sedanews.az
sedanews.az

“Bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir”

12-03-2021, 11:53 560 dəfə baxılıb

“Bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir”

            Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilən və ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisəyə çevrilən VII qurultayında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev videoformatda İkinci Qarabağ müharibəsindəki qələbəmizdən danışarkən demişdir: “Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”. 

          Əlbəttə ki, bu qələbəyə uzun və çətin bir yol gəlirdi. Dövlət başçısı İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsini dilə gətirmiş, heç vaxt Azərbaycan xalqının işğalla barışmayacağını, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini, beynəlxalq münasibətlərdə dövlətin prioritetlərinin yalnız milli maraqlarla müəyyən olunacağını, bizə hansısa yarımçıq sülh müqaviləsinin lazım olmadığını dünya ictimaiyyətinə çatdırır, bununla da göstərirdi ki, Azərbaycan mövcud vəziyyətlə barışmır və bu problem gec-tez sülh yolu ilə olmasa, hərbi yolla həllini tapacaq. Azərbaycan iqtidarı verdiyi vədlərə sadiq olduğu üçün deyilən sözlər əməllə möhkəmləndirilirdi. Həm ümummilli lider Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev iqtisadi gücün artırılmasına hazırlıq və siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt kimi yanaşırdılar... Bu gün Azərbaycanın iqtisadi və hərbi gücü bölgədəki siyasəti kökündən dəyişdi... 

İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi lazım idi. Məhz buna görə də siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Əgər əvvəllər əsas baza ancaq BMT Təhlükəsizlik Şurasının icra edilməyən qətnamələri idisə, uzun müzakirələrdən sonra 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası bizi qane edən və bizim üçün qətnaməsi hüquqi baza olan qətnamə qəbul etdi. BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri də buna oxşar qərar, qətnamələr qəbul etmişdirlər. Bunun nəticəsində Avropa İttifaqı ilə bundan əvvəl imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədinə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəanın saldırılması mümkün olmuşdur. Üzvlərinin sayına görə ikinci təsisat olan Qoşulmama Hərəkatına üzv olduq. “Müharibə dövründə bizə qarşı BMT Təhlükəsizlik Şurasında çirkin kampaniya aparılan zaman hazırlanan qətnaməni məhz Qoşulmama Hərəkatına üzv ölkələr pozdular və bizi müdafiə etdilər”. Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Qoşulmama Hərəkatının Zirvə görüşü, Türk Şurasının Zirvə görüşü, BMT-nin xüsusi sessiyası keçirildi. 

       Beynəlxalq müstəvidə fəal mövqe, qlobal təşəbbüslər, daxili sabitlik Azərbaycana çoxlu sayda tərəfdaş qazandırmaqla yanaşı xaricdən investisiyaların qoyulmasını da artırır. Təsadüfi deyil ki, “Doing Business” proqramında respublikamız qabaqcıl ölkələr sırasındadır. 

       Dövlət başçısı prioritetlər arasında qonşu ölkələrlə əməkdaşlığımızın xüsusi yerə malik olduğunu, Avropa İttifaqı ilə sıx əlaqələrin nəticəsində İttifaqa üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlərin imzalandığını vurğuladı. 

        2019-cu il oktyabrın 15-də Bakıda Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilən VII Zirvə Görüşündə sədrliyi Azərbaycana keçən Türk Şurası bir təşkilat kimi BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox mötəbər tədbirlərdə olduğu kimi, burada da Azərbaycanın müstəqillik tarixinin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi İrəvanın destruktiv siyasətinə görə irəliləyişin olmamasından, Ermənistanın 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsindən, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparıldığından, Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimizin dağıdılmasından, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışmışdır. 

Dövlət başçısı Ermənistanın müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışmasını, ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıtdığını vurğulayaraq qeyd etmişdir ki, belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilməz və dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir...

“Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” – deyən Azərbaycan Respublikasının prezidenti cənab Ali Baş Komandan İlham Əliyev cəmi bir il sonra torpaqlarımızı hərbi yolla işğaldan azad edir və bölgənin mənzərəsini dəyişməklə yanaşı yeni beynəlxalq iqtisadi layihələrə, tərəfdaşlıqlara da yol açır. 

Təsadüfi deyil ki, elə müharibənin ilk günlərində (28 sentyabr 2020-ci il) Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyevin adından Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən bəyanat yayıldı. 

Azərbaycanın Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı altında Vətən müharibəsindəki inamlı qələbəsi həm ölkəmizin, həm də dövlət başçımızın dünya miqyasında nüfuzunu daha da artırdı. Bu isə Azərbaycanın iştirakçısı olduğu beynəlxalq siyasi, iqtisadi əməkdaşlığın, regional və qlobal əhəmiyyətli layihələrin daha böyük uğurlarla nəticələnməsinə geniş imkanlar açır.

Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru, türkoloq Güllü Yoloğlu







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA