sedanews.az
sedanews.az

“Yaxın Şərq NATO-su” qurula biləcəkmi?!

28-07-2022, 11:46 402 dəfə baxılıb


    İyulun 14-də ABŞ Prezidenti Co Bayden ilk Yaxın Şərq turu çərçivəsində İsraildə və Səudiyyə Ərəbistanında səfərdə oldu. Maraqlısı odur ki, Baydenin səfərə getdiyi hər iki ölkə regionun digər aparıcı ölkəsi olan İranın əsas geosiyasi rəqibləridir. Prezident Baydenin regiona səfəri həm Səudiyyə-İsrail diplomatik normallaşma prosesi, həm də İsrail və körfəz ölkələrinin (İraq, Misir, İordaniya daxil olmaqla) ortaq hava hücumundan müdafiə alyansı yaratmaq haqqında danışıqlar fonunda baş verdi. Yaxın Şərq Hava Müdafiə Alyansının (MEAD) əsas məqsədi region ölkələrini İranın ballistik raket hücumlarından və regionda fəaliyyət göstərən radikal Şiə milislərinin mümkün hücumlarından müdafiə etməkdir.
   İranın hökümət-yönümlü mətbuat orqanlarının bu təşəbbüsü "yararsız" olaraq təsvir etsələr də İsrail bu sistemin artıq işlək olduğunu və İraq ərazisindən atılan bir neçə raketi zərərsizləşdirdiyini qeyd edib. Alyansın əsas məqsədlərini nəzərə alsaq o zaman bu ittifaqı "Yaxın Şərq NATO"su olaraq da adlandırmaq mümkündür.
   Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin fikrincə, Rusiya-Ukrayna müharibəsi fonunda regional hərbi-siyasi alyansların rolu artmaqdadır. Qərb bloku özünün qeyri-NATO üzvü olan ərəb müttəfiq ölkələrini qorumaq üçün onları hərbi-texniki cəhətdən güclü olan İsrail ilə müttəfiqliyə sövq edir. Digər tərəfdən Rusiya-Çin-İran ittifaqı da güclənir. Hər üç ölkə artıq Qərblə konfrontasiyanın gücləndiyi ərəfədə uzunmüddətli hərbi-iqtisadi əməkdaşlıq üçün bir sıra müqavilələr imzalamaqla bərabər Fars körfəzində ortaq hərbi təlimlər təşkil ediblər.
  "Yaxın Şərq NATO"-sunun yaradılmasında isə ABŞ-ın məqsədi tədricən Yaxın Şərq bölgəsindən çəkilmək və əsas diqqət və resurslarını İran, Rusiya və Çinə yönəltməkdən ibarətdir. Yeni hərbi alyans ilə ABŞ körfəzdəki müttəfiqlərinin müdafiə bacarıqlarını artırmaq məqsədi (və ya "təhlükəsizlik yükünün bir hissəsini çiyinlərindən atmaq") güdsə də alyansın ilk mərhələdə qarşıya qoyduğu bütün məqsədlərə çatacağına inam olduqca zəifdir və bunun bir sıra səbəbləri var.
Bayden administrasiyası İsrail və ABŞ-da yəhudi lobbisinin İranın nüvə proqramı ilə əlaqədar daha sərt tədbirlər atması və İsrailin təhlükəsizliyi üçün əlavə təminatlar verməsi üçün təzyiqləri altındadır. Bu təzyiqlər xüsusilə qarşıdan gələn Konqres seçkiləri ərəfəsində xüsusi əhəmiyyətə malikdir. Baydenin səfərini, "Yaxın Şərq NATO"su və İrana qarşı digər potensial regional ittifaqlar təşəbbüslərinə dəstək bu tələblərin müəyyən dərəcədə qarşılanması kimi də qiymətləndirmək olar.ABŞ-ın körfəzdəki müttəfiqləri Vaşinqtonun onlara milli təhlükəsizlikləri ilə bağlı "möhkəm qarantiyalar" vermədiyini düşünürlər və İranla nüvə danışıqlarının davam etdirilməsi Vaşinqtonla müttəfiqlər arasındakı münasibətləri daha da gərginləşdirir. Bu səbəbdən körfəz ölkələri Vaşinqtonun etirazlarına baxmayaraq ayrılıqda Rusiya, Çin və İranla diplomatik təmasları qorumağa davam edirlər. Bu səbəbdən yaxın dövrdə "Yaxın Şərq NATO"sunun ABŞ-Körfəz ölkələri ilə və İranla münasibətlərinə bilavasitə təsir edəcək.
   Yaxın Şərqdə cərəyan edən bu hadisələrin əsas hədəfində İran olsa da, geosiyasi proseslər Cənubi Qafqaz regionundan da yan keçməyəcək. 2020-ci ildə II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Rusiyanın zəifləməsi ilə bərabər Türkiyənin rolunun artmasını və ABŞ/Aİ fəallaşmasını İran regionda güc balansının onun əleyhinə olan dəyişməsi kimi qəbul edir. Bu Tehranı Cənubi Qafqazda daha fəal və aqressiv siyasi kurs tətbiq etməsinə sövq edir.
  Digər tərəfdən "Yaxın Şərq NATO"-su nə qədər möhkəmlənərsə, bir o qədər İran öz diqqət və resurslarını bu alyansın neytrallaşmasına sərf etməyə məcbur ola bilər. İrana qarşı bu blokun təzyiqinin artması ehtimalı həm də Tehranda Cənubi Qafqaz ölkələri ilə bağlı müəyyən şübhələr yaradır. Bu kontekstdə İranın əsas hədəfi körfəz ölkələrinin üzv olduğu hərbi alyansın qarşısını almaqla yanaşı Cənubi Qafqazın da bu potensial ittifaqa qoşulmasına imkan verməməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA