ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu İrana qarşı əməliyyatların başlanğıcıdır. Bu sözləri
Axar.az-a açıqlamasında siyasi şərhçi
Turab Rzayev deyib.
Siyasi şərhçi Qərbin İsrail və Ukraynaya görə İranı cəzalandırdığını bildirib:
“Qərb İranı iki məsələyə görə cəzalandırmaq istəyirdi. Bunlardan birincisi Ukrayna məsələsidir. İranın müharibədə Rusiyaya dəstəyi hamımıza məlumdur. İkincisi isə HƏMAS-ın İsrailə hücumudur. Bu, Qərbdə çox ciddi narahatlıq və neqativ reaksiya doğurdu. Çünki sözügedən hücumla Qərbin ərəb ölkələri ilə İsrailin münasibətlərini normallaşdırma planları, eyni zamanda ABŞ-ın təklif etdiyi Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya birləşəcək İMEC layihəsinin gələcəyi təhlükə altında düşdü. Digər tərəfdən Ukrayna müharibəsindən diqqət yayındı və Yaxın Şərqə yönəldi. Fikrimcə, Qərb Ukrayna məsələsində geriləməni və İsrailə hücumu İrana bağışlamayacaq. Sizinlə müsahibələrimizdə İrana mütləq şəkildə hücumun olacağı haqqında danışmışdıq. Sadəcə hücumun motivi və kim tərəfindən hansı formada ediləcəyi bəlli deyildi. Suriya, İraq və Livanda İranın proksilərinə qarşı və son həyata keçirilən əməliyyat Qərbin rəsmi Tehranın tabeliyində olan bütün proksi qüvvələri regiondan söküb atmaq istədiyindən xəbər verir. Ölkə daxilində törədilən terror aktları İranın özünə qarşı hücum ehtimalını gücləndirir. İranı yeni bir münaqişəyə cəlb etmək üçün də proksilərə hücum edilə bilər. Bütün hallarda məqsəd İranı cəzalandırmaqdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.