaxın Şərqə çəkməyə çalışdığını göstərir. Bunu
Axar.az-a rusiyalı politoloq
Yevgeni Mixaylov Suriya hökumət qoşunları ilə müxalifət qrupları arasında ötən gün baş verən toqquşmaları şərh edərkən deyib.
“Suriya hökumətinə qarşı əməliyyatda təkcə “Heyət Təhrir əl-Şam” deyil, türkiyəyönlü hesab edilən qruplar da iştirak edir. Suriyada eskalasiyanın Moskva və Ankaranın vasitəçiliyi ilə dayandırılmasına baxmayaraq, əlbəttə ki, Moskvanın Türkiyə rəhbərliyinə sualları olacaq: əslində nə baş verir?”, - o bildirib.
Mixaylovun fikrincə, vəziyyət qeyri-müəyyəndir, çünki eskalasiya ABŞ-ın vasitəçiliyi ilə İsrail və Hizbullah arasında barışıq elan edildikdən dərhal sonra başlayıb:
“Düşünürəm ki, bu gün Rusiya tərəfi və şəxsən Əsəd arasında bəzi geniş miqyaslı məsləhətləşmələr aparılacaq. Bəzi qərarlar veriləcək. Və bu qərarlar terrorçu qrupların xoşuna gəlməyəcək. Yenə də əminəm ki, baş verənlərdə anlaşılmazlıq olmasın deyə, Moskva ilə Türkiyə arasında bir növ dialoq olacaq. Şübhə etmirəm ki, amerikalılar İsraillə Hizbullah arasında barışıqda iştirak edərək burada vacib rol oynayıb. Rus ayısını özünün gözləmədiyi tərəfdən sancmağa qərar veriblər. Biz amerikalıların müxtəlif təxribatlara qadir olduğunu təxmin edirdik. Amma bu vəziyyətin inkişafına da hazır idik. İndi müəyyən əməliyyat tədbirləri həyata keçiriləcək və artıq Rusiya Aerokosmik Qüvvələrinin terror aktının dəf edilməsində fəal iştirak etdiyi barədə məlumatlar var. Yaxşı, müşahidəyə davam edəcəyik”.
Qeyd edək ki, dünəndən etibarən islamçı “Heyət Təhrir əş-Şam” qruplaşması Suriya ordusu və İranın dəstəklədiyi silahlılara qarşı böyük əməliyyata başlayıb. “Heyət Təhrir əş-Şam” qruplaşmasının əməliyyatları türkiyəyönlü qüvvələrin dəstəyilə həyata keçirdiyi barədə Rusiya mediası iddialar tirajlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.