Zəfər yolunun minalardan tamamilə təmizlənəcəyi vaxt AÇIQLANDI
“2020-ci ilin sentyabrın 27-dən bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.
“10 kilometr uzunluğunda Çaylı-Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 35 kilovoltluq elektrik xəttinin, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda həmin istiqamətlər elektrik enerjisi ilə təmin olunub”, - deyə o qeyd edib.
İ. İsmayılovun sözlərinə görə, hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir:
“Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Ağdam dəmiryolu xətti, Füzuli-Zəngilan-Ağbənd istiqamətində olan xətlərin təmizlənməsi həyata keçirilir.
O cümlədən, Füzuli-Şuşa avtomobil yolu və Zəfər yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.