sedanews.az
sedanews.az

Bahalaşma xəbəri niyə bazar gecəsi verildi? - Səbəb budur

1-07-2024, 14:25 128 dəfə baxılıb


    Bugündən taksilərlə bağlı tələblər qüvvəyə minib: 8 ildən yuxarı maşınlara lisenziya verilməyəcək, salonda kamera olmalıdır, maşın Avro-5 tələblərində olmalıdır, sürücü bir çox sənəd almalıdır və s.
  Son məlumata görə, taksi fəaliyyəti üçün 24 min 482 nəfər müraciət edib, onlardan da yalnız 11 mini prosesi tam yekunlaşdırıb.
   Nazirimiz Rəşad Nəbiyev və millətimizin vəkili Tahir Mirkişilinin hazırda buraxılan Milli Məclisdə bu qanunu qəbul edərkən qarşıya qoyduqları problem artıqlaması ilə həll olunmaqdadır. Tahir Mirkişili demişdi ki, Bakıda 65 mindən çox taksi var ki, bu da paytaxtımız üçün həddən artıq çoxdur, bizə 20 min taksi bəsdir. Tahir müəllim bunu deyəndə Bakının əhalisini nəzərdə tuturdu – rəsmi olanı. Amma Bakıda rəsmidən iki dəfə artıq əhali yaşayır – o da qanunsuz olduqları üçün əcəb edib, onları hesaba almayıb.
   Yəni hədəf 20 min taksi idi – 10 minə düşüb, nəzərdə tutulan məqsədə ikiqat artıqlaması ilə əməl edilib.
   Olduqca xoş, təsirli bir prosesdir. Ancaq Bakı tıxacdan xilas olmur ki olmur! Buna görə də Tarif Şurası Aİ-92-nin qiymətini bir az qaldırdı, buna baxmayaraq, yenə səhər saatlarında sıxlıq vardı. Hələ yaydır, payıza doğru sıxlıq daha da artacaq.
  Əhali metro-marşrutlara meyil edir, orada da sıxlıq yaranıb. Rəşad Nəbiyev taksilər və yanacaqla bağlı qərar qüvvəyə minən günü marşrut-metronun da qiymətini 25% artırdı ki, əhali ictimai nəqliyyata axın edəcək, bunun qarşısını nisbətən alıb, sıxlığı azaltmaq lazımdır.
Bu da doğru qərardır – ancaq bu sabah işə gələndə yenə metro-marşrutlarda sıxlıq müşahidə edilirdi.
Əksər sərnişin də işə-zada gedən deyil: ya gecə rəfiqəsini yuxuda pis görüb, alayarımçıq yuxudan qalxıb, ona dəyməyə yollanır, ya evdə ürəyi sıxılıb, sübh çağı bulvar havasına qaçır...
Nə pik saatı var, nə adi: nə zaman baxırsan, Bakı küçələri maşınla, metro-marşrutlar sərnişinlə doludur. Balam, sizin işiniz-gücünüz yoxdur? Əgər işləyirsinizsə, tezdən gedin işə, axşam çıxın – bilək ki, pik saatlar var. Yox, işləmirsinizsə, nədir Bakını fır-fır fırlanırsınız? Niyə oturmursunuz evinizdə?
Bakının hər rayonunda iri-iri parklar salıblar. Odey, Bakı meri Sinqapurda elan elədi ki, Bakıda 10 meqaparkın salınması prosesinə start verilib. 10 meqapark ha! Mən şəxsən bir aydır o 10 meqaparkı axtarıram, tapa bilmirəm. Meriyaya da sorduq, deyəsən, onlar da yerini bilmir. Bax, hərə öz rayonunda çıxıb piyada gəzərək o meqaparkları axtarıb tapsa, həm sağlığına xeyirdir, həm də parkı kəşf edərlər, bizə də xəbər edərlər. Yoxsa yerindən duran qaçır bulvara, ya Xəqaniyə, yaxud Sahil bağına. Nə olub? Marşrut ucuzdur deyə, elə basırıq salmalısınız?
  Taksilərlə bağlı əhəmiyyətli irəliləyişə nail olmuşuq. A kişilər, adam da 500 metr yolu taksi ilə gedər? Ona görə cavan-cavan uşaqlar ürək çatışmazlığından ölür də. Bu qədər tənbəlliklə Marsa uça bilərsiniz?
  Gül kimi velosiped yolları tikilir. Biz nə edirik? Gedirik bulvara, pul verib, velosiped götürüb, əyləncə üçün bir-iki dövrə vurub, təzədən metro və taksi ilə geri qayıdırıq.
Velosiped yolu əyləncə üçündür? Alın velosipedi, gedin işinizə-gücünüzə - ekoloji təmiz, sağlam həyat, fiziki aktivlik – nə deyirsən var o velosipeddə!
  Ona görə taksi qiymətləri kəskin qalxmalı, paralel olaraq metro-marşrutlar da bahalaşmalıdır. Heç bir səbəbsiz marşruta, metroya minməyin qarşısı alınmalıdır.
  Gəzmək, istirahət etmək istəyirsinizsə - həftəsonları var, çıxın, piyada gəzin! Yoxsa “ürəyim sıxıldı” deyib, düşürsünüz şəhərin canına – o başa-bu başa...
  O ki qaldı marşrut-metro qiymətlərinin gecə qaldırılmasına və yaxud Tarif Şurasının bazar günü də işlədiyi haqda sosial şəbəkələrdə gülüş hədəflərinə, burda gülməli heç nə yoxdur! Gecə Aİ-92 benzininin cəmi 10 qəpik qalxmasından sonra sürücülər yanacaq məntəqələrinə axın etmişdilər – guya bir çən doldursalar, irəli düşəcəklər. İnanın, əgər cümə günü qərarı elan edib, 2 gün sizə vaxt versəydilər, bəziləriniz qiymət qalxacaq deyə, maşınına benzin vurub, bütün günü şəhərdə avara-avara fırlanacaqdı!
  Benzin təfəkkürümüz o gündədirsə, ictimai nəqliyyata münasibətimiz də elədir – eyni beyindir də gəzdiririk. Əminəm, əgər iki gün vaxt verilsəydi, 40 qəpikdən gəzmək üçün tökülüşəcəkdik metro-marşrutun canına. Bəziləri hətta bulvara gün boyu 6 dəfə gedib-gələcəkdi ki, qoy 40 qəpikdən azarımı öldürüm!
  Gedişhaqqı 2 manat olsa, əminəm ki, metro-marşrutda sıxlıq aradan qalxar. Həmçinin benzin qalxsa, bəlkə bekarçılıqdan maşına minib, Bakı küçələrində şütüyənlərdən, maqnitofona ən yüksək səsi verib, beynimizi yuyanlardan, ikitəkər qaldıranlardan, avtoşluq edib, həyatımızı təhlükəyə atanlardan canımız və yollarımız qurtular.
   İndi güman edirsiniz ki, mən zarafat edirəm?..
  • Müəllif
    Şeyx Teymur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA