Deputat: “ATƏT-in Minsk Qrupuna müraciət etmək lazımdır”
Deputat: “ATƏT-in Minsk Qrupuna müraciət etmək lazımdır”
“Gədəbəy zonasında təxminən 300 nəfərə, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxs var. Bu adamlar müharibədə iştirak ediblər, lakin müəyyən səbəblərə görə, onlara hər hansı statusun verilməsi məsələsi öz həllini tapmayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Deputat vurğulayıb ki, təxmini hesablamalara görə, Azərbaycanda 80 minə yaxın veteran 80 manat məbləğində aylıq müavinət alır.
A.Nağıyev onu da qeyd edib ki, həm Tovuzda, həm də Gədəbəydə Ermənistan ordusu tərəfindən atəş altında saxlanılan torpaq sahələri var:
“Bu baxımdan da, insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmir. Bu, həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı, ATƏT-in Minsk Qrupuna müraciət etmək lazımdır ki, atəşkəs rejiminə əməl edilsin. Həmçinin, təklif edərdim ki, Ermənistanla həmsərhəd həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın”.