Bu müəssisələr Təhsil Nazirliyinə qaytarılmalıdır
Məktəbəqədər təhsil müəssiəsələrinin yerli icra hakimiyyəti orqanlarından alınıb Təhsil Nazirliyinə verilməsi artıq zərurətə çevrilib. 9 ildən sonra uşaq bağçalarının yenidən nazirliyin tabeliyinə verilməsi təhsil adına bir uğur olardı.Bu sözləri
Axar.az-a təhsil eksperti Elşən Qafarov uşaq bağçalarının yerli icra hakimiyyəti orqanlarından alınıb Təhsil Nazirliyinin tabeliyinə verilməsi haqda müzakirələrə münasibət bildirərkən deyib. Təhsil eksperti bildirib ki, məktəbəqədər təhsil müəssisələrinə yerli icra orqanlarının nəzarət etməsi təhsildə dövlət siyasətinin əsas prinsiplərindən biri olan fasiləsizliyin pozulmasına gətirib çıxarır:
“Ona görə də biz bununla bağlı dəfələrlə məsələ qaldırır, bağçaların yenidən nazirliyin tabeliyinə verilməsini təklif edirdik”.
E.Qafarov bildirib ki, təhsilin bütün pillələri bir mərkəzdə birləşməli, bir mərkəzdən idarə olunmalıdır:
“Hətta Ombudsmanın da bu məsələyə toxunması göstərir ki, artıq hökumət də bağçaların nazirliyin tərkibinə verilməsini daha məqsədəuyğun hesab edir. Yerli icra hakimiyyəti orqanları məktəbəqədər təhsil müəssisələrinin işinə ümumi nəzarəti düzgün təşkil edə bilmir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları təhsillə bağlı olan bir qurum deyil. Heç yerli icra orqanlarında belə bir sistem yaradılması da mümkün deyil”.
Qeyd edək ki, Ombudsmanın parlamentdə bu barədə hesabatından sonra bir çox ekspertlər uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələrinin Təhsil nazirliyinə verilməsi təklifini dəstəkləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.