Azərbaycanda teatrlara maraq azalıb - STATİSTİKA
Bu gün ölkəmizdə Milli Teatr Günü qeyd edilir. İlk dəfə 102 il əvvəl -1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulması ilə Azərbaycanda bu sahənin əsası qoyulub. Tamaşanın səhnələşdirilməsində Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun xüsusi payı olub.
AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Bu dövrdə teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Müstəqillik dövründə ilk göstərilən tamaşa 1918-ci il noyabrın 4-də Nərimann Nərimanovun "Nadir şah" faciəsi olub. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi və repertuarı genişləndi.
Teatr, bir cəmiyyətin mədəniyyətinin inkişafında, insanlarda estetik zövq və düşüncə çərçivəsinin gənişlənməsində mühüm rol oynayır. Səhnədə canlandırılan hər bir tamaşa ictimai şüura təsir edərək insanlarda yeni fikir formalaşdıra, empatiya hissini artıra bilər. Teatrlar sadəcə incəsənət məkanı hesab edilmir, həm də ictimai diskussiyaları formalaşdıran bir platformadır. Məhz bu səbəbdən teatr sayı və ona olan maraq bir ölkənin mədəni səviyyəsinin göstəricisi kimi dəyərləndirilir. Ancaq son illərin statistikaları göstərir ki, ölkəmizdə teatr sahəsinə maraq o qədər də yüksək deyil.
sedanevs.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə ölkəmizdə 29 peşəkar teatr fəaliyyət göstərib. Teatra gələnlərin sayı isə bir il ərzində 430 min olub. Bu da o deməkdir ki, hər 1000 nəfərdən sadəcə 42-i teatra gedir. Ölkəmizdə son 5 ildə ən çox teatra maraq pandemiyadan əvvəlki dövrə - 2019-cu ilin payına düşür. Belə ki, həmin il 645 min insan teatra gedib ki, bu da hər 1000 nəfərdən 65-nin teatra getməsi deməkdir. Pandemiya dövründə isə karantin rejimi səbəbindən teatrlara gedənlərin sayında ciddi azalma müşahidə olunub. Belə ki, 2020-ci ildə 135 min, 2021-ci ildə isə 145 min insan teatra gedib. Bu da hər 1000 nəfərdən 14-nün teatra getdiyi mənasına gəlir.
Gürcüstanda isə vəziyyət daha fərqlidir. Gürcüstanın Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Gürcüstanda 53 peşəkar teatr fəaliyyət göstərib, onlardan 42-si dram, musiqili, komediya və miniatür, 7 - i kukla, 2 - i opera və balet, 2-i isə uşaq və gənclər teatrıdır. Teatrların əksəriyyəti - 52,8 faizi Tbilisidə yerləşir. Türkiyədə isə hazırda 808 teatr fəaliyyət göstərir. Son statistikalara görə 1 il ərzində Türkiyədə teatra gedənlərin sayı 6 milyon 279 bin 512 olub.
Teatr bir millətin incəsənətə, düşüncə azadlığına və mədəni inkiafına verdiyi dəyərin aynasıdır. Lakin teatrların azlığı və tamaşaçı sayının aşağı olması cəmiyyətdə teatr mədəniyyəti lazımi şəkildə formalaşmamasına gətirib çıxarır. Az teatr məkanları və az tamaşa teatr sahəsində fəaliyyət göstərən yaradıcı insanlara da məhdud imkanlar yaradır, bu səbəbdən aktyor və rejissorlar bəzən bu sahəni tərk etməyə məcbur qalırlar. Belə bir vəziyyətdə teatra olan marağı artırmaq, onu daha cəlbedici etmək üçün həm dövlətin, həm də cəmiyyətin səy göstərməsi vacibdir. İnsanların mədəniyyətə və incəsənətə yaxınlaşması, dünyagörüşlərinin genişlənməsi üçün teatr hər zaman aktual olmalı və dəyərləndirilməlidir.