BƏRDƏ FACİƏSİNİN QƏHRƏMANI — RƏŞAD ŞƏFİYEVİN ŞƏHADƏTİNDƏN 6 İL ÖTÜR

Bu gün, oktyabrın 28-də Vətən müharibəsi zamanı Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Rəşad Vaqif oğlu Şəfiyevin əziz xatirəsi ehtiramla yad edilir. Onun qəhrəmanlıqla dolu ömür yolu Vətənə sevginin, insan həyatına dəyər verməyin və peşə borcuna sədaqətin unudulmaz nümunəsidir.
2020-ci il oktyabrın 28-i Azərbaycan xalqının yaddaşına qanlı və kədərli bir gün kimi həkk olunub. Həmin gün Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində dinc sakinlər həlak olmuş, onlarla insan yaralanmışdı. İnsanların təhlükəsizliyini təmin etmək, dağıntılar altında qalanlara kömək göstərmək üçün ərazidə olan xilasedicilər də böyük təhlükə ilə üz-üzə idilər.
Məhz belə bir vaxtda öz xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hərbi qulluqçusu Rəşad Şəfiyev aldığı yaralardan şəhidlik zirvəsinə ucaldı. O, insanları xilas etmək missiyasını yerinə yetirərkən həyatını itirdi. Onun fədakarlığı bir daha göstərdi ki, qəhrəmanlıq yalnız ön cəbhədə silahla döyüşmək deyil, həm də təhlükənin ən ağır anında başqalarının həyatını qorumaq üçün irəli atılmaqdır.
Rəşad Vaqif oğlu Şəfiyev 1991-ci il oktyabrın 13-də Gəncə şəhərində anadan olub. 1997-ci ildə Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirib.
2010-cu ildə həqiqi hərbi xidmətə çağırılan Rəşad Şəfiyev Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edib. 2019-cu ilin iyul ayından etibarən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb.
O, məsuliyyəti, işinə ciddi münasibəti və vətənpərvərliyi ilə seçilib. Ailəli olan Rəşad Şəfiyevdən bir qız və bir oğlan övladı yadigar qalıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi dövründə Rəşad Şəfiyev yalnız hərbi qulluqçu kimi deyil, həm də insanların həyatını xilas etmək üçün çalışan fədakar bir xilasedici kimi mühüm vəzifələr yerinə yetirib.
2020-ci ilin oktyabrında Gəncə şəhəri Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalarkən Rəşad Şəfiyev dağıntılar altında qalan insanlara yardım göstərilməsi və axtarış-xilasetmə tədbirlərində fəal iştirak edib. Oktyabrın 4, 5, 8, 11 və 17-də Gəncədə həyata keçirilən xilasetmə işlərində iştirak etməsi onun təhlükəli şəraitdə belə öz vəzifəsindən geri çəkilmədiyini göstərirdi.
Oktyabrın 27-də Bərdənin raket atəşinə tutulmasından sonra da Rəşad Şəfiyev orada aparılan axtarış-xilasetmə tədbirlərinə qoşulub. Ertəsi gün — oktyabrın 28-də Bərdə yenidən raket hücumuna məruz qalıb. Dinc sakinlərin sıx olduğu ərazidə baş verən faciə zamanı xidməti vəzifəsini yerinə yetirən Rəşad Şəfiyev aldığı ağır yaralardan şəhid olub.
O, 2020-ci il oktyabrın 29-da doğulduğu Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Rəşad Şəfiyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi əməliyyatlarda iştirakına və üzərinə düşən xidməti vəzifələri şərəflə yerinə yetirməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bu gün onun yoxluğu ailəsi, doğmaları, dostları və onu tanıyan hər kəs üçün böyük itkidir. Lakin Rəşadın adı xalqımızın qəhrəmanlıq salnaməsində yaşayır. Onun yadigar qoyduğu övladları atasının şərəfli adı ilə fəxr edə bilərlər.
Şəhidlərimizin xatirəsini yaşatmaq, onların keçdiyi yolu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Çünki Vətən uğrunda canından keçənlərin qəhrəmanlığı heç vaxt unudulmur.
Allah Rəşad Şəfiyevin timsalında cəmi Şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: