sedanews.az
sedanews.az

Unudulmayan ömür, əbədi yaşayan ad-ŞƏHİD QADİR HEYDƏROV

Bugün, 11:53

    


      ŞƏHİD QADİR HEYDƏROV – 22 YAŞINDA ƏBƏDİYYƏTƏ QOVUŞAN VƏTƏN SEVDALISI
   Bu gün Vətən müharibəsi şəhidi Qadir Ədalət oğlu Heydərovun şəhadətə yüksəlməsindən 6 il ötür.
Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrinə adını yazdıran igid oğullarımızdan biri də Qadir Ədalət oğlu Heydərovdur. O, cəmi 22 il yaşadı. Lakin bu qısa ömürdə elə bir iz qoydu ki, adı illər keçsə də, xalqımızın yaddaşından silinməyəcək.

   Qadir Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində dünyaya göz açıb. İlk təhsilini Bakı şəhərindəki 59 saylı məktəbdə alıb, 5-ci sinifdən sonra təhsilini Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə davam etdirib. 2016-cı ildə orta məktəbi bitirib. Həmin ilin oktyabr ayında hərbi xidmətə yollanan Qadir 2018-ci ildə hərbi xidmətini başa vuraraq evə qayıdıb.
   2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Qadir Heydərov da tərəddüd etmədən səfərbərliyə qoşularaq ön cəbhəyə yollanıb. Onun üçün Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı hər şeydən üstün idi.
  Gənc döyüşçü Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının xatirələrində yüksək döyüş bacarığı ilə seçilən bir əsgər kimi qalıb.
  29 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı Qadir Heydərov şəhidlik zirvəsinə ucalıb. O, Vətən torpağının azadlığı uğrunda canından keçərək adını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdırıb.
  Qadir Heydərovun Vətən müharibəsində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə şəhid Qadir Heydərov ölümündən sonra :- «Vətən uğrunda» medalı; «Cəbrayılın azad olunmasına görə» medalı;«Qubadlının azad olunmasına görə» medalı; «Cəsur döyüşçü» medalı;  III dərəcəli «Vətənə xidmətə görə» ordeni təltiflərinə layiq görülüb.
   22 yaşlı şəhidimiz Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpağa tapşırılıb. Bu gün onun məzarı doğmalarının, yaxınlarının, həmçinin qəhrəman oğullarımızın xatirəsini yaşadan rayon içtimayyətinin ziyarətgahına çevrilib.
   Qadir Heydərovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində də addımlar atılıb. Cəlilabad rayonunda onun adını daşıyan küçə açılıb. Mehdiabad qəsəbəsində də onun xatirəsi yaşadılır.   Şəhidlik yalnız bir insanın həyatdan köçməsi deyil. Şəhidlik Vətən sevgisinin, sədaqətin və fədakarlığın ən ali nümunəsidir.
   Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini daim diqqət mərkəzində saxlayır. Rayon rəhbəri yalnız əlamətdar günlərdə deyil, Şəhid Heydərov Qadir-in timsalında bütün rayon Şəhidlərimizin doğum və anım günlərində də onların ailələrini, xüsusilə qəhrəman Vətən övladlarını böyüdüb boya-başa çatdırmış valideynlərini ziyarət edir, onlarla görüşür, qayğı və problemləri ilə maraqlanır. Bu görüşlər Şəhid ailələrinə göstərilən ehtiramın, onların dərdinə və həsrətinə şərik olmağın, qəhrəmanlarımızın xatirəsinin daim yaşadılmasının bariz nümunəsidir.
   Qadir Heydərovun ömrü yarımçıq qalsa da, onun Vətənə olan sevgisi, döyüş yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.
  Bu gün Şəhid Qadirin şəhadətindən altı il ötür. Altı il keçir, amma şəhidlərin yoxluğu ailələri üçün hər gün yenidən yaşanan bir ağrıdır. Bir ana üçün övlad itkisi, bir ata üçün oğul həsrəti zamanla ölçülmür.
  Qadir kimi igidlərimizin sayəsində bu gün Azərbaycan torpaqlarının azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda verilən mübarizənin qəhrəmanlıq salnaməsi yaşayır.
 Ruhun şad olsun, Vətən oğlu! Sənin kimi qəhrəmanlar unudulmur, adın tariximizin yaddaşında əbədi yaşayacaq!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! 
   Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA