sedanews.az
sedanews.az

Həsənlinin qızının gizli videosunu yayanlar… - Millət vəkili

30-03-2021, 15:04 36 dəfə baxılıb

Həsənlinin qızının gizli videosunu yayanlar… - Millət vəkili




Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Cəmil Həsənlinin qızına aid olduğu iddia edilən videomateralın yayılması ilə bağlı məsələyə münasibət bildirib.
Axar.az xəbər verir ki, Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bir azərbaycanlı kimi baş verənlərdən narahatlıq keçirdiyini bildirib:
“Həm ölkə Konstusiyasına görə, həm də mənəvi baxımdan başqalarının şəxsi həyatına bu dərəcədə müdaxilə etmək olmaz. Biz Şərq ölkəsiyik, özümüzə məxsus milli mentalitetimiz var, müsəlmanıq və bizim ölkədə ailə, qadın toxunulmazdır. Məhz bu səbəbdən, bu gün Azərbaycanda iqtidarı ittiham edən qüvvələrə zaman-zaman müraciət edirdim ki, siz xaricdə oturub iqtidar təmsilçilərinin ailələrini ağır formada təhqir edən insanları cəmiyyətə “bloger” kimi təqdim etməyin. Onlarla aranızda məsafə saxlayın, onların fəaliyyətini pisləyin və bəyan edin ki, əxlaqi dəyərləri ayaqlar altına atan insanlarla siyasətçi olaraq nə bu gün, nə də gələcəkdə bir yerdə ola bilmərik. Açıq şəkildə deyin ki, əgər hakimiyyətə gəlmək imkanımız olarsa, o zaman belələri mütləq məsuliyyətə cəlb olunacaq, qanunvericiliyə uyğun formada cəzalandırılacaqlar. Bunun qarşılığında isə çox təəssüf ki, “daha əxlaqlı və demokratik cəmiyyət uğrunda mübarizə apardıqlarını” bəyan edərək başqalarının tapşırıqlarını yerinə yetirənlər susmağa üstünlük verdilər. Bəziləri isə həmin internet TV-lər vasitəsi ilə belələrini xalqa “bloger” kimi təqdim etməyə çalışdı. Onların davranışlarında “pis heç nə görmədiklərini” vurğuladılar. Onları “qəhrəman” kimi Azərbaycan xalqına təqdim etməyə cəhd göstərdilər. Elə bu videomaterial yayılmamışdan öncə də biz növbəti dəfə belə yanaşmaları müşahidə etdik. Amma “qırmızı xətt”i keçənlər, başqalarının ailə üzvlərini təhqir edənlər və onlara dəstək verənlər başa düşməliydilər ki, cəmiyyətdə hər kəs bundan ziyan görəcək. Vaxtilə Milli Məclisin plenar iclasında çıxış edərkən demişdim ki, heç bir namuslu kişi başqasının ailəsinə dil uzatmaz, başqasının xanımını, uşağını təhqir etməz. Nə qədər gerizəkalı və hətta əxlaqsız olsan da, başa düşməlisən ki, əgər sən başqalarının ilə üzvlərini təhqir edirsənsə, o zaman sənin ailə üzvlərini bundan beşqat artıq söyüb təhqir edəcəklər, aşağılayacaqlar. Əgər sən başqasını söyürsənsə, o zaman belə anlaşılır ki, həmin söyüşləri özün də qəbul etməyə hazırsan. Bu fikirləri mən parlament kürsüsündən səsləndirmişəm, stenoqramlarda, iclasdan hazırlanan reportajlarda bütün bunlar qalır”.
BAXCP sədri mənəvi dəyərləri tapdalayan, əxlaq normalarını ayaqlar altına atan, mənəvi sərhədləri aşan şəxslərin öz həyatlarını da təhlükə qarşısında qoyduqlarını və bunun fərqində olmadıqlarını deyib:
“Biz bilirik ki, həm xaricdə, həm də daxildə Azərbaycanda sabitliyi pozmaq istəyən, mənəvi dəyərləri aşındırmağı, cəmiyyəti tamamilə deqrodasiyaya uğratmağı arzulayan və bununla da ölkəmizi uçuruma yuvarlatmağa çalışan müəyyən qüvvələr var. Həmin qüvvələr tərəfindən bu insanların həyatına qəsd oluna, ailələrinə, qadınlarına aid materiallar toplanılıb müxtəlif resurslar vasitəsilə yayımlana bilər. Bunu xarici dövlətlərin xüsusi xidmət orqanlarının da, daxildə sabitliyi pozmaq istəyənlərin də etməsi mümkündür. İndi ölkəmizin daxilində bir dialoq mühiti yaranıb və bu mühiti pozmaq istəyən qüvvələr istənilən an hərəkətə keçə bilərlər. Bu baxımdan da həmin adamlar ciddi şəkildə düşünməlidirlər. Anlamalıdırlar ki, onlar özlərini Azərbaycan hökumətinin deyil, təxribatçı dairələrin hədəfinə çevirirlər. Bu formada mübarizə apardığını deyən, əslində isə əxlaqsızlıqla məşğul olan insanlar ciddi şəkildə qınanmalıdırlar. Əgər kim əxlaqlı, sivil mübarizə üsulunu məqbul sayırsa, belələrini qınamalıdır. Amma biz nəyin şahidi oluruq? Bəzən hansısa internet TV-də özünü qadın hesab edən birisi söyüş söyənləri ətrafına toplayıb dişini ağarda-ağarda onların təhqirlərindən zövq aldığını nümayiş etdirir. Və sonra da iddia edir ki, guya o demokratiya və yüksək dəyərlər uğrunda mübarizə aparır. Bütün bunlar bizim cəmiyyətimiz üçün çox üzücü hallardır və belə halları qətiyyətlə pisləyirəm, lənətləyirəm və hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu videonun kimlər tərfindən yayımlandığını, necə yayıldığını araşdırmalı, günahkarları tapmalı və çalışmalıdırlar ki, həmin şəxslər layiqli cəzalarını alsınlar”.
BAXCP sədri bir neçə il öncə “BBC Azərbaycanca”dan insan səsini və üzünü klounlaşdıran, müxtəlif, o cümlədən intim videolarda insanların üzünü yüksək dəqiqliklə dəyişən təhlükəli tətbiqlərin, proqramların yaradıldığı barədə məlumat oxuduğunu qeyd edib:
“Doğrudur, belə tətbiqlər qadağan edilsə də, reallıqda mövcuddurlar və gizli yollarla onları əldə etmək mümkündür. Ən qorxulusu odur ki, belə hallar ölkədə geniş vüsət ala bilər. Bu baxımdan, hesab edirəm ki, hər kəs papağını qarşısına qoyub ciddi şəkildə düşünməlidir. Necə etməliyik ki, cəmiyyətimizin bu şəkildə çirklənməsinə imkan verməyək? Nə etməliyik ki, birgəyaşayışı təmin edilməsində müstəsna yera sahib olan dəyərlər sıradan çıxarılmasın, əxlaq normalarının pozulması adi hala çevrilməsin? Amma diqqət yetirirəm ki, radikal düşərgədə təmsil olunan bəzi şəxslər yalnız Cəmil Həsənlinin müdafiəsinə qalxıblar, yalnız onun mənəvi terrorla üzləşdiyini deyirlər. Amma Cəmil Həsənli ilə əks düşərgədə təmsil olunan şəxslərə, iqtidar nümayəndələrinə, yaxud iqtidarı müdafiə edənlərə qarşı alçaldıcı, təhqiredici informasiyalar yayılanda radikal düşərgə təmsilçilərinin belə halları pislədiyini, lənətlədiyini müşahidə etmirik. Belə olmamalıdır. “Mənim rəqibimi söyən şəxs “mübarizdir”, “qəhrəmandır”, “haqq-ədalət uğrunda mübarizə aparır”, məni, yaxud mənimlə eyni düşərgədə təmsil olunan başqa birisini söyənlər isə əxlaqsızlıqla, mənəvi terrorla məşğuldurlar” kimi yanaşmalar olduqca təhlükəlidir və cəmiyyəti ayaqda saxlayan, birgəyaşayışı təmin edən mənəvi dəyərlərin sıradan çıxıralmasına xidmət edir. Əgər cəmiyyətimizdə bu kimi halların baş verməməsini istəyiriksə, oz zaman əxlaqi dəyərtlərə olan münasibətimiz ayrı-ayrı şəxslərə, onların siyasi baxışlarına görə dəyişməməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA