sedanews.az
sedanews.az

Bu, Ərdoğanın Putinlə görüşünə “cavab” idi - General

4-07-2024, 15:10 213 dəfə baxılıb

   Türkiyə ilə Suriya arasında münasibətlər 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından, ABŞ-ın başçılıq etdiyi koalisiyasının, İŞİD, PKK və YPG terror təşkilatlarının oraya girməsindən sonra gərginləşdi. Dövlətimiz Suriyadan qaynaqlanan terror təhdidinin qarşısını almaq üçün bir sıra hərəkatlar həyata keçirərək təhlükəsiz bölgələr qurdu. Buradakı fəaliyyətlər də müxtəlif dövrlərdə ABŞ və Rusiya ilə koordinasiyalı şəkildə aparıldı.
  Bu sözləri Axar.az-a Türkiyə və Suriya arasında meydana gələn son gərginliyin münasibətlərin normallaşması prosesinə təsiri barədə danışan qardaş ölkənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.
 General bölgədə marağı olan bir sıra qlobal güc mərkəzlərinin münasibətlərin normallaşdırılmasını əngəlləməyə çalışdığını bildirib:
 “Kayseridə baş verən cinayət və ondan istifadə edərək ölkəmizi qarışdırmaq istəyən təşkilatçıların kimliyi artıq hər kəsə məlumdur. Vəziyyəti gərginləşdirmək üçün sosial şəbəkənin imkanlarından da geniş istifadə olunub. Paralel olaraq Suriyada ordumuzun məsuliyyət bölgəsində mənəvi dəyərlərimizə, ölkəmizin qurumlarına hücumlar edildi. Əlbəttə, baş verənlərin hamısı bir-biri ilə əlaqəlidir. Proses ölkəmizin başçısının Suriya ilə normallaşma prosesi və Bəşər Əsədlə görüşün mümkünlüyü barədə açıqlamasından sonra başladı. Eyni zamanda bu, həm də cənab Ərdoğan ilə Putin arasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammiti çərçivəsində keçirilən görüşə verilən reaksiyadır, cavabdır. İmperialist güclər bölgədə qalmaq üçün Ankara və Dəməşq arasında münasibətlərin normallaşmasını, terror təşkilatlarının qidalandığı məzhəb və etnik kimliklə bağlı problemlərin həllini istəmirlər”.
  Yücel Karauz Türkiyənin bütün ssenarilərə hazır olduğunu və hədəfə çatmaq üçün öz yoluna davam edəcəyini vurğulayıb:
 “Müxtəlif xarici kəşfiyyat orqanlarının Türkiyə və Suriyada cinayətkar qruplardan istifadə edərək suyu bulandırması heç bir halda təsadüf deyil. Baş verən təxribatlar son deyil və yenə olacaq. Ancaq Türkiyə qurulan tələləri görə biləcək dərin dövlət təcrübəsinə və bunun qarşısını alacaq gücə sahibdir. Türkiyə həm münasibətlərin normallaşdırılması, həm də terrorizmlə mübarizə istiqamətində addımları qətiyyətlə davam etdirəcək”.
  Qeyd edək ki, Kayseridə bir suriyalı miqrantın öz qohumu olan 6 yaşlı uşağa təcavüz etməsi nəticəsində suriyalı miqrantlara qarşı böyük aksiya və etirazlar başlamışdı. Sosial şəbəkələrdə suriyalının 6 yaşlı türk qızına təcavüz etdiyi yalanı yayılmış və insanların hisslərinə toxunulmuşdu.      Buna görə də qızmış kütlə küçələrə çıxaraq, suriyalı miqrantları döymüş və onların ölkədən çıxarılmasını tələb etmişdi.
  Suriyada isə guya türk kişinin 6 yaşlı suriyalıya təcavüz etdiyi yalanı yayılmış, əhali türklərə qarşı qızışdırılmışdı, eyni zamanda, bəzi silahlı qruplar türk hərbi bazasına hücuma cəhd etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA