Bakıda fırıldaq şəbəkəsi: "İşbazlar"ın toruna düşən çarəsizlər və "Görünməyən" piramidalar
Bu gün paytaxtımızda elə bir küçə, elə bir fəvvarə tapmaq çətindir ki, orada kiməsə "yüksək gəlirli iş" vəd edən vizitkartlar, elanlar paylanmasın. İnternet məkanı isə ümumiyyətlə bu növ fırıldaqçılığın ocağına çevrilib. İnsanların işsizliyindən, maddi sıxıntılarından və bəzən də sadəlövhlüyündən istifadə edən "işbazlar" qurduqları tor vasitəsilə küllü miqdarda vəsait mənimsəyirlər.
Bəs necə olur ki, bu şəbəkələr illərdir rahat şəkildə, göz qabağında fəaliyyət göstərir və onların fəaliyyətinə yalnız iş-işdən keçəndən sonra son qoyulur?
Bu fırıldaqçı qrupların illərdir sınaqdan keçmiş və saat kimi işləyən xüsusi bir mexanizmi var. Proses adətən belə idarə olunur: Süni sıxlıq və növbə effekti: Zəng edən hər bir iş axtarana fərqli saatlar təyin edilir. Ofisə daxil olanda elə bir təəssürat yaradılır ki, sanki bura ölkənin ən nüfuzlu, ən çox tələbat olan holdinqidir. Psixoloji portretin çıxarılması ("Bişirmə"): Gələn şəxsin psixoloji vəziyyətini, çarəsizlik dərəcəsini ölçmək üçün daxildə xüsusi "mütəxəssislər" ayrılır. Çox vaxt qurbanla söhbətə manipulyasiya və inandırma qabiliyyəti yüksək olan qadın əməkdaşlar göndərilir. Şişirdilmiş xəyallar və əmlak satışı: Qurbana elə bir illüziya təqdim olunur ki, insan sanki bir neçə aya milyonçu olacağına inanır. "3200 dollar qoy, heç nə etmədən ayda 36.000-40.000 manat qazan, işin ancaq reklamdır" nağılına inandırılan vətəndaşlar son məqamda evlərini, maşınlarını satır, qohum-əqrəbadan borca girirlər. Zəncirin son halqası: Pulu batandan sonra fırıldaqçılar qurbanı tələbə oturdurlar: "Pulunu çıxarmaq istəyirsənsə, sən də bizim kimi işləyib bura adam gətirməlisən". Beləliklə, aldadılan şəxs özü də fərqinə varmadan bu cinayət şəbəkəsinin bir ortağına çevrilir.
Bu cür şirkətlərin "çiçəklənməsində" və illərlə fəaliyyət göstərməsində tək bir tərəfi günahlandırmaq sadəlövhlük olardı. Burada bir neçə tərəfin birbaşa və ya dolayısı ilə məsuliyyəti var
| Məsuliyyət daşıyan tərəflər | Rolu və səhlənkarlığı |
| Sahə müvəkkilləri və yerli orqanlar | Hər hansı bir ərazidə yüzlərlə insanın gün ərzində axışdığı, səs-küyün, şikayətlərin yarandığı ofisləri "görməmək" mümkün deyil. Çox vaxt sahə müvəkkilləri və aidiyyatı qurumlar rəsmi şikayət olana qədər prosesə göz yumurlar. |
| İcarədarlar (məkan sahibləri) | Obyektini yüksək məbləğə icarəyə verən sahibkarlar daxildə hansı qanunsuzluğun baş verdiyini araşdırmır. Onlar üçün əsas meyar pulun vaxtında ödənilməsidir. |
| Vətəndaşların maariflənmə səviyyəsi | "Heç nə etmədən minlərlə manat qazanmaq" təklifinin real olmadığını anlamaq üçün dərin iqtisadi biliyə ehtiyac yoxdur. Lakin çarəsizlik insanı kor edir. |
Ən çox sual doğuran məqam budur: Niyə yüzlərlə insan aldadılmalı, milyonlarla vəsait mənimsənilməli, evlər satılmalıdır ki, hüquq-mühafizə orqanları hərəkətə keçsin?
Bunun əsas səbəbi hüquqi boşluqlar və bu şəbəkələrin müqavilə fırıldaqçılığıdır. Onlar vətəndaşa pulu ödətdirərkən hansısa "Xidmət müqaviləsi" və ya formal bir məhsul satışı sənədi imzalatdırırlar. Hüquqi baxımdan ilk baxışda hər şey "könüllü ticarət" kimi rəsmiləşdirilir. Nəticədə, polisə ilkin müraciətlər olunanda çox vaxt bu, "mülki münasibət" kimi qiymətləndirilir və tərəflər məhkəməyə yönləndirilir.
Cəza mexanizmi yalnız qurbanların sayı kütləvi hal alanda, sosial partlayış və rezonans yarananda "Dələduzluq" (Maddə 178) maddəsi ilə cinayət işinə çevrilir. Amma bu zaman da iş-işdən keçmiş olur: fırıldaqçılar pulları çoxdan ölkədən çıxarmış və ya gizlətmiş olurlar. Aldadılan sadə vətəndaş isə illərlə məhkəmə dəhlizlərində süründürməçiliyə məruz qalır, itirdiyi əmlakını geri ala bilmir.
Paytaxtın mərkəzində insanları qanuni yolla qarət edən bu "ofislər" mənəvi terror mərkəzləridir. Dövlət qurumlarının preventiv (önləyici) tədbirlər görməsi, şikayətin kütləviləşməsini gözləmədən bu cür şübhəli fəaliyyətləri dərhal yoxlaması şərtdir. Əks halda, bu gün qonşusunun evinin satılmasına seyirçi qalanlar, sabah öz övladlarının bu tora düşməyəcəyinə zəmanət verə bilməzlər. Sevinc Salehqızı
Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: