Qarabağda bərpa başladı: “Ağıllı kənd” layihəsi
İşğaldan azad edilmiş torpaqlarımızda müasir tipli kəndlərin qurulması və bərpası prosesinə start verildi. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 14-də Zəngilan, Füzuli, Cəbrayıl və Laçın rayonlarında səfərdə olublar. Prezident İlham Əliyev Zəngilan rayonunun kəndində ilk “Ağıllı kənd” projesinin əsasını qoyub.Bu proses cənub sərhədindən başladı. Torpaqların azad edilməsi də o istiqamətdən başlamışdı. Sonradan hansı bölgələr, qəsəbə və kəndlər bərpa ediləcək? İlkin hesablamalara görə bərpa prosesinə nə qədər maliyyə lazım olacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Vahid Əhmədov Musavat.com-a açıqlamasında bu addımların çox müsbət və vacib addımlar olduğunu bildirib:
“Cənab Prezidentin iş qrafiki, gündəmi kifayət qədər sıxdır. Amma bütün bunlara baxmayaraq, o, tez-tez işğaldan azad olunmuş rayonlarımıza səfər edir. Hər səfərində də bir ciddi layihənin təməlini atır. ”Ağıllı kənd" layihəsinin əsasını isə budəfəki səfərində qoydu. Cənab Prezident qeyd elədi ki, bütün işğaldan azad edilmiş rayonlar üzrə layihələr hazırlanır. Hər bir rayonun baş planı hazır olan kimi bütün rayonlarda bu işlərə başlanılacaq. Prezident faktiki olaraq məhz o zonaya getdiyi üçün ilk addım kimi Zəngilan rayonunun kəndində “Ağllı kənd” layihəsinin təməli qoyuldu. Bu layihə bir rayonla kifayətlənməyəcək və kifayətlənmək də lazım deyil. Bu, bütün rayonlarda həyata keçiriləcək və keçirilməlidir. Sürətli tikinti işləri həyata keçirilməlidir ki, biz qısa müddətdə - heç olmasa 2 il müddətində həmin ərazilərdə yaşayış üçün müəyyən şəraiti yaradaq".
Deputatın sözlərinə görə, azad olunmuş bütün kənd və rayonlarımızda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihəsinin reallaşdırılması üçün çox böyük məbləğdə vəsait lazımdır:
“Söhbət 1-2 milyarddan getmir. Burada 10 milyarddan yuxarı vəsaitdən söhbət gedir. Çünki ermənilər o kəndləri, şəhərləri faktiki olaraq tamamilə məhv ediblər. Hər şey sıfırdan başlanmalıdır. Öncə ərazilər minalardan təmizlənməlidir, sonra kütləvi tikinti-quruculuq işləri həyata keçirilməlidir. İşlər bütün rayonlarda paralel olaraq aparılmalıdır. İnsanların bəzilərində ”Ağıllı kənd" layihəsi nə deməkdir" kimi fikirlərə rast gəlinir. “Ağıllı kənd” müasir tələblərə cavab verən, faktiki şəhər statusuna yaxın kənddir. Şəhər tipli kəndlər və qəsəbələrdən söhbət gedir. Cənab Prezident deyib ki, biz Qarabağı elə tikib qurmalıyıq, o heç də bizim digər mərkəzi şəhərlərimizdən fərqlənməsin, nümunə olsun".
Vahid Əhmədov onu da vurğuladı ki, Prezidentin bu cür səfərləri çox böyük siyasi əhəmiyyət kəsb edir: “Cənab Prezident Laçında da oldu və dövlət bayrağımızı qaldırdı. Bununla da Azərbaycanın dövlət başçısı demək istəyir ki, düşmən məğlubiyyəti ilə barışmalıdır və Ermənistan qalan ərazilərimizi də yavaş-yavaş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanımalıdır. Ermənistan nə qədər tezliklə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsa, o qədər Ermənistanın özünün vəziyyəti tez yaxşılaşa bilər”
Axar.az .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.