Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA

May-iyun aylarında Xəzər dənizində qısa fasilələrlə bir neçə mikro və zəif zəlzələ qeydə alınıb. Ardıcıl təkanlar Xəzərdə seysmik aktivliyin artması ilə bağlı müəyyən suallar yaradıb. Son həftələrdə isə dənizdə zəlzələlərlə bağlı məlumatların azalması diqqət çəkir. Bundan əlavə, seysmik aktivliyin müəyyən dövrdə intensivləşməsi, daha sonra isə səngiməsi də bu prosesin hansı geoloji amillərlə bağlı olması məsələsini aktuallaşdırır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən seysmoloq Qulam Babayev bildirib ki, Xəzər dənizində seysmik aktivliyin müəyyən dövrlərdə artması və sonradan azalması təbii geoloji prosesdir və burada sensasion heç nə yoxdur.
Onun sözlərinə görə, Xəzər regionu mürəkkəb tektonik quruluşa malikdir və yer qabığında gərginliyin toplanması ilə boşalması fasiləsiz davam edir:
“Xəzər regionu mürəkkəb tektonik quruluşa malikdir. Burada müxtəlif qırılma sistemləri boyunca yer qabığında gərginlik toplanır və boşalır. Buna görə də müəyyən dövrlərdə ardıcıl mikro və zəif zəlzələlər qeydə alınır, daha sonra isə seysmik aktivlik müvəqqəti səngiyə bilər”.
Q.Babayev bildirib ki, may-iyun aylarında müşahidə olunan ardıcıl mikro zəlzələlərdən sonra aktivliyin azalması seysmik proseslərin təbii xüsusiyyətidir:
“Yer qabığında gərginlik müəyyən mərhələlərdə qırılmalar boyunca kiçik titrəmələr şəklində boşalır. Sonradan həmin sahədə gərginliyin bir hissəsinin azalması və ya prosesin başqa qırılma seqmentlərinə keçməsi nəticəsində zəlzələlərin sayı azala bilər. Lakin bunu "aktivlik tam dayandı" kimi qiymətləndirmək düzgün deyil. Seysmik proseslər fasiləsiz davam edir, sadəcə onların intensivliyi zaman-zaman dəyişir”.
Seysmoloq həmçinin vurğulayıb ki, ardıcıl mikro zəlzələlər nə bütün gərginliyin boşaldığını, nə də yaxın vaxtlarda güclü zəlzələnin olacağını göstərir:
“Ardıcıl zəif zəlzələlər gərginliyin müəyyən hissəsinin boşalması ilə əlaqəli ola bilər. Amma bunu "təhlükə aradan qalxdı" kimi də, yaxın zamanda güclü zəlzələ olacaq kimi də qiymətləndirmək olmaz. Belə ardıcıllıqlar bəzən böyük zəlzələdən əvvəl, bəzən isə heç bir güclü zəlzələ baş vermədən müşahidə olunur. Yalnız mikro zəlzələlərin sayına əsaslanaraq proqnoz vermək mümkün deyil”.
Onun sözlərinə görə, seysmik vəziyyət qiymətləndirilərkən əsas meyar zəlzələlərin sayı deyil:
“Qiymətləndirmə zamanı maqnituda, dərinlik, episentrlərin məkan üzrə paylanması, təkrarlanma xüsusiyyətləri və onların hansı tektonik qırılmalarla əlaqəli olması kompleks şəkildə təhlil edilməlidir. Məhz bu parametrlər obyektiv mənzərə yaradır”.
Q.Babayev qeyd edib ki, son vaxtlar zəlzələ xəbərlərinin azalması Xəzərdə seysmik proseslərin dayanması demək deyil:
“Mikro zəlzələlərin böyük əksəriyyəti insanlar tərəfindən hiss olunmur və yalnız seysmik stansiyalar tərəfindən qeydə alınır. Buna görə də "zəlzələ xəbərləri azalıb" ifadəsi "Xəzərdə seysmik aktivlik yoxdur" anlamına gəlmir”.
Seysmoloq onu da əlavə edib ki, seysmik təhlükə ilə bağlı nəticələr qısamüddətli müşahidələrə əsasən çıxarıla bilməz:
“Əsas məsələ ayrı-ayrı zəif zəlzələlər deyil, uzunmüddətli seysmik rejimdir. Bir neçə həftəlik və ya aylıq sakitlik əsasında regionda seysmik təhlükənin aradan qalxdığını və ya güclü zəlzələnin yaxınlaşdığını söyləmək elmi cəhətdən əsaslandırılmış olmaz. Ən düzgün yanaşma seysmik monitorinqin davam etdirilməsi və aktiv tektonik qırılmalar üzrə dəyişikliklərin sistemli şəkildə izlənilməsidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: